Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasından ötrü zəruri olan addımları atmağa tələsmir. Bakının konstitusiyanın dəyişdirilməsi ilə bağlı xatırlatmalarına Göyçə gölündə çimməklə “qarşılıq verən” erməni baş nazir özünü “sülhməramlı” göstərməklə işini bitmiş sayır. Belə bir durumda isə Ermənistandakı radikallar vaxtaşırı ortalığı qarışdırmaqdan ötrü baş qaldırırlar.
Bir neçə gün əvvəl “Güclü Ermənistan”ın təmsilçiləri 26 il yarımdır işğal altında olan Kərki kəndinə səfər edərək “ölərik, geri qaytarmarıq” şivəni qaldırdılar. Düzdür, Paşinyan bunun qarşılığında erməni revanşistləri ağıllı olmağa çağırdı, Kərkini öz adı ilə çağıraraq, bu kəndin Ermənistana aid olmadığını söylədi. Amma bu həqiqəti hər kəs bilir, elə erməni radikalların özləri də...1990-cı ildə Bakıdakı qarışıqlıqlardan sui-istifadə edib, Sədərək rayonunun kəndini işğal edən, əhalisini didərgin salan ermənilərə sözlə nəyisə qandırmaq mümkün olsaydı, 30 illik sülh danışıqları nəticə verərdi. Hələ bunların “müharibə partiyası”na daxil olmayanı Paşinyanın özü idi, hakimiyyətə gəldikdən az sonra sərt ritorika ilə çıxışlar etdi, Azərbaycana qarşı yeni ərazi iddialarını dilə gətirdi, Qarabağın Ermənistana aid olduğu iddiasını dilə gətirdi. Verilən dərsdən sonra realist olmağa cəhd göstərir. Deməli, erməni revanşistlərlə də yalnız eyni dillə danışmaq lazımdır, sözdən qanan deyillər!

Odur ki, Nikol Paşinyan revanşa cəhd göstərənləri dərhal cəzalandırmırsa, deməli, özü də revanşist planların içərisində yer alır. Əksini iddia edirsə, gecikmədən Ermənistan Konstitusiyasını dəyişdirsin, Azərbaycana qarşı ərazi iddialarına son qoysun! Azərbaycan Ermənistanı delimitasiya və demarkasiya işlərini davam etdirməyə, Zəngəzur dəhlizində işlərə başlamağa, işğal altındakı 4 kəndin azad olunması istiqamətində addımlara çağırır neçə illərdir. 44 günlük müharibədən 6 il keçib, amma Ermənistan rəhbərliyi hələ də “ayağını süründürür”. Paşinyan gah İrana boylanır, gah Rusiyaya, gah Fransaya, gah da ABŞ-yə. Əvvəl parlament seçkiləri ilə bağlı bəhanəsi var idi, indi də Ağsaqqallar Şurasına seçkilər söhbətini ortaya atıblar. Deməli, sabah da başqa bəhanə Azərbaycanın tələblərini arxa plana keçirəcək?..

Rəsmi İrəvan “ev tapşırıqları”nı icra etmədikcə, revanşistlər gizləndikləri “yuvalar”ından çıxırlar, hərzə-mərzə danışırlar. Budur, daşnaklar da hərəkətlənib: “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan bildirib ki, ölkə hakimiyyəti erməni cəmiyyətini yenidən Azərbaycanla ərazi güzəştlərinə getmək və yeni müharibə təhlükəsi arasında seçim qarşısında qoyub. Saqatelyan bu barədə dörd il əvvəl baş vermiş hadisələri - 2022-ci ilin sentyabrında Ermənistanın Azərbaycana qarşı təxribatlarını təhrif edərək bu barədə danışıb. Deyib ki, həmin toqquşmalar nəticəsində 224 erməni hərbçi həlak olub və guya “Azərbaycan Ermənistanın təxminən 200 kvadratkilometr ərazisinə nəzarəti ələ keçirib”. Bax, daşnaklar daxil, erməni revanşistlərin həyasızlığı bu şəkildə davam edir. Azərbaycana qarşı son bir əsrdə törətdikləri cinayətlərə görə ölüb yerə girməkdənsə, Azərbaycanı günahlandırırlar. Daşnak deputat 2020-ci il 44 günlük müharibədən sonrakı “ərazi güzəştləri”ni də sadalayıb. O, Berdzor, Kəlbəcər və Ağdam ərazilərinin Azərbaycana qaytarılmasını, Gorus-Qafan yolunun ayrı-ayrı hissələrində nəzarətin dəyişdirilməsini, Şurnuxunun bir hissəsində nəzarətin dəyişdirilməsini də abırsızcasına təhrif edib. Saqatelyan Ermənistan hakimiyyəti həmin addımları yeni müharibənin qarşısını almaq zərurəti ilə izah etdiyini xatıırladıb.

“Bütün bu güzəştlər belə bir məntiqlə həyata keçirilirdi: bir hissəsini verək ki, qalanını qoruyaq, güzəştə gedək ki, müharibə olmasın. Bütün bu güzəştlərdən sonra isə fəlakətli bir günlük sentyabr müharibəsi baş verdi”, - deyə daşnak bildirib.
Qulağıkəsik Andronikdən bəri Azərbaycana, azərbaycanlılara qarşı törədilən soyqırım faktlarına kor olan Saqatelyan Qarabağda “etnik təmizləmə”nin həyata keçirildiyi barədə sərsəm iddialar səsləndirib. Deputat həmçinin Ermənistan hakimiyyətinin sonrakı razılaşmalarını və bəyanatlarını tənqid edib. Onun sözlərinə görə, 2024-cü ildə də erməni cəmiyyətinə müharibənin qarşısını almaq naminə ərazi güzəştləri ilə razılaşmaq təklif olunub.
“İndi Əliyev və Paşinyan yenidən xalqımızı seçim qarşısında qoyublar: ya Ermənistan yeni ərazilərdən imtina edəcək – söhbət konkret olaraq Tiqranaşendən (Kərki - red.) və Tavuşdakı strateji əhəmiyyətli ərazilərdən gedir, – ya da müharibə baş verəcək”, – deyə Saqatelyan iddialarını davam etdirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin müharibənin qarşısını almaqla əlaqələndirdiyi digər şərt ölkə konstitusiyasının dəyişdirilməsidir.
Erməni mediasının məlumatına görə, Saqatelyan iddia edib ki, Ermənistanın bundan sonra da ərazi güzəştlərinə getməsi Bakının tələblərinin sona çatmasına səbəb olmayacaq.
“Əgər Əliyev və Paşinyan Ermənistandan yeni güzəştlər əldə etməyə nail olsalar, təbii ki, Azərbaycan bununla kifayətlənməyəcək”, – daşnak deputat bildirib.
Araqarışdıran Saqatelyan həmçinin xəbərdarlıq edib ki, Bakının növbəti tələbi Ermənistanın öz ordusundan imtina etməsi ola bilər. Deputat Paşinyanı həyata keçirdiyi siyasətlə Azərbaycan Prezidenti İlham Əliyevin addımlarını “legitimləşdirməkdə” və itkilərə məruz qalan tərəf əvəzinə Ermənistanı təcavüzkar kimi təqdim etməkdə ittiham edib. O, erməni cəmiyyətini şantaj və təzyiqlərə boyun əyməməyə, ölkənin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə, yeni ərazi güzəştlərinə yol verməməyə çağırıb.
“Bizim əsas vəzifəmiz dövlət və xalq qarşısında duran bu yeni və ağır çağırışın öhdəsindən birlikdə gəlmək və nəhayət, bu güzəştlər zəncirini qırmaqdır”, – deyə İşxan Saqatelyan bildirib.
Göründüyü kimi, daşnak deputat çox uzağa gedib. Tarix boyunca biz erməni revanşistlərin Azərbaycanı ittiham etdikdən sonra təxribatlara əl atmasının şahidi olmuşuq. Bu mənada Saqatelyanın sülh mövqeyinə sadiq olan, Ermənistan üçün çörək yolu açan Azərbaycana çamur atması hansısa bir təxribatçı planın tərkib hissəsi ola bilər. Kifayət qədər əsaslar da var. Emənistan 8 avqust razılaşmalarına əməl etməklə bağlı addımlar atmır, heç Avropa İttifaqının şərti sərhədlərdəki dəstələrini də “evə” göndərmir, dəhlizdə işlərə başlamır, konstitusiyanı dəyişdirmir, kəndlərimizi qaytarmır. Üstəlik, Hindistandan 2 milyard dollarlıq silah alır, Ermənistanda dron istehsalı, yeni silah-sursatın alışı da davam edir.

Saqatelyan əslində iddialarının içərisində yaxşı bir xatırlatma edib, bəli, Azərbaycanın Ermənistandan ordusundan imtina, yaxud da silah kvotasına əməl etməklə bağlı növbəti şərti, konkret tələbi gündəmə gələ bilər. Niyə də olmasın? Ermənistan Azərbaycan ərazilərini 30 ildən artıq işğalda saxlayan, ölkəmizə yüz milyardlarla dollar zərər vuran ölkədirsə, onun ordu saxlamağı təhdid deyilmi?..Bu mənada “dəlidən doğru” xəbər söyləmək də olar, yəni daşnakdan...
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ