İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda elektrobus istehsalına başlanılır - xarici bazarlara çıxa biləcəkmi?

Fikrət Yusifov: “MDB məkanında elektrik mühərrikli avtobusların  alıcıları yetərincə olacaq”

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycanda gələn il elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək.

Xəbərdə bildirilir ki, baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə çərçivə sazişi imzalanıb. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır.

Çərçivə sazişinə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. İnvestisiya həcmi 34 mln. dollar olan layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. Bununla yanaşı, ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur. Azərbaycanda avtobus istehsalı müəssisəsi fəaliyyətə başlayanadək şirkətdən elektrik avtobusları alınacaq.

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bir müddət öncə açıqlamalarında birində bildirmişdi ki, Azərbaycanın ictimai nəqliyyatında avtobusların sayının artırılması hədəflənir.

“İctimai nəqliyyatda dəyişikliklər olacaq. Ölkəyə elektrik mühərrikli avtobuslar gətirilib. Marşrutlarda avtobusların yerlərini dəyişdirməklə biz avtobusların yüklülüyünün azalmasına nail olmuşuq. Hazırda avtobusların daxilində yer var. Bakının yeni marşrut şəbəkəsi hazırdır. Biz onu rəqəmsal əkizə ötürmüşük. Marşrut xətlərinin sayı azalacaq, marşrutlarda avtobusların sayı artacaq. Bir-birini təkrarlayan marşrutlar dəyişdiriləcək. Məqsəd odur ki, fərdi nəqliyyat vasitələrindən avtobuslara keçid olsun və sıxlıq azalsın. Bakının avtomobillərdən daha çox piyada yönümlü olması üçün addımlar atılır”, - deyə o qeyd edib.

Onu da qeyd etmək yerinə düşər ki, Avropada təmiz, alternativ yanacaqlı avtobusların genişmiqyaslı tətbiqini təşviq etmək üçün Təmiz Avtobus Bəyannaməsi (BUS 2025) imzalanıb. Belə ki, dünya yollarında hərəkət edən avtobusların təqribən yarısı növbəti 5 il ərzində tamamilə elektrik avtobuslara keçidi planlaşdırılır.

fikret.jpeg (167 KB)

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, elektrik mühərrikli avtobusların istehsalı zavodu işə düşəndən sonra təkcə yerli tələbatı deyil, ixracı da nəzərə almaq lazımdır: “Dünyanın enerji balansı sürətlə dəyişir. Bu sırada dayanan əsas məsələlərdən biri də yanacaqla işləyən avtomobillərin elektromobillərlə əvəz edilməsidir. Bu proses artıq böyük bir sürətlə irəliləməkdədir. Son 10 ildə dünyada elektromobillərin sayı 140 dəfədən çox artıb. Bu gün dünyada 26 milyondan çox elektromobil hərəkət edir və bu say durmadan, sürətlə artır. Dünyanın ən aparıcı avtomobil istehsalı müəssisələri 2035-ci ildən sonra yanacaq mühərriki ilə işləyən avtomobillərin istehsalını dayandıracaq və yalnız elektromobillər istehsal edəcəklər.

Beynəlxalq müstəvidə baş verən bu proseslərə Azərbaycan hökuməti də adekvat cavablar verməkdədir. Biz ölkəmizə idxal olunan və son 3 ildə istehsal edilmiş elektromobillərin idxalını gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad etmişik. Məqsəd belə avtomobillərin idxalını stimullaşdırmaqdır. Nəticələr isə göz qabağındadır. Son 3 ildə Azərbaycana elektromobillərin idxalı 16 dəfəyə qədər artıb. Elektrik mühərrikli avtobusların Azərbaycanda istehsalına gəlincə, bunu alqışlamaq lazımdır. Belə bir zavodun tikintisi müasir çağırışlara cavab verən ən mühüm bir addım olacaq. Təbii ki, biz bu zavodu yaradarkən onun məhsullarının yalnız daxili bazarın ehtiyaclarını ödəməsini deyil, ixrac edilməsini də nəzərdə tutmalıyıq. Çünki bu məhsullara təlabat böyükdür və ən azından MDB məkanında onun alıcıları yetərincə olacaq. Bu isə real sektordan ixracımızın həcminin artmasına bir dəstək ola bilər".

Qeyd edək ki, Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə çərçivə sazişi çərçivəsində “BakuBus” MMC tərəfindən şirkətdən 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatı alınacaq. Avtobusların 31 oktyabr 2024-cü il tarixinədək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən icrasına başlanan növbəti layihə çərçivəsində isə “Koroğlu” metrostansiyasının çıxışında avtobus, metro, dəmir yolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın yaradılmasına başlanılıb. Elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri də burada quraşdırılacaq.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR