Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökuməti az qala hər gün Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağa maraqlı olduğunu iddia edir. Elə bu gün baş nazir Nikol Paşinyan keçirdiyi brifinqdə Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə vəzifəsində Ruben Rubinyanı kimin əvəz edəcəyi barədə suala cavabında deyib ki, bunu hələ ki bilmir - prosesin necə inkişaf edəcəyi də məlum deyil. “Müvafiq qərarlar qəbul etmək üçün Ankara ilə işi necə, hansı məntiqlə və hansı formatda davam etdirəcəyimizə qərar verməliyik”, - Paşinyan deyib.
Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesində İrəvanı təmsil etmiş Ruben Rubinyan hazırda bu vəzifəni tutan Alen Simonyanın əvəzinə parlamentin spikeri postuna namizəd olub. Bundan sonra Ermənistanın növbəti Rubenyanı kim olacaq, hələlik fikirləşirlər.
Azərbaycan dövlətinin irəli sürdüyü sülh şərtlərinə əvvəlcə müqavimət göstərsə belə, sonradan bu yolun alternativinin olmadığını Nikol Paşinyan çox yaxşı anladı və ona görə də regional təhlükəsizliyin təminatına aparan, həmçinin Ermənistanı xilas etməyin düstutunu inkar etməyə cürət eləmədi.
Budur, Azərbaycan ötən ildən başlayaraq, Ermənistanın üzünə taxıl yolunu açıb, bu ölkəyə neft məhsulları satır, Paşinyan da məmnunluqla qeyd edir, təşəkkürünü bildirir ki, ölkəsində inhisarçılığa son qoyan addımların müəllifi Azərbaycandır. Digər tərəfdən, Türkiyə ərazisində Gümrü şəhərinə aparan dəmir yolu hissəsinin yenidən qurulmasına başlanılıb. Bu günlərdə Akyaka şəhərinin meri Erduger Toptaş deyib ki, bərpa işləri təxminən iki-üç ay davam edəcək. Qeyd olunur ki, dəmir yolu infrastrukturunun bərpası hər iki ölkə üçün iqtisadi fayda gətirəcək və kənd təsərrüfatı ilə sənaye sahələrində əməkdaşlıq imkanları yaradacaq. Eyni zamanda, Türkiyə Ermənistanla ticarət əlaqələrinin asanlaşdırılması istiqamətində tarixi addım atdı. Qarşılıqlı səfərlər də vaxtaşırı həyata keçirilir. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı prosesdəki dinamika çox böyük imkanlar vəd edir.
Ermənistan tərəfdən vaxtaşırı təxribatçı hərəkətlər də müşahidə olunur. Bu gün erməni mediası manşetlərdən belə bir xəbər paylaşıb ki, Ararat və Araqats zirvələrində xeyriyyəçi Ruben Vardanyana və bütün erməni məhbuslara dəstək plakatı qaldırılıb. Söhbət Türkiyənin Ağrı dağından və tarixi Azərbaycan ərazilərindəki, Qərbi Azərbaycandakı Alagöz dağından gedir. Plakatı qaldırılan isə vaxtilə “xüsusi tapşırıq əsasında” Rusiyadan hoppanıb, Qarabağa düşən, burada özünü “dövlət naziri” adlandıran, separatçılığa stimul və yal verən Vardanyandır.
Bu barədə sosial şəbəkələrdə Qeorqi Gevorkov adlı istifadəçi məlumat yayıb. Bildirib ki, aksiya çərçivəsində Ermənistan dağlıq ərazisinin iki rəmzi zirvəsində — Ararat dağında və Ermənistanın ən yüksək nöqtəsi olan Araqatsda “Free Ruben Vardanyan. Free all Armenian prisoners” (“Ruben Vardanyana azadlıq. Bütün erməni məhbuslara azadlıq”) yazılmış plakat qaldırılıb. Gevorkov bildirib ki, aksiyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Ruben Vardanyanın və Azərbaycanda “qanunsuz saxlanılmaqda davam edən” digər erməni məhbusların taleyinə cəlb etməkdir. Sərsəm iddiadır və bunu hətta Paşinyan da yaxşı anlayır.
Çünki Vardanyan və onunla birlikdə Ədalət Məhkəməsinin qarşısında durub, cəzalarını alanlar nəinki Azərbaycana, hətta ermənilərin özlərinə də düşmənçilik ediblər illər boyunca. Əgər iyrənc əməllər sahibi olmasaydılar, nə bu, qan-qada olardı, nə itkilər, nə də qan düşmənçiliyi. Azərbaycan paytaxtında belə, sakit, təhlükəsiz yaşayan ermənilər kimi, Qarabağdakı ermənilər də şələ-şülələrini yığışdırıb Gorus tərəfə keçməz, öz həyatlarını davam etdirərdilər. Amma Azərbaycanın sərvətlərini talamaqdan ötrü Qarabağa gəlmiş Vardanyan, həmçinin Xankəndidəki cani yığnağı hayların özlərinə də sitəm elədilər, girov vəziyyətində saxladıqları ermənilər başlarını götürüb Ermənistana köçdülər, bəziləri isə başqa ölkələrə üz tutdular.
İndi həmin bu Gevorkov Ağrı və Alagöz dağlarındakı meymunluğunu paylaşır. Hələ həyasızlığın həddinə baxın: “Ararat və Araqats erməni xalqının rəmzləridir. Bütün erməni məhbusların azad edilməsi tələbi ilə bu zirvələrdə plakat qaldırmaq - dünya birliyinə bu mövzunun beynəlxalq gündəlikdən itməməli olduğunu və erməni xalqının diqqət mərkəzində qalmalı olduğunu bir daha xatırlatmaq deməkdir”.
Ruben Vardanyanın 1037 gündür ki, Azərbaycanda “çay içdiyini” xatırladan haylar 17 fevral 2026-cı ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini hikkə ilə qarşılayırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 maddəsi əsasında 41 ittiham bəndi üzrə təqsirli bilinən baş separatçıya kəsilən cəza hələ dövlətimizin humanist siyasətinin məntiqi nəticəsidir. Biz unutmamışıq, Kəlbəcərə öz evinə baş çəkməyə gedən vətəndaşlarımızı separatçılar oğurlayıb, ömürlük cəza vermişdilər, bir igid qardaşımızı da qətlə yetirmişdilər. O qədər belə cinayətlər törədiblər ki...
Bütün bunlardan sonra Azərbaycan dövlətinə dil uzatmaq, özü də Alagözdən, Ağrıdan...Bu, yumşaq desək, həyasızlıqdır, sırtıqlıqdır! Özü də təkcə Azərbaycana qarşı deyil, həm də qardaş Türkiyəyə qarşı! Bir neçə ay əvvəl açıqlandı ki, Ermənistanın yeni biometrik pasportundan Ağrı dağının təsviri çıxarılıb. Ermənilərin “Ararat” adlandırdığı, Türkiyə ərazisində yerləşən dağın təsvirinin pasportdan çıxarılması həyata keçirilsə də, hay həyasızlığı davam edir. Yoxsa separatçıların şəkilləri ilə dağ başına çıxmazdılar.
Paşinyan pasportdakı yeniliklərdən danışarkən “Bu, Ermənistan Respublikasının pasportu olduğu üçün Ermənistan Respublikasının ərazisini əks etdirir”, - demişdi.
Maraqlıdır, indi Paşinyan dağa çıxan çaqqalların aksiyasına necə reaksiya verəcək? Ötən illərdə, 2019 - cu ildə, elə bu vaxtlarda bir dəstə hay Ağrı dağına çıxıb, qondarma “artsax”ın əski parçasını qaldırmışdılar, Türkiyəyə qarşı saxta ərazi iddiaları ilə çıxış etmişdilər. O zaman Türk dünyasının çox qiymətli diplomatı Hulusi Kılıçla məsləhətləşəndən sonra Hulusi bəyin yüksək səviyyədə təşkilatçılığı və dəstəyi ilə Iğdır bölgəsində, Təkaltı dağında, İrəvanla üzbəüz yüksəklikdəki Mübariz İbrahimov Zirvəsində Ermənistana və bütövlükdə yolunu azmış haylara Türkiyə və Azərbaycan adından çox sərt mesajlar verildi. Yenidən Ağrı və Alagöz istiqamətində təxribata əl atanlar bununla nə demək istəyirlər? Bəlkə biz də yüksəklikdən təxribatçılara barmaq silkələyək? Duruş gətirə biləcəklərmi? Qərbi Azərbaycanda sakit şəkildə yaşamaq istəyirlərsə, cızıqlarından çıxmasınlar, yoxsa sonuc çox pis ola bilər! Necə deyərlər: “Bizi cin atına mindirməyin, oturun oturduğunuz yerdə!”
Elşad Paşasoy,
Musavat.com
14 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
08 Avqust 2026
07 Avqust 2026
03 Avqust 2026
01 Avqust 2026
31 Iyul 2026
30 Iyul 2026
28 Iyul 2026
27 Iyul 2026
26 Iyul 2026
23 Iyul 2026
21 Iyul 2026
15 Iyul 2026
12 Iyul 2026
08 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
03 Iyul 2026
02 Iyul 2026
01 Iyul 2026
29 Iyun 2026
27 Iyun 2026
26 Iyun 2026
24 Iyun 2026
21 Iyun 2026
18 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ