Onlayn ictimai-siyasi qəzet
İran hakimiyyətinin ABŞ-a qarşı ritorikası daha da sərtləşib.
Musavat.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf hakimiyyətyönlü mitinqdə çıxışı zamanı ABŞ-ı açıq şəkildə hədələyib və mümkün qarşıdurma halında Vaşinqtona “unudulmaz dərs” veriləcəyini bəyan edib.
Qalibaf emosional və sərt ifadələrlə ABŞ Prezidentinə müraciət edərək deyib:
“Mən sayıqlayan və təkəbbürlü Amerika prezidentinə deyirəm: biz, İran xalqı, sənə əziz Hac Qasemın (Süleymani) dediyini deyirik – biz sənin rəqiblərinik. Biz İmam Hüseyn xalqıyıq. Biz gözləyirik. Biz sənin üçün döyüş meydanının adamlarıyıq. Gəl, onda görəcəksən ki, regiondakı bütün imkanların necə məhv ediləcək. Bil ki, İranın müdafiəçiləri sənə unudulmaz dərs verəcək".
Parlament spikeri çıxışında bildirib ki, “İranın müdafiəçiləri” ölkənin hər yerində mövcuddur və dövlətin təhlükəsizliyi tam təmin olunub. O, eyni zamanda İranın ikinci ən böyük şəhəri olan Məşhədin guya nəzarətdən çıxması ilə bağlı yayılan məlumatları təkzib edib və bu iddiaları reallığa uyğun olmayan şayiələr adlandırıb.
Təhlilçilər qeyd edilər ki, Qalibafın bu çıxışı İranda davam edən etirazlar və artan beynəlxalq təzyiqlər fonunda hakimiyyətin güc nümayişi və səfərbəredici mesajı kimi qiymətləndirilir. Xüsusilə Qasım Süleymaninin adının çəkilməsi və dini-simvolik ritorika daxili auditoriyanı konsolidasiya etməyə hesablanmış addım sayılır.
Ekspertlər hesab edirlər ki, ABŞ-a qarşı bu cür açıq və sərt bəyanatlar regionda gərginliyi daha da artırır və İran–ABŞ münasibətlərini təhlükəli mərhələyə yaxınlaşdırır. Eyni zamanda bu ritorika Tehranın etirazları xarici düşmən obrazı üzərindən neytrallaşdırmaq cəhdini də göstərir.
Beləliklə, İranda daxili böhran fonunda hakimiyyətin Vaşinqtona ünvanladığı mesajlar qarşıdurma riskinin azalmadığını, əksinə daha da kəskinləşdiyini ortaya qoyur.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ