İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın mərkəzindəki ilanlar – Paşinyan niyə onların başını əzmir?

“İt əl çəkdi, motal əl çəkmədi” misalı yenə də işə yarayır. Ermənistan rəhbərliyi neçə ildir ki, Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edir və cəmiyyəti bu mövzuda artıq-əskik danışmamağa çağırır. Hər halda bağlı qapılar arxasında hansısa oyunlar oynadıqları şübhə doğurmasa da, sözdə bu mövqeni ifadə edirlər. Amma di gəl ki, ayrı-ayrı paytaxtlardakı ermənipərəstlər və “motallar” yenə də tutduqlarından əl çəkmək istəmirlər.

Budur, Avropa Parlamentinin deputatı Marina Mezur vaxtilə özünü “Qarabağın keçmiş dövlət naziri” adlandıran Artak Beqlaryanın rəhbərlik etdiyi qondarma “atsax ittifaqı”nın nümayəndə heyəti ilə İrəvanda keçirilən görüşün yekunlarına əsasən, Avropa Komissiyasına rəsmi məktub ünvanlayıb. Məktubda “qayıdış hüququ”ndan bəhs olunub. Avropa Komissiyasına ünvanladığı məktubda Mezur BMT-nin Beynəlxalq Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarına əsaslanaraq, “təxminən 150 min köçkün erməni”nin (?!-E.P.) “Dağlıq Qarabağa” təhlükəsiz, ləyaqətli və kollektiv qayıdış hüququnun təmin edilməsinə çağırıb.

Bu deputat Avropa Parlamentinin keçmiş deputatı və qurumun Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sabiq rəhbəridir. Vəzifəsində olduğu müddətdə Ermənistan-Azərbaycan münasibətləri, sərhəd gərginlikləri və sülh sazişi ilə bağlı birtərəfli bəyanatları ilə yadda qalıb. Azərbaycanla Ermənistan əməkdaşlığa başlayıb, paraflanmış sülhü imzalamağa hazırlaşırlar, amma Mezur kimilər kirimir.

Abırsızlığın, həyasızlığın da bir sərhəddi olar. Amma bu ifadə fransaəsilli Mezur kimilərinə aid deyil. Əvvəla, dünyanın gözü qarşısında Qarabağdakı 25-30 min erməni şələ-şüləsini yığışdırıb, Ermənistana köçüb. Azərbaycan dövləti həmin müddətdə Qarabağ erməniləri ilə bağlı reinteqrasiya proqramı hazırlayıb, xüsusi portal yaratmışdı. Amma xaricdən təlimatlar alan haylar heç kimə baxmayıb, getməyə üstünlük verdilər. Onları yoldan çıxaran ölkələrdən biri də Fransa idi. Əmin etmişdilər ki, narahat olmayın, çıxın, gedin, biz sizi Avropa İttifaqının təhlükəsizlik qüvvələrinin müşayiəti ilə yenidən Xankəndiyə qaytaracağıq. Buna şübhəm yoxdur.

Qarabağı nə qədər əhali tərk edib?

Necə ki, 44 günlük müharibənin sonlarında Qarabağdakı ermənilərin Laçın yolu ilə Gorus istiqamətində tıxacı yaranmışdı. Sonradan Rusiyanın bölgədəki müvəqqəti hərbi kontingenti erməniləri yük maşınlarına, avtobuslara doldurub, Qarabağa qaytardı. 2023-cü ildə də həmin hadisələrin təkrar olunacağını zənn edirdi, Laçın buraxılış məntəqəsindən keçib gedən ermənilər. Amma olmadı, çünki Azərbaycan dövləti Fransa və Avropa İttifaqının hoqqalarına çox sərt cavab verdi. Hətta Həkəri çayı istiqamətində Fransanın göndərdiyi yük maşınlarının “burnundan” vurub, geri qaytaranda da Azərbaycan dövləti sözünü demişdi. Amma üstündən illər keçib, qərəzli, riyakar mövqeyi ilə Azərbaycanın səbrini daşıran Avropa Parlamentinin deputatı bu dəfə hansısa Beqlaryana istinad edir. Təkcə separatçıya da yox, “artsax” adında saxta ada, çoxdan arxivə atılmış “Dağlıq Qarabağ”a...Bununla Azərbaycanın suveren ərazilərinə növbəti dəfə qəsd həyata keçirirlər. Amma cavablarını artıqlaması ilə alacaqlar, darıxmasınlar!   

Avropa Parlamentinin deputatı yenə də Bakıda, Ədalət Məhkəməsində cəzasını almış caniləri müdafiə edib, “əsirlər məsələsi”ni ortaya atıb. Həmin bu haysifət bildirib ki, “ittifaq” nümayəndələri ona 2023-cü il hadisələri və insan hüquqlarının pozulmasını “sübut edən sənədləri” təqdim ediblər. Armine Aleksanyan adlı bir sərsəm iddia edib ki, Bakıda saxlanılan ermənilər guya girovdurlar və “onların azad edilməsi enerji maraqlarının kölgəsində qalmamalı, Aİ-nin Azərbaycanla dialoqu üçün məcburi şərt olmalıdır”.

Abırsızlığa baxın, Azərbaycan ərazilərində 30 il “at oynadan”, üstəlik, ordakı mülki erməniləri girovluqda saxlayan, öz əmlakını qəsb edənlərin “girov” olduğunu deyirlər. Yüz minlərlə insanımızın taleyinə zərbə vuranların müdafiəsi heç şübhəsiz ki, Ermənistan rəhbərliyinin ideyası deyil, çünki onların azadlığı Paşinyana və komandasına yaxşı heç nə vəd etmir. Əslində Azərbaycan dövləti Vardanyan və digər quldurları, caniləri cəzalandırmaqla, Qarabağdan könüllü şəkildə köçüb gedən mülki erməniləri girovluqdan azad etməklə yanaşı, Paşinyanı da təhlükələrdən sığortalamış oldu. Odur ki, onların azadlığı və İrəvana qaytarılması Ermənistan rəhbərliyinə heç cür sərf etmir. Amma Marina kimi erməni pulları hesabına yaşayan deputatları təlimatlandıran bəlli çevrələr var.

Nikol Paşinyan hakim partiyanın qurultayında maraqlı mesajlar verib -  AZƏRTAC

Amma istənilən halda, sual olunur, məgər Nikol Paşinyan bu hoqqaları görmürmü? Axı, o, seçkilər ərəfəsində tez-tez “müxalifətə səs versəniz, payızda müharibə olacaq”, deyib, vətəndaşları qorxudurdu. Eyni zamanda Azərbaycanla sülhün alternativinin olmadığını deyirdi. Elə isə niyə seçkidən sonra “artsax”ın İrəvandakı yuvasını birdəfəlik dağtmadı, Beqlaryan, Şahramanyan kimiləri, o cümlərədən AP deputatının istinad etdiyi “ittifaq”ın kökünü qazımadı? Necə olur ki, hakimiyyətinin əl-ayağına dolaşanları gözümçıxdıya salır, nəinki Samvel Karapetyanı, onun qardaşı oğlu Nareki də əl-qol açmağa qoymur, amma Qarabağdan qaçıb, İrəvan küçələrində separatçılığı davam etdirənləri “qoduqluğa” basdırmır?! Axı, Avropa Parlamentinin ermənipərəst deputatlarına zəhər verən ilanlar elə İrəvanın mərkəzindədir. Elə isə Paşinyan nədən onları zərərsizləşdirmir?! Axı, beqlaryanlar sülhə gedən yolda ürək bulandırırlar, vaxtaşırı Avropadakı “kərtənkələlər” üçün “zəhər tuluğu” funksiyasını icra etməklə təkcə Azərbaycana qarşı deyil, bütövlükdə regional əməkdaşlığa qarşı fəaliyyət göstərirlər. Nikol Paşinyan özü 2023-cü ilin payızında demişdi ki, Qarabağdakı ermənilər könüllü şəkildə köçüblər və Azərbaycan onlara qarşı zor tətbiq etməyib. İndi bu, Marina Mezyur hansı əsasla “baş verənləri etnik təmizləmə” adlandırır və Azərbaycanın həmin hadisələrə  görə məsuliyyət daşımalı olduğu haqda gic-gic iddialar səsləndirir? Belə olduqda şübhə yaranır ki, deməli, Nikol Paşinyan ikili oyun oynayır və “Qarabağ erməniləri kartı” hansısa məqamda onun özünə də lazım ola bilər deyə, özünü görməzliyə, eşitməzliyə vurur...Əksini iddia edirsə, onda 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmalara zərbə vuranları yığışdırsın ortadan!

Avropa Parlamentinin deputatı isə heç olmasa 7 iyun seçkiləri ərəfəsində Paşinyanın İrəvan metrosunda Qarabağdan köçən qadına xitabən “Siz qaçdınız! Sizin Qarabağda yaşamağınız üçün hər şeyi etdik və 2023 - cü ildə insanların Qarabağdan Ermənistana getməsinin qarşısını almaq üçün sərhədləri bağlamaqda məni günahlandıran sizlər idiniz. İndi isə buraya gəlib deyirsiniz:

“Geri qayıtmaq istəyirdik”. Biz Ermənistan vətəndaşlarının milyardlarla vergisini sizlərə xərclədik ki, orada qala biləsiniz. Bəs niyə qalmadınız? Ermənistanın xəritəsi haqqında bu qədər ikrahla danışmayın. Siz, qaçanlar, mənim Qarabağı təslim etdiyimi deməyə çalışmayın”, sözlərini xatırlasın və lal olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR