İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT PA-da Ermənistan konstitusiyasının dəyişdirilməsi tələb edildi

Azay Quliyev ATƏT tribunasından Minsk Qrupunun ləğvinə çağırdı

ATƏT Parlament Assambleyasının Buxarestdə keçirilən 31-ci illik Sessiyasının 3 iyul plenar iclasında çıxış edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və Ekologiya Baş Komitəsinin sədri Azay Quliyev ölkəmizin rəsmi mövqeyini assambleya üzvlərinin diqqətinə çatdırıb.

Azay Quliyev bildirib ki, münaqişə başa çatdıqdan sonra Ermənistan ictimai bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını, ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyini qeyd edib: “Lakin hələ də ciddi bir məsələ açıq qalır: Ermənistanın sözdə verdiyi bəyanatla əməli üst-üstə düşürmü? Cavab isə sadədir, yox! Çünki Ermənistan konstitusiyasında təəssüf ki, hələ də Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana birləşdirilməsi ilə bağlı ərazi iddiaları var”.

Deputat daha sonra qeyd edib: “Belə anormal müddəanın olması hamımızı narahat etməlidir,  çünki dünyada münasibətləri normallaşdırmaq və qonşusu ilə sülh müqaviləsi bağlamaq istəyən heç bir dövlət özünün əsas sənədində həmin dövlətə qarşı ərazi iddialarını özündə əks etdirən bu cür  bəndləri saxlaya bilməz.  Bu paradoks və ziddiyyət Ermənistanın bəyan etdiyi sülh istəyini və bu prinsipə sadiqliyini ciddi şəkildə sarsıdır. Azərbaycan haqlı olaraq onun milli təhlükəsizliyinə birbaşa təsir edən bu qanunsuz iddiaların aradan qaldırılmasını tələb edir.

Lakin Ermənistanın Azərbaycanın haqlı narahatlığını daxili işlərə qarışmaq kimi qələmə verməklə kövrək olan qarşılıqlı etimada zərbə vurmaqda  və sülh müqaviləsini gecikdirməkdə davam edir.

Həmkarlar, razılaşırsınız ki, qonşuya qarşı ərazi iddiaları heç bir ölkənin daxili işi ola bilməz!  Bu cür rəsmi iddialar regionda sülhə və təhlükəsizliyə birbaşa təhdiddir, hətta beynəlxalq narahatlıq doğuran məsələdir və ona görə də Azərbaycana qarşı olan ərazi iddiası sülh müqaviləsinin imzalanması üçün əsas maneədir və bu müddəa Ermənistan konstitusiyasından tezliklə çıxarılmalıdır. Bu davranış həm də Ermənistanın elan etdiyi sülh gündəliyi ilə onun addımları arasında uyğunsuzluğu daha da qabarıq göstərir".

Azay Quliyev: Fransa insan hüquqlarından danışanda birinci özünə baxmalıdır  - AZƏRTAC

 Azay Quliyev

Sonda Azay Quliyev Azərbaycanın daha bir tələbini bəyan edib. Belə ki, o, ATƏT-in Minsk Qrupu, ATƏT-in fəaliyyətdə olan Sədrliyinin şəxsi nümayəndəsi vəzifəsini və Yüksək Səviyyəli Planlaşdırma Qrupunu münaqişədən sonrakı reallığa uyğun olmadığını və tamamilə əhəmiyyətsiz bir quruma çevrildiyini  əsas gətirərək onların ləğvini tələb edib: “Bu cür qeyri-funksional qurumların saxlanması üçün hər il təxminən 2 milyon avronun ayrılmasını əsaslandırmaq çətindir və bu ciddi suallar doğurur. Ona görə də mən ATƏT-in Daimi və Nazirlər Şuralarını heç bir mənası və fəaliyyəti qalmayan qeyd etdiyim strukturların ləğvi məsələsini rəsmi şəkildə nəzərdən keçirməyə çağırıram”.

Siyasi ekspertlər hesab edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının ləğvi və Minsk Qrupunun, ATƏT-in fəaliyyətdə olan Sədrliyinin şəxsi nümayəndəsi vəzifəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunu buraxılması məsələsinin birbaşa ATƏt PA-da qaldırılması Azərbaycan tərəfinin bu məsələlərinin üzərində sonadək duracağının növbəti təsdiqidir. Eyni zamanda bu məsələlərin məhz ATƏT PA-da qaldırılmasının ciddi əhəmiyyəti var.

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli bildirib ki, Azərbaycanın sülh müqaviləsi ilə bağlı başlıca şərti dəyişməyib və dəyişməz də qalacaq. Ermənistan konstitusiyasında və digər hüquqi-normativ aktlarında ölkəmizə qarşı birbaşa və dolayısıyla irəli sürülən ərazi iddiaları ilə bağlı bütün ifadə və müddəalar çıxarılmalıdır. Əks təqdirdə, sülh müqaviləsini imzalamağın heç bir anlamı yoxdur: “Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bir sıra xarici və daxili spektiklər tərəfindən manipulyasiya mövzusuna çevrilən bütün suallara bir daha aydınlıq gətirdi... Və qənaətimə görə, artıq gündəmi sülh müqaviləsi kontekstində zamanlama proqnozları ilə zəbt etməklə varlıqlarını yaxın və uzaq məsafələrdən xatırlatmağa çalışanların da xüsusi canfəşanlığına ehtiyac qalmadı. Məsələnin ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən də qaldırılması Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bir daha nümayiş etdirir. Azərbaycana qarşı ərazi iddialarının bütün rəsmi sənədlərdən çıxarılmayacağı təqdirdə Ermənistanla sülh müqaviləsi imzalamağın heç bir anlamı yoxdur. Çünki Azərbaycan torpaqlarının işğalı prosesi Ermənistan Ali Sovetinin və "Dağlıq Qarabağ"ın “milli şurası” adlanan qondarma təsisatın 1 dekabr 1989-cu il tarixli “qərarı”ndan, Ermənistanın müstəqillik bəyannaməsində bu qanunsuz “qərar”ın icrasının milli vəzifə kimi təqdimatından və Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsində yer alan bu və ya digər “milli vəzifə”lərin icrasının zəririliyinin əsas hədəf kimi qoyulmasından başlayır. Azərbaycan torpaqlarında terrorizm, kütləvi qətliam və soyqırımı müşayiət olunan separatizmə, 30 ilə yaxın davam edən işğala, bir milyona yaxın azərbaycanlının öz evindən didərgin düşməsinə, onminlərlə insanın qətlə yetirilməsinə, yaşayış məntəqələrinin, dini, tarixi və mədəni abidələrin darmadağın edilməsinə də, məhz Ermənistanın müstəqillik bəyannaməsində, konstitusiyasında yer alan qanunsuz iddiaların təmin olunmasına xidmət edən təcavüzkar siyasət rəvac verib. İşğal və onun doğurduğu bütün qanunsuz əməllər nəticədir, səbəb isə bu qanunsuz əməllərə, dəhşətli müharibə cinayətlərinə rəvac verən iddialardır. Azərbaycan 44 günlük müharibə və lokal antiterror tətbirləri ilə nəticəni aradan qaldırıb, səbəb isə qalmaqdadır. Bu baxımdan, münaqişəyə, işğala, müharibələrə rəvac verən səbəb aradan qaldırılmadan, sülh müqaviləsinin imzalanması da mümkün deyil və tamamilə məntiqsizdir".

E.Mirzəbəylinin sözlərinə görə, Ermənistan konstitusiyasının 5-ci maddəsində qeyd olunur ki, “Konstitusiya ali hüquqi qüvvəyə malikdir”. Bu isə o deməkdir ki, Ermənistan istənilən zaman kəsiyində Azərbaycanla imzalanan sülh sazişinin konstitusiyaya zidd olduğunu əsas gətirərək, onu birtərəfli qaydada ləğv edə bilər. Bu isə yeni müharibənin başlanması deməkdir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR