İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdə sığorta şirkəti ilə problem yaşayanların NƏZƏRİNƏ

Sığorta haqqını ödəyirik, amma sığorta hadisəsi baş verəndə “gözləyin”, “araşdıraq”, “sizə xəbər edəcəyik” cavabları ilə qarşılaşırıq. Xüsusilə xaricdə səfər zamanı səhhətində problem yaranan vətəndaşların yaşadığı bəzi hadisələr sığortanın real imkanları ilə bağlı ciddi suallar doğurur. Vətəndaşın xəstəxanaya ehtiyacı var, amma uyğun klinikanın tapılması saatlarla çəkir. Klinika müəyyənləşəndə isə ya məsafə problemi ortaya çıxır, ya da vətəndaş artıq öz hesabına hərəkət etməyə məcbur olur.

Belə vəziyyətdə sığorta polisinin və onun üçün ödənilən pulun real dəyəri nədir?

0356cd38-c759-316a-a27e-dd41df10e1fd_1200.jpg (146 KB)

Son günlər bununla bağlı xeyli şikayət diqqət çəkir. Şikayətlə bağlı daha ətraflı https://musavat.com/news/sigorta-firildagi-sigorta-haqqi-odeyirik-bes-xaricde-niye-xidmet-ala-bilmirik-sikayetler-artir_1282802.html yazısından oxuya bilərsiniz.

Əgər sığortanın əsas məqsədi məhz gözlənilməz vəziyyətlərdə vətəndaşa operativ yardım göstərməkdirsə, xidmətin gecikməsi hansı səbəbdən yaranır? Xaricdəki tibbi xidmət şəbəkəsinin zəifliyi, Azərbaycan şirkətlərinin xarici tərəfdaşları ilə münasibətləri, yoxsa sığorta müqavilələrinin şərtləri bu problemdə nə qədər rol oynayır?

WhatsApp Image 2026-08-18 at 13.03.52.jpeg (49 KB)

Azərbaycan Sığortaçılar Assosiasiyasının Ekspert qrupunun üzvü Emin Allahverdiyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Səyahət sığortası təcili tibbi yardım məqsədilə şəxsin gözlənilməz hal və hadisə nəticəsində xəstələnməsi, bədbəxt hadisə nəticəsində xəsarət alması və ya hər hansı baş verən, həyati təhlükə olan xəstəliklərə münasibətdə sığorta təminatını təqdim edən məhsuldur. Bu məhsulun əldə olunması Azərbaycanda qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və bu sığorta növünə lisenziyası olan sığorta şirkətlərindən mümkündür. Onlayn qaydada sığorta məhsulunun əldə olunması mümkün olur. Bunun üçün siz sığorta müqavilənizdə səfər etdiyiniz ölkəni və səfər müddətini qeyd edirsiniz, eyni zamanda xarici pasport məlumatlarınızı daxil etməklə səyahət sığortasını əldə edə bilirsiniz. Səyahət sığortasında sığorta müqaviləniz xarici ölkədə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda qüvvəyə minmiş olur. Ölkə ərazisinə qayıtdıqda isə sığorta müqaviləniz bitmiş hesab olunur. Sığorta müddətindən asılı olaraq bu, təbii ki, dəyişən bir məqamdır. Xarici ölkədə təcili tibbi yardım halı baş verərsə, sığorta təminatı əsasən təcili həkim çağırışı, hadisə yerinə təcili tibbi yardım maşınının gəlməsi və tibbi yardımın göstərilməsi kimi məqamları əhatə edir. İlkin tibbi müdaxilənin edilməsi - ağrıkəsicilərin vurulması, qanaxmanın dayandırılması və vəziyyətin stabilləşdirilməsi kimi xidmətlər də bu təminata daxildir. Həmçinin xəstəxanaya daşınma, xəstəxanada zərərçəkmiş şəxsə stasionar müalicə və digər tibbi xidmətlərin göstərilməsi həyata keçirilir. Tibbi təxliyəyə (repatriasiyaya) ehtiyac olarsa, bu xidmət də təmin olunur. Əgər şəxs bədbəxt hadisə və ya xəstəlik nəticəsində vəfat edərsə, cəsədin daşınması xidməti də həyata keçirilir”.

Ekspert əlavə edib ki, zərər baş verdikdə ilk növbədə sığorta şəhadətnaməsində göstərilən qaynar xəttə məlumat verməklə mərhələli şəkildə addımlar yerinə yetirilməlidir:

“Bu zaman sığorta şirkətinin yönləndirdiyi koordinator xidmətləri sizə ardıcıllığı bildirə bilər. Və yaxud da özünüz müəyyən müalicə və ödənişləri həyata keçirdikdən sonra tibbi sənədlərlə birgə sığorta şirkətinə müraciət edib zərər ödənişini kompensasiya şəklində ala bilərsiniz. Yəni bunun üçün mütləq qaydada ilk növbədə məlumatlandırma həyata keçirilməlidir. Hadisə anında məlumat vermək, sənədləri toplamaq və ölkəyə qayıtdıqdan sonra sığorta şirkətinə müraciət edərək sənədləri təqdim etməklə çəkdiyiniz xərclərin maliyyə kompensasiyasını almaq mümkündür. Bəzən qaynar xəttə zəng edərkən məşğulluq ola bilər. Bu gün sığorta şirkətləri süni intellektdən və çevik xidmət göstərən digər vasitələrdən istifadə edirlər. Sığorta şirkətlərinin rəsmi veb-saytları, e-poçt ünvanları və ya sosial şəbəkə hesabları vasitəsilə yazılı bildiriş göndərməyiniz də sığorta hadisəsi haqqında rəsmi məlumatlandırma hesab olunur. Hesab edirəm ki, bu addımları atsanız, səyahət sığortası üzrə hadisə baş verdikdə hər hansı çətinliklə üzləşməyəcəksiniz. Sığorta şirkəti ilə sığortalılar - istehlakçılar arasında bəzən müəyyən çətinliklər yarana bilər. Bu tipli çətinliklər olduqda, əlbəttə ki, öz hüquqlarınızdan istifadə edə bilərsiniz. Sığorta sektoru nəzarət olunan maliyyə institutlarından biridir. İstehlakçı ilə sığortaçı arasında yaranan hər hansı məsələdə nəzarət orqanı Azərbaycan Respublikasının Mərkəzi Bankıdır. Bura müraciət etməklə təklif, şikayət və iradlarınızı bildirə bilərsiniz. Bu qurum sığorta şirkəti ilə sığortalı arasındakı münasibətlərin tənzimlənməsini həyata keçirir və bura müraciət etmək, əlbəttə ki, sizin hüququnuzdur”.

WhatsApp Image 2026-08-18 at 13.03.02 (1).jpeg (27 KB)

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov da mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Bu, ümumi problemdir. Həmin məsələ həm Azərbaycanın sığorta şirkətləri, həm də xaricdə, xüsusən Avropada tibbi xidmətin səviyyəsi ilə bağlıdır. Orada da bürokratik maneələr çoxdur. Biz faktı qəbul etməliyik ki, səyahət sığortası formal bir amilə çevrilib. Məqsəd sadəcə şəxsin xarici ölkəyə buraxılması və problem yaşanmamasıdır. Reallıqda isə problem yarandıqda məlum olur ki, Avropada tibbi xidmətlərə əlçatanlıq kifayət qədər çətindir. Bizdə səhiyyə sahəsində xidmət daha əlçatandır, tez və cəld həyata keçirilir, Avropada isə bu məsələ problemlidir. Hətta sığorta olmadıqda da çətinliklər yaşanır; həkim çatışmır, həkim qəbuluna düşmək vaxt aparır. Sığorta olduqda isə bu çətinliklər daha da artır. Xüsusən də sığorta Avropa sığortaçısı deyil, Azərbaycan şirkətidirsə, bu, həmin ölkələrdəki sistem problemləri ilə daha çox bağlı olur. Onlar da arxayındırlar ki, heç kim məhkəməyə müraciət etməyəcək. Vətəndaşın hüquqlarının qorunması üçün məhkəməyə müraciət edilməlidir. Vətəndaş ölkəyə qayıtdıqdan sonra Azərbaycanın sığorta şirkətinə şikayət etməli, məhkəməyə verməli, sığorta şirkəti isə xarici tərəfdaşına müraciət etməlidir. Bu da çox uzun və bahalı prosesdir. Bütün bunları bildikləri üçün çox nadir halda kimsə bu prosesə qoşulur. Nə edilməlidir? Birincisi, vətəndaş hər şeyə rəğmən, öz haqqını tələb etməli və məhkəməyə müraciət etməlidir. İkincisi, Mərkəzi Bank nəzarəti gücləndirməlidir. Sığorta şirkətlərinin səyahət sığortası verərkən hansı xarici sığorta şirkətləri ilə müqavilə bağladığına və oradakı şərtlərə baxılmalıdır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR