Onlayn ictimai-siyasi qəzet
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Türkmənistan Dövlət Universitetində görkəmli söz ustadı, dramaturq, ictimai xadim, akademik, SSRİ Dövlət mükafatları laureatı, Xalq şairi Səməd Vurğunun (1906-1956) anadan olmasının 120 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Türkmənistan Dövlət Universitetinin rəhbərliyi, Filologiya fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib.
Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin katibi Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Deyib ki, Səməd Vurğun bənzərsiz yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynayıb.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Səməd Vurğun və Türk dünyası” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, Azərbaycanın ədəbi fikir salnaməsində xüsusi yer tutan Səməd Vurğunun çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanır. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparıb, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər qələmə alıb.
Qeyd olunub ki, keçmişə ehtiram və gələcəyə inam S.Vurğunun yaradıcılığında xüsusi yer tutur. Ədibin əsərləri türk respublikalarında da böyük rəğbətlə qarşılanıb, pyesləri uğurla səhnələşdirilib. S.Vurğunun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində parlaq səhifə təşkil edir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov “Səməd Vurğunun yaradıcılığında vətən mövzusu” adlı məruzəsində bildirib ki, Xalq şairinin ədəbi irsi əsasən ana yurdun tərənnümündən ibarətdir. Söz sənətkarının əsərləri bu gün də insanları öz vətənini sevməyə səsləyir.
“Azərbaycan və Türkmənistan ədəbi əlaqələrinin inkişafı, ədəbiyyat mübadiləsi" mövzusunda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov ədəbiyyatın xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynadığını bildirib.
Tədbirdə bədii qiraətçi Hüseynağa Aslanov şairin poetik irsindən nümunələr səsləndirib.
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ