Onlayn ictimai-siyasi qəzet
Ağ Evin rəhbəri Donald Tramp İrandan sonra Omanı təhdid etməyə başlayıb. Tehranla barışmaq istəyən Oman gəmilərinin Hörmüzdən rahat keçidini təmin etmək istəyib. Lakin bu addım ABŞ-nin xətrinə dəyib və Tramp Omanı hədələyib ki, Hörmüz boğazında Birləşmiş Ştatların səylərinə mane olarsa, bu ölkəyə hücum edəcək. Halbuki, dünənə kimi danışıqlarda Tehranla Vaşinqtonu barışdırmaq istəyən Oman olub.

Üçüncü əsrini yaşayan dövlətin müxtəlif bəhanələrlə digər ölkələrin ərazisinə hərbi müdaxilə etməsi ilk hal deyil. ABŞ tarix boyu dünyanın müxtəlif bölgələrində hərbi gücdən istifadə edib. ABŞ Konqresinin araşdırma xidmətinin məlumatına görə, 1798–2023-cü illər arasında Amerika silahlı qüvvələrinin xaricdə istifadəsi ilə bağlı yüzlərlə hadisə qeydə alınıb. Bu əməliyyatların miqyası və məqsədləri bir-birindən ciddi şəkildə fərqlənir: bəziləri qısamüddətli müdaxilələr, digərləri isə uzunmüddətli müharibələr olub.
Bir çox hallarda Vaşinqtonun hərbi müdaxilə üçün irəli sürdüyü səbəblər sonradan ciddi suallar doğurub.
Bu baxımdan ən diqqətçəkən nümunələrdən biri Vyetnam müharibəsidir. ABŞ 1960-cı illərdə Cənubi Vyetnamı kommunizmin yayılmasından qorumaq və “yıxılan domino daşları nəzəriyyəsi” çərçivəsində Cənub-Şərqi Asiyada kommunist rejimlərin genişlənməsinin qarşısını almaq məqsədi ilə bölgədəki hərbi iştirakını sürətlə artırıb. 1964-cü ilin avqustunda Tonkin körfəzində ABŞ hərbi gəmilərinə Şimali Vyetnam tərəfindən hücum edildiyi bildirilib. Bu hadisələr prezident Lindon Consona Konqresdən geniş hərbi səlahiyyətlər almağa və müharibəyə daha fəal şəkildə qoşulmağa imkan verib.

Lakin sonrakı araşdırmalar Tonkin körfəzindəki ikinci hücumun həqiqətən baş verib-vermədiyi ilə bağlı ciddi şübhələr yaradıb. ABŞ Dövlət Departamentinin özünün dərc etdiyi tarixi sənədlərdə qeyd olunub ki ABŞ administrasiyası 4 avqust 1964-cü ildə hücumun baş verdiyinə inanaraq hərəkət edib. Bu səbəbdən Tonkin hadisəsi ABŞ-nin müharibəyə genişmiqyaslı müdaxiləsini əsaslandıran ən mübahisəli epizodlardan biri hesab olunub.
ABŞ-nin xarici siyasətində növbəti mühüm mərhələ 1983-cü ildə Qrenadaya müdaxilə olub. Vaşinqton əməliyyatı ABŞ vətəndaşlarının “təhlükəsizliyinin təmin edilməsi, regional sabitliyin qorunması və Qrenadadakı siyasi böhranla” əlaqələndirib. Ardınca 1989-cu ildə Panamaya hərbi müdaxilə həyata keçirilib. Bu dəfə əsas arqumentlər sırasında “ABŞ vətəndaşlarının müdafiəsi, demokratik hökumətin bərpası və Manuel Noryeqanın hakimiyyətdən uzaqlaşdırılması” dayanıb. ABŞ Konqresinin materialları həmin əməliyyatları xaricdə ABŞ silahlı qüvvələrinin istifadəsi nümunələri sırasında göstərib.

ABŞ tarixində ən çox müzakirə olunan və “saxta bəhanə” ifadəsi ilə əlaqələndirilən nümunə isə 2003-cü ildə İraqa müdaxilədir. Corc Buş administrasiyası Səddam Hüseyn rejiminin kütləvi qırğın silahlarına malik olduğunu, beynəlxalq öhdəliklərini pozduğunu və ABŞ üçün təhlükə yaratdığını bildirib. 2002-ci ildə ABŞ Konqresi prezidentə İraqa qarşı hərbi gücdən istifadə etmək səlahiyyəti verib. ABŞ Konqresinin araşdırma xidməti 2003-cü il İraq müharibəsini ABŞ silahlı qüvvələrinin xaricdəki əsas hərbi əməliyyatlarından biri kimi qeyd edib.
Müharibədən sonra isə əsas arqumentlərdən biri ciddi şəkildə sarsılıb: İraqda ABŞ administrasiyasının təsvir etdiyi miqyasda kütləvi qırğın silahları ehtiyatları aşkar edilməyib. ABŞ Senatının kəşfiyyat üzrə komitəsinin sonrakı araşdırması göstərib ki, administrasiyanın bəzi yüksək səviyyəli nümayəndələrinin müharibədən əvvəl səsləndirdiyi fikirlər mövcud kəşfiyyat məlumatlarının qeyri-müəyyənliyini tam əks etdirməyib. Komitə, həmçinin İraqın kimyəvi silah istehsalı imkanları barədə bəzi siyasi bəyanatların kəşfiyyat məlumatlarında mövcud olan qeyri-müəyyənlikləri nəzərə almadığını bildirib.

Bununla yanaşı, Əfqanıstan müharibəsini də eyni kateqoriyaya daxil etmək mümkündür. 2001-ci ildə ABŞ-ın müdaxiləsi 11 sentyabr terror hücumlarından sonra başlayıb və guya əsas məqsəd “əl-Qaidə”yə qarşı mübarizə aparmaq, terrorçulara sığınacaq verən “Taliban” rejiminə təzyiq göstərmək olub. Ancaq sonradan, 2021-ci ildə ABŞ hərbi kontingenti silahlarını bu təşkilata buraxaraq Əfqanıstanı tərk edib.
Nəticə etibarilə, Vyetnamda Tonkin körfəzi hadisəsinin mübahisəli xarakteri, İraqda kütləvi qırğın silahları ilə bağlı iddiaların sonradan doğrulmaması ən çox müzakirə olunan nümunələrdir. Buradan çıxan əsas nəticə odur ki, “bəhanə” ilə “rəsmi əsaslandırma” anlayışlarını bir-birindən ayırmaq lazımdır. Bir dövlətin hərbi əməliyyata dair açıqladığı səbəb onun yeganə motivi olmaya bilər; eyni zamanda sonradan həmin səbəbin yanlış çıxması avtomatik olaraq bütün müharibənin əvvəlcədən hazırlanmış plan olduğunu sübut edir.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ