Onlayn ictimai-siyasi qəzet
İranın hərbi-siyasi rəhbərliyində dərinləşən idarəetmə böhranı fonunda şok iddialar yayılıb: SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musavi və əks-kəşfiyyatın yüksək rütbəli zabiti Ama Dubhl-Aydjintin ölkəni tərk edərək İsrailə sığındığı bildirilir.
Musavat.com xəbər verir ki, müxalif mənbələr və İsrail mediası tərəfindən tirajlanan bu məlumat hələlik rəsmi Tehran tərəfindən təkzib olunmasa da, Musavinin son günlər döyüş bölgələrində və komanda məntəqələrində görünməməsi bu şübhələri daha da artırıb.
Məlumata görə, 2025-ci ilin iyununda Əmir Əli Hacızadənin öldürülməsindən sonra bu vəzifəyə gətirilən Musavinin qəfil yoxa çıxması SEPAH-ın raket və dron bölmələrini mərkəzləşdirilmiş idarəetmədən məhrum edib. "Iran International" nəşri qeyd edir ki, Musavi son günlər intensivləşən döyüşlər zamanı rəhbərlik etdiyi qüvvələri başlı-başına qoymaqda və şəxsi heyət arasında fərarilik mühiti yaratmaqda ittiham olunur. Əks-kəşfiyyat generalı Dubhl-Aydjintin də eyni vaxtda yoxa çıxması, rejimin daxilindəki ən məxfi məlumatların, o cümlədən raket bunkerlərinin koordinatlarının və nüvə obyektlərinin mühafizə planlarının İsrailin əlinə keçməsi riskini yaradır.
Xatırladaq ki, martın 17-də Tehranda Əli Laricaninin öldürülməsi ilə nəticələnən dəqiq zərbənin "içəridən alınan məlumat" sayəsində mümkün olduğu bildirilirdi. Əgər Musavi və Dubhl-Aydjintin həqiqətən İsrailə qaçdığı təsdiqlənərsə, bu, İslam Respublikası tarixində ən böyük hərbi-kəşfiyyat xəyanəti kimi tarixə düşəcək. Hazırda SEPAH daxilində yüksək rütbəli zabitlər arasında genişmiqyaslı "təmizləmə" və sədaqət yoxlamalarının başladığı xəbər verilir.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ