İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tesla”nın gizli qapı tutacaqları “partladı” - 4,3 milyon avtomobil geri çağırılır

Minimalist görünüş və aerodinamik üstünlük naminə avtomobillərdə geniş yayılmış gizli və elektriklə idarə olunan qapı tutacaqları ciddi təhlükəsizlik probleminə çevrilib.

Musavat.com Çin bu dizayna qarşı sərt addım ataraq avtomobil tarixində ən böyük geri çağırış kampaniyasına başlayıb.

Çin mətbuatının yazdığına görə “Tesla” və digər avtomobil istehsalçılarına məxsus təxminən 4,3 milyon avtomobil qapıların fövqəladə vəziyyətdə açılmasına dair təhlükəsizlik narahatlıqları səbəbindən geri çağırılır. Kampaniyanın ən böyük hissəsi “Tesla” avtomobillərinin payına düşür – təxminən 2,98 milyon Çin istehsalı və Çinə idxal edilmiş Model 3, Model Y, Model S və Model X.

Məsələ xüsusilə qəza zamanı avtomobilin elektrik sisteminin sıradan çıxması ehtimalı ilə bağlıdır. Belə vəziyyətdə sərnişinlərin qapının mexaniki fövqəladə açma mexanizmini tez tapması və işlətməsi çətinləşə bilər. Bu isə həm avtomobildəki insanların qaçışını, həm də qəza yerinə gələn şəxslərin sərnişinləri xilas etməsini ləngidə bilər.

Gizli və kuzova demək olar ki, yapışıq formada yerləşən qapı tutacaqları son illərdə xüsusilə elektromobillərin xarakterik elementlərindən birinə çevrilib.

Çin avtomobil istehsalçıları bu dizaynı böyük ölçüdə “Tesla”-nin 2014-cü ildə təqdim etdiyi Model S-dəki həllin populyarlaşmasından sonra kütləvi şəkildə mənimsəyiblər. Dizaynın üstünlükləri ilk baxışda aydındır: avtomobil daha minimalist görünür, kuzovun səthi daha hamar olur və bəzi hallarda aerodinamikaya müsbət təsir göstərir. Lakin problem ondadır ki, avtomobil normal işləyərkən rahat görünən mexanizm fövqəladə vəziyyətdə tamamilə başqa risk yarada bilər.

Əgər ağır toqquşma nəticəsində aşağı gərginlikli elektrik sistemi sıradan çıxarsa, elektron və ya elektriklə əlaqəli qapı mexanizmləri adi qaydada işləməyə bilər. Üstəlik, mexaniki ehtiyat açarının harada yerləşdiyini sərnişin bilmirsə, qiymətli saniyələr itirilə bilər.

Çində geri çağırılan avtomobillərin əksəriyyətində problemin həlli üçün tam mexaniki konstruksiya dəyişikliyi nəzərdə tutulmur.

İstehsalçılar avtomobillərin salonundakı fövqəladə mexaniki qapı açma mexanizmlərinin üzərinə xəbərdarlıq və istiqamətləndirici etiketlər yerləşdirəcəklər. Bir sıra modellərdə isə proqram təminatı uzaqdan – OTA sistemi vasitəsilə yenilənəcək. “Tesla” üçün nəzərdə tutulan həllərdən biri qəza zamanı avtomobilin şüşələrinin avtomatik aşağı salınmasına imkan verən proqram yeniləməsidir. Məqsəd qəza nəticəsində qapıların açılmasının mümkün olmadığı halda sərnişinlərin və xilasedicilərin avtomobilə çıxışını asanlaşdırmaqdır. “Tesla”nın geri çağırışı 25 sentyabr 2026-cı ildən qüvvəyə minəcək. Digər istehsalçılar arasında “Xiaomi”, “Leapmotor”, “Xpeng”, “Geely”nin “Zeekr” markası, “Chery”, “BAIC”, “Dongfeng” və “FAW Hongqi” də var.

“Xiaomi” təxminən 390 min, “Leapmotor” 371 min, “Xpeng” isə təxminən 265 min avtomobili geri çağırır.

Gizli qapı mexanizmlərinə münasibətin sərtləşməsində Çində baş vermiş ağır qəzalar da rol oynayıb. Xüsusilə “Xiaomi SU7” ilə bağlı ölümcül qəza avtomobilin fövqəladə vəziyyətdə qapılarının açılması məsələsini ölkədə ciddi ictimai müzakirəyə çıxarıb. Çin mediasının məlumatına görə, qəza və yanğın zamanı avtomobilin qapılarının açılması ilə bağlı problem sərnişinlərin xilas edilməsini çətinləşdirib.

Belə hadisələr avtomobil dizaynında bir sualı ön plana çıxarıb: avtomobil gözəl və texnoloji görünməlidir, yoxsa ən kritik anda intuitiv və mexaniki şəkildə açılmalıdır?

Çin hakimiyyəti fevral ayında avtomobillərin qapı tutacaqları ilə bağlı yeni təhlükəsizlik tələblərini açıqlayıb. Yeni qaydalar 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək. Buna əsasən, Çində satışa çıxarılan avtomobillərdə qapıların həm xarici, həm də daxili hissəsində fövqəladə vəziyyətdə istifadə edilə bilən mexaniki açma imkanı olmalıdır. Yeni tələblər qapı tutacaqlarının görünməsi və əlçatanlığı ilə bağlı konkret texniki şərtlər də müəyyənləşdirir. Beləliklə, Çin faktiki olaraq “Tesla” tərəfindən populyarlaşdırılan və sonradan çoxsaylı Çin elektromobil istehsalçıları tərəfindən mənimsənilən dizayn fəlsəfəsinə ciddi məhdudiyyət qoyur. Məsələ yalnız Çinlə məhdudlaşmır.

ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası elektrik enerjisinin kəsilməsi zamanı avtomobildən çıxışın çətinləşməsi riskinə görə yeni təhlükəsizlik standartlarının yaradılmasını nəzərdən keçirir. “Tesla”nın qapı tutacaqları ABŞ-da da daha əvvəl araşdırmaya cəlb olunmuşdu. Bununla belə, hazırda ABŞ bazarı üçün Çindəki miqyasda analoji geri çağırış elan edilməyib. Avtomobil istehsalçıları hələlik bu məsələ ilə bağlı ABŞ-da oxşar geri çağırış planlarını quruma təqdim etməyiblər. Avropada da vəziyyət diqqət mərkəzindədir. Niderlandın avtomobil tənzimləyicisi RDW bildirib ki, hazırda Avropada “Tesla” ilə bağlı belə geri çağırış yoxdur, lakin məsələ nəzarətdə saxlanılır. 

Elektromobillər avtomobil sənayesinə yalnız elektrik mühərrikini deyil, həm də tamamilə yeni dizayn fəlsəfəsini gətirib. Sensorlu idarəetmə, düymələrin azalması, smartfonla giriş, elektron qapı kilidləri və kuzova “əridilmiş” tutacaqlar bu fəlsəfənin tərkib hissəsinə çevrilib. Lakin avtomobilin ən vacib funksiyalarından biri olan qəza zamanı içəridən çıxmaq və kənardan sərnişini xilas etmək texnoloji yenilikdən daha üstün təhlükəsizlik tələb edir.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR