İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni Günəş üçün tarixi addım atıldı – Dünyanın ən böyük termonüvə maqniti quruldu

Çin termonüvə energetikası sahəsində mühüm uğura imza ataraq süni Günəş layihəsi üçün dünyanın ən böyük ifratkeçirici maqnitini hazırlayıb.

Musavat.com xəbər verir ki, BFM.ru-nun məlumatına görə, Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutu tərəfindən hazırlanmış D formalı maqnitin uzunluğu 21 metr, eni 12 metr, çəkisi isə 582 tondur. Qurğu 100 milyon dərəcədən artıq temperaturadək qızdırılmış plazmanı saxlamaq üçün nəzərdə tutulub. Bu temperatur Günəş nüvəsindəki istilikdən təxminən altı dəfə yüksəkdir.

Məlumata görə, yeni maqnit həcminə görə beynəlxalq ITER termonüvə reaktoru üçün hazırlanmış analoji maqnitdən 1,3 dəfə, enerji ehtiyatına görə isə üç dəfə üstündür.

Altı il davam edən layihə nəticəsində Çin 47 patent əldə edib və 25 sahə standartı hazırlayıb. Tərtibatçılar bildirirlər ki, layihə tamamilə yerli texnologiyalar əsasında həyata keçirilib və xarici texnologiyalardan asılılıq yoxdur. 

Layihə çərçivəsində yanan plazma ilə ilk eksperimentlərin 2027-ci ilin sonunadək başa çatdırılması, termonüvə enerjisinin ilk nümayişlərinin isə təxminən 2030-cu ildə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, isti plazmanı maqnit sahəsi ilə saxlamaq üçün nəzərdə tutulan tokamak reaktoru ideyası hələ 1950-ci ildə sovet fizikləri İqor Tamm və Andrey Saxarov tərəfindən irəli sürülmüşdü. Çin isə termonüvə proqramını on il sonra inkişaf etdirməyə başlayıb və 1994-cü ildə Rusiya mütəxəssisləri ilə birlikdə ölkənin ilk ifratkeçirici sarğılı ortaölçülü tokamakını istifadəyə verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR