Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır. Bununla bağlı məsələ parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 28-də keçirilən iclasının gündəliyinə daxil edilib.
8 fəsil və 63 maddədən ibarət olan layihəyə əsasən, bütün uşaqlar irqindən, dinindən, dilindən, cinsindən, sosial vəziyyətindən və digər əlamətlərdən asılı olmayaraq bərabər hüquqlara malikdir və ayrı-seçkiliyə məruz qala bilməz. Uşaqlar valideynlərinin hərəkət və ya hərəkətsizliyinə görə məsuliyyət daşımır, nikahdan və ya nikahdankənar doğulmasından asılı olmayaraq valideynlərinə münasibətdə eyni hüquqlara sahibdir.
Qanun uşağın fərdiliyinin — adı, vətəndaşlığı və ailə əlaqələrinin qorunmasını təmin edir. Hər bir uşağın azadlıq, şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatının sirri hüququ qanunla müdafiə olunur. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşağın izlənməsi, foto-video çəkilişi, səs yazısı və şəxsi məlumatlarının toplanması qadağan edilir.
"Uşaq hüquqları haqqında” qanunun müzakirəsi zamanı səslənən təkliflər – valideynlərin cəzalandırılması, uşaqların dərhal valideyndən alınması, məhdudlaşdırmalar və digər sərt addımlarla bağlı aparılan müzakirələrlə bağlı deyə bilərəm ki, cəzanın yalnız son mərhələdə tətbiq olunmasının tərəfdarıyam".
Musavat.com xəbər verir ki, bu fikirləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
O qeyd edib ki, bəzi hallarda uşağın mənafeyi naminə valideynindən ayrılması sonradan daha ağır fəsadlara səbəb ola bilir:
“Bəzi əməllər var ki, məsələn, uşaqlara qarşı cinsi toxunma halları və buna bənzər ağır cinayətlər – bu cür hallarda həmin şəxslərin ömürlük cəzalandırılmasının tərəfdarıyam. Lakin digər hallarda, bütün sosial, iqtisadi və psixoloji dəstək mexanizmləri valideynə tam paket şəklində təqdim edilməlidir. Əgər valideyn bu dəstəkdən sonra da dəyişməzsə, yalnız bundan sonra cəza, o cümlədən valideynlik hüququndan məhrum etmə məsələsinə baxılmasının tərəfdarıyam.
Biz bəzən “uşağın mənafeyi” deyərək onun valideyndən ayrılmasının yaratdığı travmaların fəsadlarını dərk edirikmi? Uşağın üstün marağı ailə ilə birlikdə olmaqdır. Uşağın üstün marağı ailə daxilində xoşbəxt olmaqdır. Biz uşaqlara dəstəyi valideynə dəstəkdən başlamalıyıq. Əks halda travmalı uşaqlar bizim gələcəyimiz olacaq – kökündən, soyundan ayrılmış bir ordu”.
Xalidə Gəray
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ