İnsanlara hürriyət, millətlərə istiqlal!

Siciliyanın gözü, Etna ocağı Kataniya- Orada indi də mafiya var, lakin...-Reportaj, Fotolar


Mafiya hələ də bu şəhərdə yaşayırmı?...


Kataniya İtaliyanın Siciliya adasının ikinci böyük şəhəridir. Şəhər adanın şərq hissəsində, Messina ilə Sirakuza arasında, Aralıq dənizinin sahilində yerləşir. Kataniya deyəndə ağıla ilk olaraq daim aktiv Etna vulkanı, mafiya şəhəri, özünəməxsus ləhcəsi, xarakteri olan emosional italyanlar gəlir. Hərçənd ki, onlar özlərini italiyalı deyil, siciliyalı hesab edirlər.

Bakıdan Kataniyaya necə gəlmək olar?

Hələlik Bakıdan Kataniyaya birbaşa reys yoxdur, bunun üçün İstanbul üzərindən transfer etmək lazım gəlir. Bakı-İstanbul uçuşu 3 saat 10 dəqiqədirsə, İstanbul-Kataniya reysi cəmi 2 saat 25 dəqiqədir. Pandemiya ilə əlaqədar İtaliyada 5 gündən artıq qalmaq mümkün deyil, əks halda sizi 10 günlük karantin gözləyə bilər. Biletin qiymətinə gəldikdə isə, birtərəfli bilet təxminən 570 manatdan başlayır.



Bir cənub şəhəri...

Təyyarədən enər-enməz hiss edirsən ki, bir cənub şəhərindəsən. Aprel ayında havanın temperaturu demək olar ki, Bakı ilə tam eynidir, təxminən 17-21 dərəcə aralığında dəyişir. Aradakı fərq yalnız küləkdir. Kataniyada külək Bakıdakı kimi güclü deyil. Lakin isti hava yayda dözülməz olur. Təkcə ötən yay, daha dəqiq desək, iyul-avqust aylarında şəhərdə həftələrlə 40 dərəcədən yüksək temperaturun olması səbəbindən böyük meşə yanğınları baş vermişdi. 


Kataniyada

Cənub şəhərinin insanları da azərbaycanlılara çox bənzəyir - emosional, daha temperamentli, çılğın, dostcanlı, ünsiyyətcil, gözəl geyinməyi sevən, özünəməxsus qürurlu, xarakterlidir. Ümumiyyətlə, siciliyalılar ünsiyyəti, yeni tanışlıqları çox sevirlər. Siz onların bir masa arxasında saatlarla danışıb, əyləndiyini görə bilərsiniz. Bu əyləncəyə əksər hallarda kənardakılar da qoşulur və birlikdə gözəl ortam yaratmağı bacarırlar.

Daha bir oxşarlıq, siciliyalılar ailəyə çox bağlıdırlar. Övlad, valideyn onlar üçün çox mühümdür. Bu baxımdan birlikdə yaşamağa üstünlük verirlər.




Etna ocağı. Hər an məhv olmaq təhlükəsi siciliyalıları niyə qorxutmur?

Əvvəldə də qeyd etdiyim kimi, Etna  Avropanın ən yüksək aktiv vulkanıdır. Son bir neçə ildə vulkanın aktivliyi daha da artıb. Xatırladaq ki, vulkan ötən ilin fevral ayında yenidən püskürmüşdü, bu səbəbdən əyalətdə yeganə hava limanı olan Kataniya hava limanı təcili bağlanmışdı. Mütəxəssislərin məlumatına görə, 2021-ci ilin fevral ayından etibarən Etnanın cənub-şərq kraterinin hündürlüyü 3357 ± 3 metr təşkil edib ki, bu da 1981-ci ildə şimal-şərq kraterinin çatdığı 3350 metr hündürlükdən sonra yeni rekorddur. Bəziləri Etnanı "rəqibi"  Vezuvi ilə müqayisə edir. Lakin Etna rəqibini 2,5 dəfədən çox üstələyir.

Etna vulkanı haqqında qarşıdakı reportajlarımızda daha geniş məlumat verəcəyik.  Amma qısaca olaraq qeyd edə bilərəm ki, Etna nə qədər qorxulu, hər an püskürmək təhlükəsi olsa da, kataniyalılar azacıq da olsa qorxu hissi keçirmirlər. Halbuki Etna tarixdə 200 dəfədən çox püskürüb və eramızdan əvvəl 122-ci ildə Kataniyanı tamamilə yer üzündən silib. Buna baxmayaraq insanlar yenidən şəhəri qurub, bu təhlükə ilə burun-buruna yaşamağa başlayıblar.



Etnanı şəhərin istənilən istiqamətindən görmək mümkündür. Ən azından ona görə ki, şəhərdə demək olar ki, əksər binalar 3 mərtəbəlidir. Mərkəz hissədə 5-7, hətta 9-10 mərtəbəli binalar da var. Lakin yüksək mərtəbəli binaların sayı çox azdır. Sakinlərdən bunun səbəbini soruşduqda, Etna vulkanı ilə əlaqələndirirlər. Həmçinin vulkanın təsirindən bəzi binaların divarları sanki mazut çəkilmiş kimi qaralıb, səkilərdə qara toz şəklində qalıqlara rast gəlmək olur.

Binalardan söz düşmüşkən, Kataniyada divarları təmiz bina görmək qeyri-mümkündür. Belə görünür ki, çılğın siciliyalılar divarlarda müxtəlif yazı yazıb, şəkil çəkməyi çox sevirlər.

Şəhər rus turistlərinin üzünə bağlıdır, çünki...


Kataniya kurort şəhəri olduğu üçün bura hər zaman turistlər axın edir. Şəhərdə dəniz sahilində çox sayda otel var. Lakin pandemiya səbəbindən, həmçinin aprel ayı olduğu üçün şəhərdə turistlərin sayı o qədər də çox deyil. Kataniya rus turistlərinin ən çox üz tutduğu şəhərlərdən biri olub. Lakin Rusiyanın Ukraynaya hücumundan sonra Kataniya hava limanı da rus turistlərinin üzünə bağlanıb. Yəni birbaşa Moskva-Kataniya, Kalinqrad-Kataniya reysləri hələlik ləğv edilib.

Onu da qeyd edək ki, İtaliya televiziya və radiolarının əsas gündəmi Ukrayna mövzusu, orada baş verən hadisələrdir. Bu müharibə ilə bağlı bütün detallar ən incə məqamları ilə müzakirə edilir, diqqətlə izlənilir.

Kataniyaya gəldiyimdə mənə verilən ilk suallardan biri də bu idi - "Bu müharibədə Azərbaycan Rusiyanın, yoxsa Ukraynanın yanındadır?"

Kataniyada hələ də mafiya varmı?

Digər turistlər kimi mənim də kataniyalılara ünvanladığım ilk suallardan biri bu oldu - Kataniyada yenə də mafiya varmı? Sualıma cavab olaraq bəziləri bildirdilər ki, mafiya şəhərdə əvvəllər olub, indi isə mafiya deyilən bir şey yoxdur. Yəni mafiya artıq keçmişdə,  bir də film və həbsxanalarda qalıb. Bir qisim isə deyir ki, bəli, mafiya yenə də var, amma əvvəlki kimi açıq-aşkar, cinayətkar şəklində deyil, kostyumlu biznesmen formasındadır. Buna görə də insanlar onları tanımır.

Xatırladım ki, məşhur "Xaç atası" filminin bəzi kadrları Siciliyada çəkilib. Qarşıdakı günlərdə filmin çəkildiyi ev haqqında reportaj təqdim edəcəyik.



Kataniya Azərbaycanı nə qədər tanıyır?

Çox sevindirici haldır ki, kataniyalılar az da olsa Azərbaycan haqqında məlumatlıdırlar. Azərbaycanı daha çox neft, qaz ölkəsi kimi tanıyırlar. Xatırladım ki, Vətən müharibəsi zamanında Kataniya şəhər Şurası Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırım siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənəd qəbul etmişdi. Əlbəttə ki, bu işdə Azərbaycanın İtaliyadakı səfirliyinin, həmçinin Siciliya və Kalabiyadakı fəxri konsulu cənab Domeniko Kokonun fəaliyyəti çox əhəmiyyətlidir. Cənab konsul əslən siciliyalı olsa da Azərbaycanın təbliğatı, onun tanınması uğrunda uğurlu fəaliyyət aparır.

kataniya.jpg (494 KB)

Beləliklə,  20 noyabr 2020-ci il tarixində İtaliyanın Kataniya Şəhər Şurasında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı yekdilliklə qəbul edilən sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzkar və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20% ərazilərinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilirdi. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanırdı.

Sənəddə həmçinin Ermənistanın qəsdən mülki obyektləri və mülki şəxsləri hədəfə alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir və bu xüsusda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, habelə bütünlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilirdi.

Hələlik Kataniya haqqında ilk təəssüratlarımız bu qədər. Gələn reportajlarımızda Kataniya şəhərinin qədim kilsə və parkları, İtaliya mətbəxi, universitetləri, dəbli modası, "Xaç atası" filminin çəkildiyi ev və dəhşətli Etna vulkanı haqqında geniş məlumat verəcəyik.

Xalidə Gəray,
Kataniya,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR