Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın siyasi nüfuzu noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində Respublikaçılar Partiyası daxilində yeni müzakirələrə səbəb olub. Son sorğu göstərir ki, hətta 2024-cü ildə Trampa səs vermiş seçicilərin bir hissəsi respublikaçı namizədlərin prezidentdən məsafə saxlamasını istəyir.
Musavat.com “Politico” saytına istinadən xəbər verir ki, müstəqil PF Global şirkəti ilə birlikdə keçirilmiş sorğuda Trampa səs vermiş hər dörd seçicidən biri respublikaçı namizədlərin noyabr seçkilərində qalib gəlmək üçün prezidentin mövqeyindən fərqlənməli olduğunu bildirib.
Nəşrin yazdığına görə, bu tendensiyanın arxasında ABŞ-da yaşayış xərclərinin artması, inflyasiya, benzin qiymətlərinin yüksəlməsi, ipoteka faizlərinin təxminən 7 faizə çatması, İranla davam edən müharibə və Kanada ilə ticarət qarşıdurması dayanır.
Benzinin bir qallonunun təxminən 4 dollara yüksəlməsi xüsusilə seçicilərin narazılığını artırıb.
Mişiqan ştatından Senata namizəd Mayk Rocers Kanada ilə tarif müharibəsinə son qoymağa çağırıb. Bu, onun əvvəllər Trampın ticarət siyasətini müdafiə etməsi fonunda diqqət çəkib.
Respublikaçı siyasi məsləhətçi Ceyson Rou bildirib ki, seçicilər üçün gündəlik yaşayış xərcləri getdikcə daha böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Mişiqanda həm İran müharibəsinin yanacaq qiymətlərinə təsiri, həm də Kanada ilə ticarət münaqişəsi ciddi narahatlıq yaradır.
Trampın siyasətindən müəyyən məsafə saxlamağa çalışan digər respublikaçılar da var.
Floridadan Konqres üzvü Mariya Elvira Salazar prezidentin sərt miqrasiya siyasətini tənqid edib. Ayova ştatından Senata namizəd Eşli Hinson dizel yanacağının bahalaşması fonunda İran müharibəsinin dayandırılmasına çağırıb.
Texasdan Senata namizəd Ken Pakstonun isə qapalı söhbətlərdə Trampdan və Respublikaçılar Partiyasının milli rəhbərliyindən uzaqlaşmaq cəhdlərini əks etdirən məlumatlar mətbuata sızıb.
Respublikaçıların seçki kampaniyasında çalışan, adının açıqlanmasını istəməyən strateqlərdən biri “Politico”ya bildirib ki, Trampın bütün qərarlarını qeyd-şərtsiz müdafiə etmək 2026-cı il seçkilərində uğurlu strategiya olmaya bilər.
Lakin sorğu Respublikaçılar Partiyası daxilində daha mürəkkəb mənzərəni də ortaya qoyub.
Trampa səs verən, amma özünü MAGA hərəkatının üzvü hesab etməyən seçicilər prezidentin iqtisadiyyat, ticarət, miqrasiya və İran müharibəsi ilə bağlı siyasətindən uzaqlaşmağı daha çox dəstəkləyirlər.
MAGA tərəfdarlarının isə üçdəikisindən çoxu respublikaçı namizədlərin həmin məsələlərdə Trampın mövqeyinə sadiq qalmasını istəyir.
Bu vəziyyət respublikaçı namizədləri çətin seçim qarşısında qoyur: Trampa həddindən artıq yaxın görünmək tərəddüd edən seçiciləri uzaqlaşdıra bilər, prezidentdən açıq şəkildə ayrılmaq isə onun ən sadiq tərəfdarlarının dəstəyini zəiflədə bilər.
Administrasiyanın sözçüsü Devis İnql bildirib ki, Tramp dərman qiymətlərinin azaldılması, vergilərin aşağı salınması, sərhəd təhlükəsizliyi və məşğulluğun artırılması istiqamətində mühüm addımlar atıb. Onun sözlərinə görə, prezident Respublikaçılar Partiyasının əsas lideri və seçiciləri səfərbər edən başlıca siyasi fiqur olaraq qalır.
Respublikaçılar Partiyasının Milli Komitəsi də namizədlərin prezidentin siyasi gündəliyi ətrafında birliyini qoruduğunu bəyan edib.
Tramp isə seçiciləri noyabrda sanki onun özünün də namizəd olduğunu düşünərək səs verməyə çağırır. Prezident müxtəlif ştatlarda keçirdiyi mitinqlərdə iqtisadi siyasətini müdafiə edir və İranla müharibə fonunda qiymət artımlarını milli təhlükəsizlik naminə ödənilən bədəl kimi təqdim edir.
Bununla belə, bəzi respublikaçı namizədlər Trampın öz dairələrində seçki kampaniyasına qoşulmasının tərəddüd edən seçiciləri uzaqlaşdıra biləcəyindən ehtiyatlanırlar.
Barak Obamanın 2008-ci il seçki kampaniyasının baş strateqi olmuş demokrat Devid Akselrod vəziyyəti obrazlı şəkildə təsvir edib. Onun sözlərinə görə, Tramp seçiciləri səfərbər etmək üçün güclü vasitə ola bilər, lakin həmin vasitə namizədlərin özünə də zərər vura bilər.
“Problem ondadır ki, məşəl bütün evi yandıra bilər”, – deyə Akselrod bildirib.
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ