İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzin qıtlığı PANİKA YARATDI: İranda kilometrlərlə uzanan növbələr

İranda yanacaqdoldurma məntəqələrinin qarşısında kilometrlərlə uzanan növbələr yaranıb.

Musavat.com xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Məlumatda bildirilir ki, Tehran və İranın digər şəhərlərində yanacaqdoldurma məntəqələrinin qarşısında kilometrlərlə uzanan növbələr müşahidə olunur. Gündəlik yanacaq çatışmazlığı panika səbəbindən benzinə kütləvi şəkildə tələbatın artması ilə daha da dərinləşib. Hakimiyyət isə benzinin qiymətinin artırılacağını təsdiqləyib, lakin artımın nə vaxt və hansı miqyasda olacağını açıqlamayıb.

Rəsmilər yaranmış vəziyyəti yanacaq çatışmazlığı ilə bağlı yayılan şayiələrlə izah ediblər. Gündəlik 15 milyon litr həcmində yaranan yanacaq çatışmazlığının ABŞ sanksiyaları nəticəsində idxalın məhdudlaşdırılması, ABŞ və İsrailin İranın neft emalı infrastrukturuna zərbələri, həmçinin fevralın 28-də müharibənin başlamasından bəri qüvvədə olan İran limanlarının dəniz blokadası ilə əlaqəli olduğu bildirilir.

İran Milli Neft Emalı və Neft Məhsullarının Paylanması Şirkətinin baş direktoru Məhəmməd Sadiq Əzimi-Fər bildirib ki, Tehran vilayətində yanacaq istehlakı 30 faiz artıb.

“Bəzi insanlar şayiələrə görə yanacaqdoldurma məntəqələrinə gediblər, lakin narahatlıq üçün əsas yoxdur”, - deyə o bildirib.

İran Milli Yanacaq Paylama Şirkətinin icraçı direktoru Kərəmət Veys-Kərəmi də orta sutkalıq yanacaq tədarükünün 138 milyon litrdən 150 milyon litrə çatdırıldığını təsdiqləyib. O, yanacaq çatışmazlığı ilə bağlı yayılan şayiələri “əsassız və köksüz” adlandırıb və sürücüləri çənləri həqiqətən boş deyilsə, növbəyə dayanmaqdan çəkinməyə çağırıb.

İranın icra məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cəfər Qaimpənah çərşənbə günü axşam saatlarında bildirib ki, yanacağın qiymətlərinin dəyişdirilməsi zərurəti yaranıb.

“Bu gün biz benzin və dizel yanacağının qiymətində dəyişiklik etməliyik”, - deyə o, Gilan vilayətinin regional televiziyasının efirində bildirib.

Qaimpənahın sözlərinə görə, qiymət dəyişikliyinin forması, miqyası və vaxtı hələ müəyyən edilməyib.

“Biz bütün maraqlı tərəflərlə bir masa arxasında oturmalı, daha sonra nəticələr barədə ictimaiyyəti məlumatlandırmalıyıq”, - deyə vitse-prezident əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR