İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşadan qaçan Ohanyandan açıqlama – “Əsgərlərimiz postda yatır”

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan erməni ordusunda hərbçilərin postlarda yuxuya getməsinin səbəblərindən danışıb.

Musavat.com xəbər verir ki, Ohanyan İrəvanda Robert Köçəryanın işi üzrə məhkəmə iclasının keçirildiyi binanın qarşısında jurnalistlərə açıqlamasında əsgərlərin ağır xidmət şəraiti səbəbindən fiziki cəhətdən tükəndiyini bildirib.

Keçmiş nazirin sözlərinə görə, hərbçilər o qədər yorulurlar ki, nəticədə xidmət zamanı postda yuxuya gedə bilirlər.

Ohanyan bildirib ki, hələ 2014–2016-cı illərdə mövqelərdə şəxsi heyətin düzgün hesablanması və bölüşdürülməsi hesabına hərbçilərin üzərinə düşən yükün azaldılması istiqamətində addımlar atılırdı.

Onun sözlərinə görə, hazırda erməni hərbçilər iki həftə ərzində postlarda “2-2-2” rejimi ilə xidmət edirlər. Bu sistem iki saat mövqedə xidmət, iki saat oyaq qalmaq və iki saat yatmaqdan ibarətdir.

Seyran Ohanyan Ermənistan ordusunda son vaxtlar baş verən hadisələrin digər səbəbi kimi mənəvi-psixoloji atmosferi göstərib. O bildirib ki, belə vəziyyət təkcə orduda deyil, bütövlükdə Ermənistanda müşahidə olunur. Keçmiş müdafiə naziri bu məsələdə din xadimlərinin də mühüm rol oynamalı olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Ermənistan ordusunun vəziyyəti barədə ağzı dolusu danışan Seyran Ohanyanın özünün hərbi keçmişi Azərbaycan üçün yaxşı məlumdur. Uzun illər Azərbaycanın işğal altında saxlanılan Qarabağ bölgəsində Ermənistanın hərbi strukturlarında yüksək vəzifələr tutmuş Ohanyan ordu barədə dərs keçəcək ən son şəxslərdən biri sayıla bilər.

Ohanyan 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalında iştirak edən erməni silahlı birləşmələrinin rəhbərliyində təmsil olunub, daha sonra Azərbaycanın heç vaxt tanımadığı separatçı rejimin qondarma “müdafiə naziri” vəzifəsini tutub. Başqa sözlə, bu gün ordunun vəziyyəti barədə mühakimələr yürüdən şəxs vaxtilə Azərbaycan torpaqlarında yaradılmış qanunsuz silahlı strukturun rəhbərlərindən biri olub. Ardınca Ermənistana gətirilərək ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, 2008–2016-cı illərdə isə Ermənistanın müdafiə naziri olub.

Onun adı Azərbaycanda xüsusilə işğal dövründə Qarabağda yaradılmış və erməni təbliğatının uzun illər “keçilməz müdafiə xətti” kimi təqdim etdiyi istehkam sistemi ilə – “Ohanyan səddi” ilə yadda qalıb. Ermənistan tərəfi bu müdafiə xəttini illərlə Azərbaycan Ordusunun keçə bilməyəcəyi sədd kimi təqdim edir, Ohanyanın qondarma hərbi qüdrətinin və “peşəkarlığının” göstəricisi kimi reklam edirdi.

Lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsi bu mifi də darmadağın etdi. Azərbaycan Ordusu Ermənistanın təxminən 30 illik işğal dövründə Azərbaycan torpaqlarında qurduğu çoxeşelonlu müdafiə sistemini yararaq irəlilədi, strateji yüksəklikləri və yaşayış məntəqələrini bir-bir azad etdi. İllərlə “keçilməz” kimi təqdim edilən “Ohanyan səddi” Azərbaycan əsgərinin qarşısında tab gətirmədi və darmadağın edildi.

Ohanyan 44 günlük Vətən müharibəsi zamanı Qarabağa, o cümlədən Şuşaya gəlmişdi. Keçmiş nazir özünün illərlə təriflənən “hərbi təcrübəsi”ndən istifadə edərək həm Şuşanın “müdafiə”sinin təşkilində, həm də Azərbaycan Ordusunun hücumlarının qarşısının alınmasında işğalçı erməni qüvvələrinə kömək etməyə çalışırdı. Lakin onun “hərbi təcrübəsi” də Azərbaycan Ordusu qarşısında heç bir nəticə vermədi. Azərbaycan hərbçilərinin Şuşa istiqamətində sürətli və gözlənilməz irəliləyişi erməni qüvvələrinin “müdafiə”sini çökdürdü. Vaxtilə “Ohanyan səddi” ilə öyünən keçmiş nazir Şuşada da vəziyyəti dəyişə bilmədi. Şəhər Azərbaycan Ordusu tərəfindən azad edildi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR