İnsanlara hürriyət, millətlərə istiqlal!

3 günə Kiyevi tutacaqdılar, 4 il sonra Moskva yanır... – BMT-də KRİTİK müzakirə

Düz 5 ay sonra Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin 5 ili tamam olacaq. Ancaq hələ də məlum deyil ki, o vaxta XXI əsrin ən böyük savaşı bitəcək, ya yox? Rusiya nəhayət, öz maksimalist tələblərindən geri çəkilib atəşkəsə razı olacaqmı?

Bu arada Ukraynanın xarici işlər naziri Andrey Sibiqa rusiyalı həmkarı Sergey Lavrovun BMT iclasındakı çıxışını sərt tənqid edib. Öncə o, Lavrovun müharibənin davam etməsində prezident Vladimir Putindən savayı hamını günahlandırdığını söyləyib: “O, müharibənin davam etməsinin bir çox səbəbini göstərdi. Ukraynanı, ABŞ-ı, Qərbi, NATO-nu günahlandırdı, təkcə Putindən başqa”.

Sbiqa habelə Moskvanın mövqeyinin son illərdə dəyişmədiyinə diqqət çəkərək deyib: “Mən Lavrovun darıxdırıcı nağıllarını və manipulyasiyalarını dinləməyə çalışdım”. Ardınca ona 3 sual ünvanlayıb: “Birincisi, niyə sizin prezidentiniz müharibəni indi bitirmək üçün bizim prezidentlə görüşmür? İkincisi, avqust ayında bir neçə kvadrat kilometr ərazini ələ keçirmək üçün on minlərlə əsgər itirdiniz. Onlar niyə öldülər? Üçüncüsü, Kiyevi üç günə almaq istəyirdiniz. Necə oldu ki, dörd il sonra Moskva yanır?”

Məntiqli suallar və iradlardır. Xüsusən də Moskva ilə bağlı olan...

Ukrayna ordusu əraziləri işğaldan azad etdi

Məsələ ondadır ki, Ukrayna artıq 4 il öncəki işğala məruz qalan zəif ölkə deyil. İndi o, kifayət qədər döyüşkən orduya sahibdir və öz ərazilərini yavaş-yavaş geri almağa, hətta müharibə edə-edə silah satmağa, başqa dövlətlərlə silah tədarükü ilə bağlı çoxmilyardlı müqavilələr imzalamağa başlayıb.

Yeri gəlmişkən, dünən bu haqda BMT tribunasından danışan Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin beynəlxalq dron əməkdaşlıq proqramını getdikcə genişləndirdiyini və Cənubi Qafqaz, Fars körfəzi ölkələri və Avropadakı tərəfdaşları ilə yeni dron müqavilələri barədə danışıqlar apardığını bəyan edib. Zelenski bildirib ki, Ukrayna hərbi texnologiya ixracını və xarici tərəfdaşlarla birgə dron istehsalını genişləndirmək niyyətindədir.

Bu da şübhəsiz ki, hər şeydən öncə kollektiv Qərbin qabaqcıl hərbi texnologiyası və heç vaxt bitməyəcək maliyyə dəstəyi hesabınadır. Hansı sahələr üzrə ki, Rusiyada geridə qalmağa başlayıb və maliyyə durumu da aybaay pisləşməkdədir. Bunu ölkənin bir sıra iqtisadçı ekspertləri və siyasiləri də etiraf edirlər. Bu da daha bir “isti” fakt.

Rusiyanın dövlət borcu ilin birinci yarısında 6,8 faiz və ya 2,4 trilyon rubl artaraq 37,5 trilyon rubla (445 milyard dollar) çatıb. Bu rəqəmlər ölkənin Hesablama Palatası tərəfindən federal büdcənin icrası ilə bağlı əməliyyat hesabatında qeyd olunub.

Göstərilən dövrdə Milli Sərvət Fondunun (MSF) rubl ekvivalentində həcmi 311 milyard rubl azalıb, xərcləmək üçün mövcud olan likvid aktivlərin həcmi isə 473,3 milyard rubl azalaraq 3,6 trilyon rubla (42,7 milyard ABŞ dolları) çatıb. Agentlik 30 iyun tarixinə olan büdcə kəsirini 5,8 trilyon rubl (69 milyard dollar) olaraq qiymətləndirib ki, bu da bütün il üçün planlaşdırılan rəqəmdən bir yarım dəfə çoxdur.

Bəs Rusiya bu minvalla hara gedir? Müharibə tutaq ki, daha bir il uzansa ölkənin maliyyə-iqtisadi durumu necə olacaq?..

Putin müşavirə çağırdı | Modern.az

Bu gün Putin hökumətin növbəti iclasında yenə bəyan edib ki, Rusiya “xüsusi hərbi əməliyyatın” bütün hədələrinə çatacaq. Ancaq necə, hansı yolla və necə ilə?

Sirr deyil ki, Rusiya rəhbərliyi Ukrayna ilə mövcud cəbhə xətti üzrə atəşkəsi məğlubiyyət kimi qiymətləndirir. Putinin arzuladığı qələbə isə əlçatmazdır. Daha dəqiqi, qələbəyə imkan verməyəcəklər. Çünki Moskvanın hərbi qələbəsi onu yeni torpaq işğalına, yeni müharibələrə şirnikləndirəcək və bu ölkə dünya üçün daha böyük təhlükəyə çevriləcək.

Moskva həm də bu səbəbdən yanır...

Analitik xidmət,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR