İnsanlara hürriyət, millətlərə istiqlal!

Tikinti şirkətlərinin, yoxsa mülkiyyətin toxunulmazlığı

 

MMC-lər konstitusiyanı, məhkəmələri saymır; vətəndaşlar narazı salınır, yaşıllıqlar məhv edilir

Son vaxtlar Bakıda mülkiyyət hüquqlarının pozulması hallarını əks etdirən videolar, şikayətlər çoxalıb. Tikinti şirkətləri şəhərin mərkəzində köhnə binaları, onların ətrafındakı fərdi evləri söküb “göydələn”lər ucaldıblar. Bu prosesdə mülkiyyət hüquqlarının pozulması halları, ciddi narazılıqlar yaradılması müşahidə edilir. Hazırda Bakının mərkəzində - Yasamalda, Nəsimi rayonu Mirqasımov küçəsində, “Kubinka” deyilən ərazidə binalar tikən “Pilot”, “İnvest Construction” MMC-lər vətəndaşlarla anlaşmadan, onları razı salmadan mülklərini başlarına uçururlar. Konstitusiyada təsbit olunan mənzil toxunulmazlığı, mülkiyyət hüquqları faktiki ayaqlar altına atılır, məhkəmə qərarlarını sayan da yoxdur. Belə şikayətlər onlarladır. Habelə, tikinti şirkətləri Bakının mərkəzindəki azsaylı yaşıllıqları da məhv edirlər. Məsələn, “İnvest Construction” Mirqasımov, Xan Şuşinski küçələrinin kəsişməsindəki 150-dən çox irigövdəli ağacı məhv edib. Bura sovetlər dövründən “Yaşıl vadi” kimi tanınırdı. İndi həmin yer Suriyanı xatırladır...

Paytaxtın digər ərazilərində də söküntülər yenidən aktivləşib, çoxsaylı layihələrin icrasına başlanıb. Bəzi mənbələr bütün işlərin Bakının Baş Planına əsasən icra olunduğunu deyirlər. Bura ilk növbədə dəniz sahili boyu - Əhmədli qəsəbəsi də daxil olmaqla, sıx inşa olunmuş fərdi evlərin sökülərək yerində bulvarın salınması aiddir. Bu prosesin 2030-cu ilədək yekunlaşdırılması nəzərdə tutulur. Həmin ərazidə minlərlə sənədsiz evlərin tikildiyini, 20 ilə yaxındır mövcud olduğunu nəzərə aldıqda, söküntülərin yenidən əhali ilə dövlət qurumları arasında narazılıqlara gətirib çıxarması ehtimalının yüksək olduğunu söyləmək olar. Məsələ burasındadır ki, söküntü aparılan ərazilərdə mənzillərə, fərdi evlərə görə kompensasiyanı müəyyən edən konkret hüquqi sənəd yoxdur. Davam edən söküntü-tikinti işləri əsasən 2016-cı ildən başlanan Pilot layihələrlə əsaslandırılır. Xatırladaq ki, 2016-cı ilin fevralında Nazirlər Kabineti 86 saylı qərar qəbul edib. Qərara əsasən Bakı və ölkənin digər şəhərlərində köhnə, istismar müddəti bitmiş binaların sökülərək yerində yeni və çoxmərtəbəli binalar tikilməsini nəzərdə tutan pilot layihələrin icra olunması nəzərdə tutulurdu. Bu layihələr mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbayel rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının sökülərək yerində yenilərinin inşa olunmasını əhatə edəcəkdi. Layihələr üzrə tikintiyə icazə almaq asanlaşdırılmışdı: tikintiyə icazəni birbaşa rayonun icra hakimiyyəti verirdi. Qərardan dərhal sonra Bakının əksər rayonlarında kütləvi söküntülər başladılsa da, 2018-ci ildən etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti normalarına nəzarəti gücləndirməsi prosesin minimum səviyyəyə qədər yavaşımasına səbəb oldu. 2019-cu ilin dekabrında Nazirlər Kabineti, ümumiyyətlə, pilot layihələrin icrasını dayandıran addım atdı: 2016-cı ildə qəbul etdiyi 86 saylı qərarını ləğv etdi. Ona qədər tikinti layihələrinə icazə alan şirkətlərin bir çoxu işləri davam etdirir, hətta layihələrin icrasına 2023-cü ildə başlayanlar da var. 

Paytaxtdakı söküntü prosesində ən çox müzakirə olunan, vətəndaşların kütləvi narazılığına səbəb olan məsələ sökülən mənzillərin dəyəri ilə bağlıdır. Belə ki, 2010-cu illərin  əvvəllərində keçmiş “Sovetski”, “Kubinka” ərazilərində qış bulvarının yaradılmasını nəzərdə tutan və dövlət sifarişi ilə həyata keçirilən layihələrin icra zonasına düşən evlərin hər kvadratmetrinə görə ödənişin yuxarı həddi Nazirlər Kabineti tərəfindən 1500 manat müəyyən olunmuşdu. Bir çox sakinlər bu məbləğlə razılaşmasalar da, qərar dəyişmədi.

Lakin sonradan Bakıda özəl şirkətlər pilot layihələr çərçivəsində layihələndirdikləri tikinti işlərində də 1500 manat prinsipini tətbiq etməyə başladılar. Bu zaman Nazirlər Kabinetinin 86 saylı qərarına istinad olunur. Halbuki həmin qərarda konkret məbləğ göstərilməmişdi. Qərara əsasən layihəyə düşərək sökülən binaların sakinləri o binaların yerində tikiləcək binalarda öz mənzillərindən 20 faiz daha böyük mənzil ala, yaxud mənzillərinin bazar dəyəri məbləğində ödəniş tələb edə bilərdilər. Yeni binadan mənzil almaqla razılaşan sakinlər bina hazır olanadək tikinti şirkətinin hesabına kirayədə qalırdılar. Yeni binadan mənzil istəməyən sakinlərlə tikinti şirkətləri arasında mənzilin dəyəri ilə bağlı yüzlərlə məhkəmə çəkişmələri hələ də davam edir. Bu çəkişmələrin əksəriyyətindən aydın olur ki, şirkətlər 12-13 il əvvəl yalnız bir ərazi üçün və dövlət ehtiyaclarına alınması nəzərdə tutulan mənzillər üçün müəyyən olunan 1 kv.metrə 1500 manatlıq ödəniş prinsipini zorla pilot layihələr çərçivəsində sökülən binaların sakinlərinə tətbiq etməyə çalışırlar. Və bu proses hələ də davam edir. 

Tikinti şirkətinin sakinlərə hüquqi əsas olmadan 1500 manat təklif etməsi haqlı olaraq vətəndaşların narazılığına səbəb olur. Bu narazılıqlar məhkəmə müstəvisində çəkişilir, tikinti şirkətləri hüquqi əsas olmasa belə, prosesdən qalib çıxardılır, daha sonra vətəndaşlar kütləvi şəkildə Avropa Məhkəməsinə üz tuturlar. Bu isə ölkəmizə qarşı məhkəmə qərarlarının sayında böyük artıma gətirir, mənfi statistika dövlətin nüfuzuna zərbə vurur. 

Bir çox hallarda tikinti şirkətləri bu addımlarını sakinlərin öz mənzillərinə görə real bazar qiymətindən çox yüksək məbləğ istədikləri ilə əsaslandırmağa çalışırlar. Və bu iddiaların bəzilərində reallıq var: bəzən vətəndaşlar ərazidəki bazar qiymətlərini nəzərə almadan öz mənzillərinə dəyərindən dəfələrlə yüksək qiymət tələb edirlər. Lakin bu, heç də tikinti şirkətlərinə sakinləri zorla evlərindən çıxarmaq hüququ vermir. Bugünlərdə sosial şəbəkələrdə Bakıda bir qadının evinin gecə saatlarında uçurdulması, özünün zorla kənara çıxarılmasını əks etdirən videokadrlar ciddi müzakirələrə səbəb olmuşdu...

Bütün bunlar göstərir ki, hazırda Azərbaycanda daşınmaz əmlaka görə təzminatın hesablanması, əmlakın obyektiv qiymətləndirilməsi sahəsində ciddi problemlər var.

AbzasMedia - Hüquqşünas Əkrəm Həsənov Baş Prokurorluğa çağırılıb

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, baş verənlər tamamilə qanunsuzdur: “Bu, tikinti şirkətləri ilə dövlət orqanlarında çalışan bəzi vicdansız məmurların işbirliyinin nəticəsidir. Qanun yalnız bir halda vətəndaşın öz razılığı olmadan evindən çıxarılmasına imkan verir: ərazi dövlət ehtiyacı üçün alındıqda. Bu zaman da məhkəmənin qərarı olmalıdır vətəndaşın evindən çıxarılmasına dair. Dövlət ehtiyacları müxtəlif ola bilər: yol, kommunal xətt çəkilməsi, park salınması və sair. Son vaxtlar dövlət ehtiyacları üçün torpaq alınması halları çox nadir olur. Belə bir iddia irəli sürürlər ki, binaların istismar müddəti bitib, sökülməlidir. Bakının əksər binalarının istismar müddəti bitib, köhnəlib, ona qalsa, gərək hamısı sökülə. Sadəcə, hansısa tikinti şirkətinin bir əraziyə gözü düşür, orada bina tikib pul qazanmaq istəyir. İstəyini icra strukturları, dövlət qurumları ilə razılaşdırır. Dövlət orqanından da deyirlər ki, biz razı, get ərazidə məskunlaşan vətəndaşlarla danış, razılıqlarını al. Bu zaman başlayırlar söz buraxmağa ki, ərazi plana düşüb, bina, yaxud fərdi ev dövlət ehtiyacı üçün alınır. Bəzi hallarda hətta hansısa tikinti şirkətinə icra hakimiyyətindən razılıq sənədi də verilir. Bu sənədlər tam qanunsuzdur! Çünki ərazidəki evlər sakinlərin xüsusi mülkiyyətidir, reyestrdə qeydiyyatdan keçirilmiş tam qanuni mülkiyyəti. İcra hakimiyyətinin hər hansı formada vətəndaşın mülkiyyətində olan ərazi üçün razılıq sənədi vermək hüququ yoxdur.  Lakin onlar bunu edirlər və tikinti şirkətləri də həmin sənədlə gedir vətəndaşın üstünə. Kimlərsə razılaşır, kimlərsə yox. Onda tikinti şirkəti başlayır hədə-qorxu, təzyiq mexanizmini işə salmağa. Bir çox hallarda məhkəmələri də prosesə cəlb edərək, heç də qanuni olmayan köçürülmə qərarları alırlar”.

Mütəxəssis bildirir ki, vətəndaş razılıq vermədiyi müddətdə onun evinin sökülməsi hüquqi baxımdan mümkün deyil: “Azərbaycan qanunvericiliyi vətəndaşın razılığı olmadan onun evini sökməyi qadağan edir. Lakin təəssüf ki, bu müddəa çox zaman işləmir. Daha doğrusu, tikinti şirkətləri ilə bəzi məmurların işbirliyi imkan vermir buna. Başqa tərəfdən, bir çox hallarda tikinti şirkətləri hansısa ərazidə bina tikməyə hazırlaşırlar, lakin bu tikintini maliyyələşdirməyə investisiya ehtiyatı yoxdur. Onlar ərazidə işə başlayır, reklam edir, hələ tikiləcək evə görə vətəndaşlardan pul alır, yalnız bundan sonra tikintiyə başlaya bilirlər. Bir çox hallarda işi sona çatdırmağa vəsaitləri çatmır, insanlar illərlə pulunu verdikləri evlərə köçə bilmirlər. Əslində şirkətlərin tikinti layihələrinə icazə verilməsi üçün maliyyə imkanlarına dair tələb qoyulmalıdır. Bir ərazidə tikintini ən azı 50 faiz tamamlamağa imkanı olmayan şirkətin layihəsinə icazə verilməməlidir. Təəssüf ki, bu sahədə hüquqi boşluq olduğuna görə vətəndaşlar əziyyət çəkirlər”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR