İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan yeni Qarabağ açıqlaması – Niyə indi?

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Dağlıq Qarabağ münaqişəsində iştirakı mümkün deyildi, çünki hətta Ermənistan özü də bu ərazini tanımırdı”.

RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zaxarova “Qvardeysk” gənclər forumunda çıxışı zamanı bildirib.

"Ermənistanla bağlı bir hekayə var idi, sanki deyirdi: "Gəlin KTMT mexanizmini aktivləşdirək".

Və əslində kimə və nəyə qarşı? Ermənistan bu ərazini nə özününkü, nə də müstəqil subyekt kimi tanıyıb", - deyə o qeyd edib. Zaxarova belə bir şəraitdə KTMT mexanizmini aktivləşdirməyin mümkün olmadığını vurğulayıb.

Zaxarova: Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir

Rusiya XİN rəsmisinin bu mövqeyində Azərbaycanı narazı salan nüans yoxdur. Sadəcə, Qarabağ məsələsi qapanıb və Ermənistan hökumətinin başçısı Nikol Paşinyan da təsdiqləyib. Lakin Moskva hər dəfə bu məsələsi yada salmağa bəhanə axtarır.

KTMT-nin 44 günlük müharibəyə müdaxiləsini əvvəllər Ermənistan gündəmə gətirirdi. Bakı ilə İrəvan arasında sülh mətni paraflandıqdan sonra bu mövzu yada düşmür.

Siyasi şərhçi Xəyal Bəşirovun fikrincə, Moskva çox istərdi ki, keçmiş münaqişə tam həllini tapmasın. Onun sözlərinə görə, bu vəziyyət Rusiyanın Cənubi Qafqazda təsirini daha effektiv şəkildə saxlayacaqdı. “Amma mövcud şərait Rusiyanın manevr imkanlarını daraldıb. Rusiya artıq heç nə deyə bilmir. Bir müddət əvvəl Paşinyanı ittiham edirdilər ki, niyə Qarabağın Azərbaycana aid olduğunu tanıyıb. Çünki Paşinyanın mövqeyi Rusiyanın maraqlarına uyğun deyildi. İndi isə sülh şəraitindəyik və Rusiya özü müharibə vəziyyətindədir. Ona görə də bölgəyə müdaxilə etmək imkanı qalmayıb”, - deyə X.Bəşirov Zaxarovanın fikirlərini belə şərh edib.

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nizamlanması üçün KTMT  mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edilib

Onun sözlərinə görə, XİN sözçüsü qeyri-adi fikir bildirməyib: “KTMT-nin müharibəyə qarışması doğurdan da mümkün deyil. Savaş bizim ərazimizdə gedirdi. Ancaq Rusiya sülhməramlı qüvvələrini çıxarmamaq üçün proseslərin bu yerə qədər gəlib çıxmasının əleyhinə idi. Moskva Qarabağda erməni separatçıları, rus hərbçiləri olmaqla yarımçıq və ürəkbulandıran mənzərənin tərəfdarı idi. Odur ki, bundan sonra deyiləcək sözlər əhəmiyyətsizdir və Azərbaycan problem beynəlxalq hüquqa uyğun şəkildə həll edib”.

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR