Onlayn ictimai-siyasi qəzet
Bu gün, 21 sentyabr Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Əslində qeyd edilir yazmaq reallığın tam əksi deyil. Çünki bu gün dünyanın bir çox bölgələrində ya müharibə gedir, ya münaqişə dondurulmuş vəziyyətdə saxlanılır və hər an “don”un açılmasıyla fəlakətlərin miqyası genişlənə bilər, ya da növbəti müharibə ocaqları ilə bağlı planlar işlənir.
Yaxın Şərqdə vəziyyət göz önündə. İŞİD yoxdur, əvəzində husilər və digərləri var, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyəni böyük müharibəyə cəlb etmək üçün cəhdlər davam edir. Dünyanın quru ərazilərinin böyük hissəsinə malik olan Rusiya və Ukrayna arasındakı müharibə də yaxın illərdə bitənə oxşamır. İranla ABŞ və İsrailin savaşı da həmçinin…Silah mafiyası, tökülən qanlardan milyardlar qazanan oliqarxlar, ayrı-ayrı dövlətlərin nəzərində hətta sülh danışıqlarının aparılması belə “rentabelli” sayılmadığı halda, Beynəlxalq Sülh Günü sadəcə BMT-nin 30 noyabr 1981-ci il tarixli qərarı, 192 ölkənin səsi ilə qəbul edilmiş rəmzi gün kimi xatırlanır.

Yeri gəlmişkən, sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayacaq və Azərbaycan sessiyada geniş tərkibdə nümayəndə heyəti ilə iştirak edəcək. Bir həqiqəti də xatırlatmaqda fayda var: əgər 2020-ci ilin bu günlərində Azərbaycan Prezidentinin Ermənistanın növbəti təcavüzkar planı, yeni ərazilər işğal etmək cəhdləri ilə bağlı BMT Baş Assambleyasına müraciətinə adekvat reaksiya olsaydı, təcavüzkara dərs verilsəydi, o halda heç Azərbaycanın 44 günlük DƏRSinə ehtiyac olmaz, torpaqların işğaldan azad olunması minlərlə qəhrəman oğullarımızın həyatı bahasına deyil, sülh yolu ilə həllini tapardı. Varlığı ilə yoxluğu bilinməyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 30 ildən sonra təkbaşına həyata keçirən Azərbaycan dövləti savaşda olduğu kimi, sülh prosesində də tək nümunə yaratmağa nail olub. Hətta haqq etmədiyi Sülh Mükafatını alarkən Ermənistanın baş naziri Nikol Paşinyan belə bu həqiqəti etiraf edərək Azərbaycan Prezidentinin iki ölkə arasında sülhün əldə olunmasından ötrü daha böyük xidmətlər göstərdiyini, Sülh Mükafatını almağa daha çox layiq olduğunu etiraf edir.

Paşinyan özü də yaxşı bilir ki, əgər Prezident İlham Əliyevin bölgəmiz və qlobal dünya üçün sülh təşəbbüsləri olmasaydı, Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan - ən azı 2 il yarımı Paşinyanın hakimiyyəti dövrünə düşür – bir ölkənin hökumət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində Qalib Liderlə yanaşı dayanmaq şansı əldə edə bilməzdi. Yeri gəlmişkən, Azərbaycan Prezidenti ona təqdim olunan 500 min dollarlıq mükafatı Qarabağ Dirçəliş Fonduna iadə etdi. Görəsən, Paşinyan həmin məbləği hara köçürüb, bəlkə yeni dron istehsalına xərcləyəcək?..Hər halda şübhələrə əsas var: Ermənistan rəhbərliyi sülhdən danışsa da, Avropadan, Amerikadan, Hindistandan ordusunu gücləndirmək üçün davamlı dəstək, silah-sursat alır. Hətta Avropa Sülh Fondu Ermənistana on milyonlar göndərir və bu vəsait silahlanmaya yönəldilir, nəinki sülhə…

Paşinyan Hessen Sülh Mükafatını alarkən Prezident İlham Əliyevin Cənubi Qafqazda sülhün qurulmasına verdiyi töhfəni xüsusi qeyd edib və Azərbaycan Prezidentinə sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Baş nazir qeyd edib ki, Azərbaycan Prezidenti də bu mükafata eyni dərəcədə layiqdir. Ermənistanın baş naziri, həmçinin Azərbaycan və Ermənistan xalqlarına sülhü dəstəklədiklərinə görə təşəkkür edib. Onun sözlərinə görə, münaqişənin səbəb olduğu itkilərə və əzablara baxmayaraq, hər iki xalq sülh prosesinə dəstək verib. Paşinyan bildirib ki, sülh prosesinin əsasını 8 avqust 2025-ci ildə qəbul edilmiş Birgə Bəyannamə təşkil edib. O, həmin sənədin qəbulunu və Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi irəliləyiş adlandırıb. Baş nazir vurğulayıb ki, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında keçmiş sovet respublikalarının inzibati sərhədləri çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır.
Bütün bunlar çox yaxşı...Azərbaycanın sülhpərvər ölkə olması, dövlət başçımızın sülhə qlobal miqyasda töhfə verməsi müzakirə mövzusu ola bilməz! Hətta ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi də Azərbaycan Prezidentinin siyasətinin məntiqi nəticəsidir. Azərbaycan ikitərəfli formatda Ermənistana sülh təkliflərini ünvanlamasa, razılaşma əldə olunmasa, heç prezident Trampın iştirakı ilə 8 avqust Vaşinqton razılaşmaları da əldə olunmazdı. Amma Paşinyanın iddia etdiyi kimi, Ermənistan xalqını, ictimaiyyətini sülhə hazırlıqlı görmürük axı. “Güclü Ermənistan” fraksiyasının üzvlərinin Azərbaycan ərazisində yerləşən Kərki kəndində qanunsuz ağacəkmə aksiyası keçirməsi nə deməkdir?! Hər kəs gözləyir ki, 1990-cı ilin yanvarından işğal edilmiş Kərki kəndi Azərbaycana qaytarılacaq, Qazax rayonunun 3 kəndi ilə birlikdə, amma Samvel Karapetyanın partiya üzvləri Azərbaycan kəndində ağac əkirlər. Qarabağda, Şərqi Zəngəzurda min illik çinar ağaclarını məhv edənlərin ağac əkmək hardan yadına düşüb? Sözsüz ki, bu, Kərkinin azad edilməsinə müqavimətdir. Bu günlərdə həmin fraksiyanın üzvləri Kərkiyə getmişdilər, burada məskunlaşdırılmış erməniləri qızışdırmaq üçün. Paşinyan Kərkini öz adı ilə çağırır və revanşistlərin belə hərəkətlərini yeni müharibəyə cəhd kimi qiymətləndirir. Bəs sonra? Postuna iddialı Samvel Karapetyanı, Mher Tasarukyanı evdən bayıra çıxmağa qoymayan, cani Robert Köçəryanı dalayan, Serj Sərkisyanın gününü qara edən Paşinyan üçün Kərkidə at oynadan revanşistlərin əl-qolunu, ağzını bağlamaq çoxmu çətindir?! Şübhəsiz ki, yox. Sadəcə Paşinyan oyunlarını davam etdirir. Əks təqdirdə, İrəvandakı separatçıların da yuvasına od qoyardı...

Təsəvvür edin ki, fraksiya rəhbəri Narek Karapetyan Kərkidə “Müstəqillik bağı” salınacağını iddia edib. Deyib ki, ərazidə qlempinq kompleksinin yaradılması ilə bağlı turizm layihəsi də hazırlanır və yaxın vaxtlarda tikinti üçün icazə alınmasına müraciət ediləcək. Həyasızlıq sərhəd tanımır bunlarda! Vaxt var idi “müstəqillik” adı altında Xankəndidə sülənirdilər, indi Kərkidə. Nikol Paşinyan Kərkinin Ermənistanın 29 743 kvadratkilometrlik beynəlxalq tanınmış ərazisinə daxil olmadığını bildirir, amma revanşistlər “bağ” salırlar. Özü də bu günlərdə, artıq Kərkidəki əhalinin köçürülmək üçün siyahıya alındığı barədə xəbərlərin yayılmasının ardınca. Kimə meydan oxuyurlar?! İki saatlıq Kərki əməliyyatının keçirilməsinimi istəyirlər?! Və...Bu gün, sentyabrın 21-də Ermənistan Respublikası öz müstəqilliyinin 35-ci ildönümünü qeyd edir. 1991-ci ilin həmin günündə ölkədə referendum keçirilib və iştirakçıların böyük əksəriyyəti (99%) müstəqil dövlətin yaradılmasının lehinə səs vermişdi. Səsvermədə səsvermə hüququna malik vətəndaşların təxminən 95%-i iştirak etmişdi. Beynəlxalq Sülh Günündə müstəqilliyini elan edən ölkə heç vaxt sülhməramlı olmayıb, işğalçı və terrorçu olub. Üstəlik, bu ölkənin müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları da hər şeyi deyir.
“Kadastr sənədi olmayan” – Paşinyanın təbirincə desək - Ermənistan Azərbaycan ərazilərində yarandığı gündən bəri müstəqil ola bilməyib. Nə olsun ki, ABŞ dövlət katibi Marko Rubio bu ölkəyə təbrik göndərib. 13 aydır Vaşinqtonda əldə olunmuş razılaşmaya uyğun olaraq Zəngəzur dəhlizi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu”nun (TRIPP) tikintisi istiqamətində Kreml və Tehranın qorxusundan addım ata bilməyən ölkəyə müstəqil demək olarmı?!

Elə bu günlərdə Rusiyanın İrəvandakı səfiri Kopırkinin Zəngəzura müəmmalı səfəri və İranın Ermənistandakı diplomatı Şirqulaminin Zəngəzur dəhlizi ilə bağlı təhdidləri Ermənistanın nə qədər “müstəqil” olduğunu göstərir. Müstəqil ölkə belə səfirləri bir saat da ölkəsində saxlamazdı...
12 Oktyabr 2026
17:10 Ermənistanı qaranlıqdan bu iki ölkə çıxara bilər – İrəvanda Türkiyə və Azərbaycan müzakirələri
11 Oktyabr 2026
08 Oktyabr 2026
07 Oktyabr 2026
06 Oktyabr 2026
02 Oktyabr 2026
26 Sentyabr 2026
23 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
19 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
13 Sentyabr 2026
12 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026
09 Sentyabr 2026
14 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
08 Avqust 2026
07 Avqust 2026
03 Avqust 2026
01 Avqust 2026
31 Iyul 2026
30 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ