Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Venesuela-Kuba münasibətləri ilə bağlı sərt və qalmaqallı açıqlama verib.
Musavat.com xəbər verir ki, Tramp deyib ki, illərdir Venesuelanın iqtisadi resursları hesabına ayaqda qalan Kuba artıq bu dəstəkdən məhrum ediləcək.
Ağ Ev rəhbəri Havananı Venesuelada avtoritar rejimlərin təhlükəsizliyini təmin etməkdə ittiham edib və bu əməkdaşlığın sona çatdığını bəyan edib.
Trampın açıqlaması Vaşinqtonun Latın Amerikasında siyasətini daha da sərtləşdirdiyini, xüsusilə Karakas üzərində nəzarəti gücləndirmək niyyətində olduğunu göstərir.
“Kuba illərdir Venesueladan külli miqdarda neft və pul hesabına yaşayır. Bunun müqabilində Kuba son iki Venesuela diktatoruna təhlükəsizlik xidmətləri göstərib. Amma artıq yox!
Bu kubalıların əksəriyyəti ABŞ-ın son hücumunda həlak olub və Venesuelanın artıq ölkəni illərdir girov saxlayan cinayətkarlardan və şantajçılardan qorunmağa ehtiyacı yoxdur.
Venesuelanı indi dünyanın ən güclü ordusu olan ABŞ qoruyur və biz də qoruyacağıq. Artıq Kubaya nə neft, nə də pul gedəcək - sıfır!
Mən onları çox gec olmadan razılaşma əldə etməyə çağırıram”, deyə Tramp bildirib.
Trampın bu açıqlaması regionda yeni geosiyasi gərginlik dalğasına səbəb ola bilər. Xüsusilə də Kubanın iqtisadiyyatının böyük ölçüdə xarici enerji və maliyyə dəstəyindən asılı olduğu bir vaxtda belə bəyanatlar Havananın vəziyyətini daha da çətinləşdirə bilər.
Ekspertlər hesab edirlər ki, Vaşinqton bu cür sərt ritorika ilə həm Venesuela hakimiyyətinə təzyiqi artırmaq, həm də Kubanı siyasi güzəştlərə məcbur etmək istəyir. Trampın “ABŞ Venesuelanı qoruyur” fikri isə bölgədə ABŞ-ın hərbi-siyasi rolunu açıq şəkildə ön plana çıxarır. Görünən odur ki, Tramp administrasiyası Latın Amerikasında kompromisdən çox, təzyiq və ultimatum xəttini seçib. Bu siyasətin regionda hansı nəticələr doğuracağı isə yaxın aylarda daha aydın görünəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ