Onlayn ictimai-siyasi qəzet
Ötən əsrin ikinci yarısında Şərqi Avropada başlanan azadlıq hərəkatının maraqlı simlarından biri də polyak jurnalisti, “Həmrəyliy”in yaradıcılarından biri Adam Mixnik olmuşdu. Mən hər dəfə onun bir yazısına rast gələndə dərhal oxyuram. Çox maraqlı fikirləri var və təsadüfi deyil ki, adam müasir Avropanın siyasi intellektuallarından biri hesab olunur, təkcə Polşanı yox, Şərqi Avropanı, xüsusən Rusiyanı çox gözəl bilir.
Mixnik rus Aleksey Navalnını xatırlayarkən çox maraqlı fikir deyir: “Polşanın bəxti onda gətirdi ki, onun Roma papası kimi Polşanı sevən və tanıyan, ən əsası da anlayan dostu, “Həmrəyliy”i və bir də Miloş Çeslav kimi yazıçısı vardı”.
Maraqlısı budur ki, bunlar Rusiyada da vardı. Soljenitsın çoxdan Nobel almışdı, az qala, rus alternativ fikrinin ideoloqu hesab olunurdu. O, Rusiyada baş verən proseslərə də etinasız deyildi. Yenidənqurma vaxtı “Rusiyanı yenidən necə quraq?” adlı yazı da yazmışdı. Sonrakı illərdə hətta Putinlə söhbətlərini verirdi bəzi rus telekanalları. Amma bu adamın da bütün rus ziyalıları kimi bir qüsuru vardı: o da imperiyanın övladı idi, həm demokrat, həm də velikoross idi.
“Həmrəyliy”ə gələndə rusların A.Saxarovu, Q.Popovu, hətta B.Yeltsini vardı. O ki qaldı birinciyə, bax, burada məsələ qəliz idi. Mixnik Navalnının bir sözünü də xatırlayır. Mixnik deyir ki, mən ondan rus pravoslav kilsəsi haqda soruşanda Aleksey dedi: “bu, bizdə KQB-nın din məsələləri üzrə idarəsi olubdur”.
Bax, problem bundadır. Bunu bir başqa səbəbdən də xatırladım. İndi Ermənistanda hökumətlə kilsə arasında əməlli-başlı savaş gedir. Paşinyanı hələ deyə bilmərəm, çünki proses davam edir, amma erməni kilsəsi erməni baş nazirilə bacarmadı. Məsələ deyəsən artıq bir ölkənin sərhədindən çıxıb. Belə ki, ötən həftə ABŞ dövlət departamentinin din məsələlərilə məşğul olan məmurunun – Pola Uayt–Keynin İrəvana səfər etdiyi deyildi. Düşünürük bu səfər Ermənistan üçün faydasız olmaz, İrəvana sekulyar–dünyəvi dövlət və ya cəmiyyət qurmaqda yardımçı olar.
Əslində qonşu ölkədə din-dövlət münasibətləri gec- tez gündəmə gəlməli idi. Birincisi, ona görə ki, əsrlər boyu kilsə ermənilərçün dövləti əvəz edibdir. Daha buna ehtiyac yoxdur. Kilsə bəzi qeyri-formal funksiyalarını dövlətə ötürməlidir. İkincisi, erməni kilsəsi də Sovetin köynəyindən çıxıb və sual yaranır: bu illər ərzində o, nə qədər dəyişib? “KQB şineli”ni kənara ata bilibdirmi?
Bunu ona görə deyirik ki, onda bütün qurumlar kimi din institutları da hökumətlə, KQB ilə əməkdaşlıq etməyə məcbur idi. Yenidənqurma vaxtı yazırdılar ki, hələ 20-ci illərdə Sovetlər kilsənin onurğa sütununu qıra bildi, onu özünə tabe etdi. Səhv etmirəmsə, yaddaşım aldatmırsa, o vaxt Tixon adlı adam olub, bəli, Rusiya patriarxı. Bu adam Sovetlərə baş əyməyən sonuncu patriarx olub...
Onda dünya pravoslav kilsəsində də parçalanma olmalı idi. Amma olmuşdumu? Doğrusu, bilmirik. Onu bilirik ki, rus pravoslav kilsəsinin coğrafiyası Sovetlərdən böyük idi. O ki qaldı KQB-DTK ilə əməkdaşlığa, o vaxt bir dissident keşiş vardı – Qleb Yakunin. Adam on ildən çox həbsdə olmuşdu. Bir müsahibəsində dedi ki, ən azı yüksək çinli din xadimlərinin DTK-KQB ilə əməkdaşlıq etməməsi mümkün deyildi.
Erməni kilsəsinə də adiddir bütün bunlar. Onun da coğrafiyası Ermənistandan böyük olmalıdır. Ermənilər harada yaşamır? Amma sovetlər vaxtı bu, hansısa ideoloji parçalanmaya gətirib çıxarmışdımı? Doğrusu, bilmirik.
Bütün erməni təsisatları kimi din institutları da daim rus-sovet strukturlarının təsiri və nəzarəti altında olublar. Ona görə Paşinyanın tələbi düzgündür: erməni kilsəsi tamamilə təzədən qurulmalı, bütün erməniləri əhatə etməli, müasir tələblərə cavab verməlidir. Amma hiss olunur Qaragen getmək istəmir, halbuki o, artıq heç bir dövlət tədbirinə dəvət olunmur. Erməni cəmiyyəti nə düşünür?
Birincisi, hələ keşiş Baqrat Qalstanyanın “etirazlar”ı bunu göstərdi, ona dəstək verilmədi. İkincisi, son seçkiləri də Paşinyan uddu, halbuki insanlar, cəmiyyət kilsəyə dəstək olsaydı tamam tərsinə olmalıydı, qutulardan revanşistlərin və rusiyapərəstlərin adı çıxmalıydı, amma olmadı. Bütün hallarda, problem var və o, həllini tapmalıdır – kilsə yerini bilməli və yeni insanlardan təşkil olunmalıdır. Qayıdaq Rusiyaya. Necə olacaq? Doğrudanmı heç bir çıxış yoxdur? Mixnik bununla bağlı Aleksey Navalnıdan daha bir şey xatırlayır: “O, başa düşürdü ki, siyasi fəlsəfə, konstitusiyayla bağlı söhbətlər, müzakirələr hələ çox mühüm olacaq, amma sabahı günü. Bu günsə yalan danışma, oğurluq etmə”...
Maraqlıdır ki, bu fikirlər Soljenitsında da var. O da deyirdi ki, heç nə edə bilmirsənsə, heç olmasa, yalana qoşulma, yalanı artırma, tirajlama. Onda ümid var ki, bəlkə nəsə dəyişdi...
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ