Onlayn ictimai-siyasi qəzet
Kasım-Jomart Tokayev bildirib ki, 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən iğtişaşlar “inqilablar” üzrə ixtisaslaşmış mütəxəssislərin kuratorluğu altında həyata keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə o, “Türküstan” qəzetinə müsahibəsində danışıb.
“İğtişaşların təşəbbüskarları “inqilablar” üzrə mütəxəssislərin rəhbərliyi altında hökumətin yanacaq qiymətlərini artırmaq qərarından istifadə edərək insanların kütləvi nümayişlərə çıxmasına səbəb oldular”, – deyə Tokayev qeyd edib.
Onun sözlərinə görə, daha sonra vətəndaşlar, dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının xeyli hissəsi arasında panika yaradılıb:
“Onlar xidmət yerlərini tərk edir, məxfi sənədləri və silahları qoyub gedirdilər. Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin bir sıra rəhbərləri vətənə sədaqət və peşəkarlıq imtahanından keçə bilmədilər”.
2022-ci ilin yanvar ayının əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş vermiş, iştirakçılar polis və hərbçilərə hücum etmişdilər. Prezident Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd edildiyini bəyan etmiş, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəmişdi. Yanvarın 7-dək vəziyyət sabitləşdirilmiş, yanvarın 19-da isə ölkə üzrə fövqəladə vəziyyət rejimi ləğv olunmuşdu. Rəsmi məlumatlara görə, iğtişaşlar zamanı 238 nəfər həlak olub, 4,5 mindən çox insan xəsarət alıb.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ