İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki baş mühasib şikayətini geri götürdü - Yarım milyon mənimsəmədə suçlu bilinir

Məşhur dondurma istehsalçısı “RİCH S.A” MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəməkdə suçlu bilinmiş baş mühasibi Tamilla Əliyevanın şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Musavat.com xəbər verir ki, Tamilla Əliyeva Ali Məhkəməyə müraciət edərək barəsindəki qərarın dəyişdirilməsini istəmişdi.

Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Tamilla Əliyeva kassasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş edib. Hakim müttəhimin xahişini nəzərə alıb, şikayət geri götürülüb. Tamilla Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü mülki iddiaya dair hissəsində dəyişdirilib. Təqsirləndirilən şəxsin mülkiyyətində olan üzərinə həbs qoyulmuş daşınmaz əmlakın hərrac yolu ilə satılmaqla əldə olunan 528 min 458 manat maddi ziyan və 920 manat mülki iddianın təmin edilməsinə yönəldilməsinə dair müddəalar hökmdən xaric olunub. Bununla da Tamilla Əliyevanın daşınmaz əmlakı özünə qaytarılıb. Tamilla Əliyeva 2022-ci ildə istintaqa cəlb olunub, ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Onun vaxtilə baş mühasibi olduğu “RİCH S.A” MMC "İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma, "Soyuq" əmtəə nişanlı südlü-kakaolu dondurma, "Soyuq" əmtəə nişanlı südlü-çiyələkli dondurma, “İCE Dream” əmtəə nişanlı dondurma, "Yolka" əmtəə nişanlı dondurmaların istehsalçısıdır. MMC 2015-ci ildə Qafqazda ilk böyük dondurma zavodu inşa etməklə istehsala başlayıb, 200-dən çox işçisi var.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR