İnsanlara hürriyət, millətlərə istiqlal!

Estafet

4-5 gün qabaq rayonlarımızdan birində faciəvi avtomobil qəzası olmuşdu. “Ford”la “VAZ 2115" toqquşmuşdu, "VAZ"ın sərnişinlərindən 3 nəfər yerindəcə ölmüşdü.

Mən o hadisə haqda oxuyanda diqqətimi bir detal çəkdi: yazmışdılar ki, ölənlər Şəkidə kənd məktəbi direktorunun qohum-əqrəbası olubdur, arvadı, oğlu və gəlini. Sitat: “Avtomobildə olan R.Qurbanovun digər gəlini və 4 nəvəsi isə xəsarət alıb”.

Gəlin hesablayaq. Ölənlər və qalanlar bir yerdə 8 nəfər edir. Siz həmin “VAZ 2115" adlı, sovet sənayesindən qalma tör-töküntülərdən yığılan primitiv rus avtomobilini canlı görmüsünüzmü? Görməmisinizsə, internetdə tapıb baxın. Və fikirləşin ki, 8 adam bu konserva qutusuna, cındırından cin ürkən maşına necə yerləşə bilər, üstəlik yayın qızmarında. Bizim taleyimizi, qismətimizi bu gün yaşadıqlarımız müəyyən edir. Gözlənilməz heç nə yoxdur. Birimiz kasıblıqdan, yoxsulluqdan ölürük, o birimiz harınlıqdan, gözü doymazlıqdan.

Amma bugünlərdə rastlaşdığım başqa fakt məni də təəccübləndirdi, bəlkə imkan olsa tale ilahələri moyraların şərəfinə qurban kəsdim. Kim deyə bilərdi belə olacaqdır?

Açıqlayım. Təzəlikcə bir dəstə kino zəhmətkeşimiz respublika ictimaiyyətinə, dövlət rəhbərliyinə, BMT-yə, NATO-ya, KTMDT-yə, ŞƏT-ə və sairə əlaqədar təşkilatlara müraciət elədi. Deyirlər nə kino çəkə bilirik, nə çəkdiyimiz ekrana çıxır. Səbəb isə belədir, Mədəniyyət Nazirliyi nəzdində kino ekspert şurası (KEŞ) yaradılıb, onlar kinolara icazə sənədi verirmiş. Loru dildə yazsam, əgər sən kino çəksən və bunu hansısa klubda, kinoteatrda göstərmək istəsən mütləq həmin KEŞ-dən lisenziya almalısan, yoxsa göstərə bilməzsən.

Əlbəttə, bizdə kino-mino qanunlarına görə dövlətin belə icazə vermə səlahiyyəti varmış, ancaq burada müəyyən kriteriyalar, ölçülər sistemi olmalıdır. Hansısa kinoda seks səhnəsi, atışma-qırışma varsa, bunu “18 yaş üstü” kimi markalayırlar. Eynilə narkotik, siqaret, araq, nə bilim, cin-şeytan, vampir və sairə də filmdə varsa, bunu qeyd edirlər. Vəssalam. Ta dövlət idarəsinin filmin məzmununa qarışmaq, onu qadağan etmək kimi səlahiyyəti olmur, çünki bu, açıq-aşkar senzuradır, bizim konstitusiya isə senzuranı qadağan edir.

Lakin bizim KEŞ senzura qoymağa başlayıbdır. Məsələn, İlkin Yusif adlı rejissorun “Mən qəhrəman axtarıram” filmini respublikamızda göstərmək qadağan edilib. Başqa bir neçə belə əsərlər də var, sadalamaq istəmirəm - bəlkə özləri qeyri-rəsmi razılığa gəldilər, kino ekranlara çıxdı. Bizdə bəzi işləri qanunla yox, daydayla, tapşırıqla, hörmətlə-zadla həll etmək metodu vardır.

Məsələmizin ən tragikomik detalı isə odur ki, adını çəkdiyim filmə qadağa qoyan adam Ayaz Salayev imiş. Açığı, mən buna öncə inanmaq istəmədim, axtarıb tapdım, gördüm Ayaz müəllim senzorluğunu təsdiqləmişdir. Hətta bir az incik açıqlama da vermişdi, deyir bizim KEŞ-in iclası qapalı idi, görəsən, bu xəbəri - həmin kinonu mənim qadağan elədiyimi kim yayıbdır. Sanki hərəkətinin ayıb iş olduğunu şüuraltı da olsa anlayır.

Ey gidi dünya... Ey fani zəmanə... Mənim yadıma gəlir ki, Salayev 1990-cı illərin əvvəlində qıt imkanlarla, min zülümlə “Yarasa” filmini çəkmişdi, lakin filmin yarısında onun prodüseri, “İnterturan” şirkətinin şefi Saday müəllim lent qutularını tutub almışdı, qoymuşdu seyfə. Ayaz müəllim yalvar-yapışla lentləri geri almış, kinonu bitirmişdi. Sonra uzun illər Ayaz müəllim “Üçbucaq TV” adında kino çəkmək istəmişdi, buna da hökumətdən, Əbülfəs müəllimin mədəniyyət nazirliyindən yüz əngəl çıxmışdı. “Orasını belə çəkmə”, “burasını elə çəkə bilməzsən” deyə-deyə o kinonun kitabını bağladılar, axırda mənasız bir iş ortaya çıxdı, heç kim baxmadı.

İndi belə çıxır ki, Ayaz müəllim ötən günlərin qisasını almaq üçün növcavan rejissorların kamerasına turp əkmək istəyir. Məni qoymadılar, mən də heç kimi qoymayacam - məntiqi ilə.

Çox mədəni bir adamın, “Retro” verilişi ilə xalqımıza kinonu tanıdan şəxsin axırı niyə belə oldu? Yəqin iqtisadiyyatın təsirləridir. Dizelin qiyməti də tənzimlənib.

İnşallah, növbəti ekspert şurasına İlkin Yusifi seçməzlər. 

  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR