Onlayn ictimai-siyasi qəzet
Rusiyanın hərbi-siyasi rəhbərliyi dinbir-dilbir Ukraynanın uşaqlar daxil, bütün dinc əhalisini soyuqdan dondurmaq istəyində belə görünür qətidir. Ölkənin enerji sistemini sıradan çıxarmaqla, xəstəxanaları, cərrahi və reanimasiya şöbələrini, doğum evlərini işıqsız qoymaqla Ukraynanı “denasifikasiya”, əhalisini ram edəcəyini düşünür.
Hərçənd heç 2-ci Dünya Müharibəsi zamanı alman nasistlərin də mülki əhaliyə qarşı bənzər qəddarlığa getməyib. Amma Rusiya öz mənhus hədəfinə çatmaq üçün bütün vasitələri məqbul sayır.
Şübhə yox ki, rəsmi Moskva bununla sadə ukraynalıların daha dərin nifrətini qazanacaq. Bu fədakar xalqın öz prezidenti ətrafında bir da sıx birləşməsinə stimul yaradacaq. Kiyevdən verilən reportaj-süjetlər bu qənaəti möhkəmlədir.
Çünki tarixdə hələ heç bir təcavüzkara zorla hansısa xalqın hüsn-rəğbətini qazanmaq müyəssər olmayıb. Bu – mümkünsüz. Ona görə ki, sevgi-məhəbbət yalnız qayğı və mərhəmət qarşılığında qazanılan bir anlayış, dəyərdir...
Bunlar bir yana, görəsən Rusiya patriarxı Kiril bu zülmə necə baxır? Rusların qəddarlığını, antibəşəri hərəkərlərini bir Allah adamı, din xadimi, xristian olaraq pisləyir, yoxsa həmişəki kimi, Rusiyanın “qələbəsi” üçün yenə dualar edir? Axı belə bir deyim var: hər hansı müharibə bir körpənin göz yaşına dəyməz. O ki ola işğalçı müharibə.
Söz düşmüşkən, biz bilirik ki, Putin də vaxtaşırı kilsəyə gedib dualar edir, şam yandırır. Necə deyərlər, qovan da “Allah” çağırır, qaçan da. Ancaq çifayda? Uca Yaradan bütün duaları eşidər, fəqət onlardan yalnız haqlı olanınkı gerçəkləşər. Gec ya tez...
Deyilə bilər ki, eyni hücumları Ukrayna Rusiya ərazisində edir. Neft-emal zavodlarını sıradan çıxarır və s. Ancaq əvvəla, Kiyev aşırı qəddarlığa getmir. İkincisi, bu, işğala məruz qalan bir ölkənin məcburiyyətdən doğan özünü müdafiə və cavab tədbiridir. Energetik infrastrukturu ilk hədəf alan isə məhz Rusiya olub.
Üçüncü yandan, bəllidir ki, Zelenski dəfələrlə Moskvaya təklif edib ki, tərəflər strateji əhəmiyyətli mülki obyektləri hədəf almamaq barədə öhdəlik götürsün. Rusiya razı olmayıb. Yəqin həm də o səbəbə ki, öz ərazisinin böyüklüyünə, Ukraynanın daha tez tükənəcəyinə və bezəcəyinə arxayındır.
Odur ki, kollektiv Qərb bu qış məxsusən məğrur və qəhrəman Ukrayna xalqı və onun liderinin yanında olmalı, gərəkən dəstəyi arıqlaması ilə verməlidir. Həm ölkənin hava hücumundan müdafiəsi, həm də elektrik avadanlıqları ilə təchizat məsələsində. Bu qış əvvəlki üç qışa əsla bənzəməz. Bu – kritik bir dönəm. Hətta döyüş meydanındakı duruma həlledici təsir göstərəcək bir dönəm-qış...
Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov aşağıdakı sözləri ilə batil duaların ünvanına bir daha aydınlıq gətirib, bütün daşları" yerinə qoyub. Nazir tam ciddi şəkildə bildirib ki, “ordu, donanma və aerokosmik qüvvələr Rusiyanın əsas müttəfiqləridir”.
Sanki biz bilmirmişik ki, Rusiyanın dostları yoxdur, heç vaxt da olmayıb - özündən savayı.
Yeri gəlmişkən, “Rusiyanın yalnız iki müttəfiqi var – ordu və donanma” ifadəsi imperator III Aleksandra məxsusdur. Bunu illər öncə Putin də dilə gətirib. Nə anlama gəlir bu? Əlbəttə, hər şeydən öncə o anlama ki, Rusiya dövlətinin imperialist və işğalçı mahiyyəti dəyişməz qalır. Bu da onun növbəti etirafıdır. Ən yüksək səviyyədə.
Ona görə də hamı bu mesajı, siqnalı ciddiyə alsın – özəlliklə həmsərhəd ölkələr. Hər halda bütün normal, sülhpərvər dövlətin müttəfiqi, sadiq dostları olur. Heç olmasa bircə dənə. Rusiyanın isə ya düşməni olur, ya da vassalı. Belə bir deyim də var...
Z.SƏFƏROĞLU
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ