Onlayn ictimai-siyasi qəzet
Son həftələrdə Vaşinqtonla Moskva arasında baş tutan ardıcıl görüş və danışıqlar ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı diplomatik kanalları açıq saxlamağa çalışdığını göstərir. Sentyabrın 5-də Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvada Vladimir Putinlə üç saatdan artıq davam edən görüşü, ardınca sentyabrın 9-da Trampın Putinlə telefon danışığı bu xəttin əsas təmasları sırasında idi.
Bundan sonra sentyabrın 22-də Nyu-Yorkda Trampla Vladimir Zelenski arasında görüş keçirildi. Həmin görüşdən bir neçə gün sonra isə Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-a səfər edərək Tramp administrasiyasının rəsmiləri ilə danışıqlar apardı. Son görüşlərdə Ukrayna müharibəsinin dayandırılması ilə yanaşı, müharibədən sonrakı dövrdə ABŞ və Rusiya arasında mümkün enerji layihələrinin də müzakirə olunması diqqət çəkir. ABŞ rəsmisi Dmitriyevin Vaşinqtondakı görüşlərini “konstruktiv” kimi xarakterizə edib.
Bütün bunlar Vaşinqton-Moskva xəttində diplomatik kanalın yenidən fəallaşdığı görünür. Bununla yanaşı, Ukraynada hərbi əməliyyatlar davam edir və NATO Moskvanın son nüvə ritorikasını məsuliyyətsiz adlandıraraq sərt reaksiya verib. Bu isə diplomatik masadakı təmaslarla döyüş meydanındakı reallıq arasında ciddi ziddiyyətin hələ də qaldığını göstərir.

Politoloq Həsən Məmmədov Musavat.com-a bildirdi ki, hazırkı diplomatik təmaslar Vaşinqtonun Moskva ilə danışıqlar kanalını yenidən aktivləşdirməyə çalışdığını göstərdi: “Sentyabrın 5-də Trampın nümayəndələri Uitkoff və Kuşnerin Putinlə üç saatdan artıq görüşməsi, daha sonra Kirill Dmitriyevin Vaşinqtonda ABŞ rəsmiləri ilə “konstruktiv” danışıqlar aparması bunu təsdiqləyir. Məncə, burada həm Rusiya, həm də Ukrayna hakimiyyətinin ciddi siyasi səhvləri görünür. Trampın əvvəlki təşəbbüsləri Moskva üçün müəyyən güzəştlər və diplomatik çıxış imkanları yarada biləcək məqamlar daşıyırdı və bunların vaxtında dəyərləndirilməməsi müharibənin uzanmasına səbəb olan amillərdəndir. Eyni zamanda, Moskvanın hərbi təzyiqi davam etdirməsi də real sülh imkanlarını çətinləşdirib. Hazırda isə Rusiya və Ukrayna mövqeləri arasında ciddi fərqlər qalır.
Əgər Vaşinqton-Moskva kanalı real razılaşmaya çevrilərsə, Ukraynanın danışıqlardakı mövqeyi əvvəlkindən daha mürəkkəb ola bilər. Çünki Kiyev hərbi, maliyyə və siyasi baxımdan ABŞ və Avropanın dəstəyindən ciddi şəkildə asılıdır. Buna görə də uzunmüddətli müharibə Ukraynanın manevr imkanlarını daha da məhdudlaşdırır. Lakin nəticənin indidən “birmənalı məğlubiyyət” kimi təqdim edilməsi üçün hələ əsas yoxdur. Digər tərəfdən, Ukraynanın son dövrdə müəyyən əks-hücum uğurları əldə etdiyi də nəzərə alınmalıdır. Məsələn, Ukrayna qüvvələrinin sentyabrda Donetsk istiqamətində irəliləyişləri barədə məlumatlar yayılıb. Əgər Kiyev bu əks-hücumları davam etdirərək real və davamlı hərbi irəliləyiş əldə edə bilməsə, danışıqlar masasında üstünlük tədricən Rusiyanın xeyrinə dəyişəcək. Bu halda müharibənin nəticəsi Moskvanın mövqeyini gücləndirən razılaşma ilə yekunlaşa bilər”.
Cavanşir Abbaslı
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ