Onlayn ictimai-siyasi qəzet
Rusiyada Pskov məhkəməsinin hakimi Viktoriya Malyamova “Yabloko” partiyasının sədr müavini Lev Şlosberqə 11 il 1 ay həbs cəzası kəsib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prokuror Anna Qoryaçeva siyasətçinin 12 il 1 ay həbs cəzasına məhkum edilməsini istəmişdi. Cəza əvvəlki hökm nəzərə alınmaqla verilib.
Ordunu "ləyaqətdən salmaq" ittihamı ilə ona qarşı işin açılmasına səbəb “Odnoklassniki” saytında tarixçi Yuri Pivovarovla debatın videosunu yerləşdirməsi olub. Videoda o, Rusiyanın Ukrayna ilə müharibəsinin dərhal dayandırılmasını müdafiə edib.
"Saxta xəbərlər" işi Şlosberqin 25 fevral 2022-ci ildə Britaniya qəzeti “Daily Mirror”un ön səhifəsində yer alan şəkli öz Telegram kanalında paylaşması səbəbindən açılıb. Səhifədə qan içində olan bir qadın və Vladimir Putin görünür və şəkli "Onun qanı... Onun əlləri" ifadəsi müşayiət edir. Siyasətçi vurğulayıb ki, bu paylaşım Rusiyada “orduya dair saxta xəbərlər" haqqında qanunun tətbiqindən əvvəl edilib (qanun Rusiya Federasiyasının Prezidenti tərəfindən 4 mart 2022-ci ildə imzalanıb).
14 avqustda Pskov şəhər məhkəməsində siyasətçinin vəkillərinin iştirak etmədiyi dinləmə keçirilib (onlardan ikisi digər məhkəmə prosesində olub, üçüncüsü isə xəstəxanaya yerləşdirilib). Lakin hakim Malyamova dinləməni təxirə salmayıb və Şlosberqin etirazlarına baxmayaraq, ona dövlət tərəfindən təyin olunmuş vəkil təklif edib.
Həmin gün Şlosberq son sözlə çıxış edib. Hakim mütəmadi olaraq siyasətçinin sözünü kəsib və onun çıxışına müdaxilə edib. Xüsusilə, Şlosberq Rusiya ilə Ukrayna arasında atəşkəsin zəruriliyindən danışanda hakim onu kəsib və ddeyib ki, "təsvir edilən halların baxılan cinayət işi ilə əlaqəsi yoxdur".
Lev Şlosberq müharibəyə açıq şəkildə qarşı çıxan və eyni zamanda Rusiyada qalan azsaylı rus siyasətçilərindən biridir. 2022-ci ildən bəri o, müharibə əleyhinə mövqe tutur, həmişə ilk növbədə hərbi əməliyyatların dayandırılmasını tələb edib. Buna görə də onunla ölkəni tərk edən bloqerlər və siyasətçilər arasında münaqişələr yaranıb. Xüsusilə, publisistlər Viktor Şenderoviç və Sergey Parxomenko Şlosberqi hərbi əməliyyatların dayandırılmasının tərəfdarı olduğuna görə tənqid ediblər. Siyasətçi özü Ukrayna silahlı qüvvələrini dəstəkləyən siyasi mühacirləri "xarici qan partiyası" adlandırıb, çünki onlar "hərbi əməliyyatların Kursk bölgəsinə keçdiyinə, hərbçilər və mülki şəxslər arasında itkilərin olduğuna seviniblər".
Şlosberq öz mövqeyi haqqında belə yazıb:
“Əgər siyasətçi öz ölkəsinin vətəndaşlarına ölüm arzulamağa başlayırsa, o, artıq bu ölkənin siyasətçisi deyil. <…> Sizi sürgün edən vətən də daxil olmaqla, vətəninizdən ayrılmaq çətin bir sınaqdır. Bu sınaqdan keçmək üçün ölkəyə bağlılıq anlayışını qorumalısınız - hətta xalqın sizi başa düşmədiyi və qəbul etmədiyi, sizi zəhərlədiyi və sizə ölüm arzuladığı çətin dövrlərdə belə. Xaricdə, həbsxanada və ya həbs təhlükəsi altında olarkən belə xalqınıza ölüm, kədər, bədbəxtlik arzulamamalısınız. Əlbəttə ki, bu xalqı və ölkəni özünüzkü hesab edirsinizsə.
2023-cü ilin iyun ayında Şlosberq "xarici agent" elan edilib və daha sonra ordunu "nüfuzdan salmaq" və "xarici agent" öhdəliklərini yerinə yetirməmək maddəsi ilə dəfələrlə cərimələnib. Siyasətçi 2025-ci ilin iyun ayından bəri ordunu "nüfuzdan salmaq" maddəsi ilə ev dustaqlığında olub. Həmin ilin dekabr ayında "saxta xəbərlər"lə bağlı cinayət işi açıldıqdan sonra o, istintaq təcridxanasına yerləşdirildi.
2014-cü ilin avqust ayında Şlosberqin redaktoru olduğu "Pskov quberniyası" qəzeti Ukraynanın şərqindəki döyüşlərdə həlak olan Pskov desantçılarının dəfn mərasimi barədə məlumat verib. Həmin vaxt Rusiya Müdafiə Nazirliyi nizami ordunun Ukraynanın şərqindəki hərbi əməliyyatlarda iştirak etdiyini qəti şəkildə təkzib edib və bu hərbçilərin hərbi təlimlər zamanı öldüyünü etiraf edib.
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ