Onlayn ictimai-siyasi qəzet
Dəməşq cinayət məhkəməsi keçmiş Suriya prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsədi edam cəzasına məhkum edib.
Musavat.com Suriya dövlət xəbər agentliyi SANA-ya istinadla xəbər verir ki, məhkəmə onu müharibə cinayətlərində, insanlığa qarşı cinayətlərdə, qətl və işgəncələrdə günahkar bilib. Məhkəmə həmçinin V.Əsədin daşınar və daşınmaz əmlakının müsadirə edilməsi barədə qərar verib.
Məhkəmənin məlumatına görə, Vasim Əsədlə əlaqəli silahlı qrup Cərəmana şəhərində bir mağazaya hücum edib, onu talan edib və mağazanın müxalifətçi sahibini qaçırıb. Vasim Əsəd həmçinin ölkənin bir neçə yerində suriyalıları oğurlamaqda və öldürməkdə də günahkar bilinib.
Vasim Əsədin məhkəməsi 24 iyunda başlayıb. O, Bəşər Əsədin qardaşı Mahirin komandanlığı altında Suriya ordusunun 4-cü diviziyası ilə əlaqəli silahlı qruplar yaratmaqda və onlara rəhbərlik etməkdə ittiham olunub. İttihamnaməyə görə, bu bölmələr 2011-ci ildən bəri Şərqi Qutada, o cümlədən Mleyha ərazisində mülki şəxslərin ölümünə səbəb olan əməliyyatlarda iştirak ediblər.
Suria TV-nin məlumatına görə, eyni zamanda məhkəmə Vasim Əsədə kifayət qədər dəlil olmadığı üçün qaçaqmalçılıq və narkotik ticarəti ittihamlarından bəraət qazandırıb. O, həmçinin daimi əlilliyə səbəb olan bədən xəsarəti yetirdiyinə görə üç il, digər ittihamlar üzrə daha üç il həbs cəzasına layiq görülüb, lakin bu cəzalar ölüm hökmü ilə əvəz olunub.
Vasim Əsəd 21 iyun 2025-ci ildə Suriya-Livan sərhədində həbs edilib.
Bir həftə əvvəl, eyni məhkəmə Bəşər Əsədiin əmis oğlu Afet Nəcibi barədə edam hökmü çıxarıb. Bundan başqa məhkəmə Bəşər Əsədi, onun qardaşı Mahiri və keçmiş rejimin bir neçə digər üzvünü qiyabi olaraq ölüm hökmünə məhkum edib. 2024-cü ilin dekabrında rejim devrildikdən sonra Bəşər Əsəd Rusiyaya qaçıb və sığınacaq alaraq, orada yaşayır. Məlumata görə, Mahir Əsəd də Rusiyaya qaçıb.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ