İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müharibəyə aparılan azərbaycanlının ailəsi kömək istəyir - FOTO

Rusiyada Ukrayna müharibəsinə aparılan Azərbaycan vətəndaşı - 31 yaşlı Tural Həqiqət oğlu Əliyevlə bağlı növbəti qalmaqallı detal üzə çıxıb.

Musavat.com xəbər verir ki, "ASTRA" layihəsinin təqdim etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının və hərbi komandanlığın qanunsuzluqları ilə üzləşən həmyerlimiz hazırda qaçaq həyatı yaşayır, ailəsi isə rəsmi Bakıdan yardım xahiş edir.

Tural Əliyev 2018-ci ildə Azərbaycandan Rusiyaya köçüb. O, 2023-cü ildə Rusiya Müdafiə Nazirliyi ilə birillik müqavilə bağlayaraq cəbhəyə yollanıb. Qeyd olunur ki, onun böyük qardaşı da Rusiya ordusu tərkibində döyüşlərdə iştirak edib və Volçansk istiqamətində həlak olub. Əliyev əvvəlcə Volqoqrad vilayətinin Kamışin şəhərindəki 82717 saylı hərbi hissəyə, oradan isə birbaşa ön xəttə göndərilib. 2024-cü ilin yanvarında Donetsk vilayətində hücum zamanı ağır yaralanan hərbçi Sankt-Peterburqdakı hərbi hospitalda müalicə olunub. Bədənində qəlpələr qalmasına və müalicəsinin yekunlaşmamasına baxmayaraq, komandanlıq onu yenidən cəbhəyə göndərmək istəyib. Yaralarının müalicəsini tələb edən Əliyevlə rəhbərlik arasında münaqişə yaranıb. Ona 15 günlük məzuniyyət verilsə də, bərpa prosesini öz hesabına davam etdirən Tural müəyyən olunmuş vaxtda hərbi hissəyə qayıtmayıb. O, hərbi hissəni özbaşına tərk etməkdə təqsirləndirilərək axtarışa verilib.

Yaxınlarının sözlərinə görə, Rusiya ordusunda hərbi and içmədiyi üçün əvvəlcə ona cinayət işi açılmayıb. 2025-ci ilin martında Sankt-Peterburqda saxlanılan Əliyev Kamışindəki 65363 saylı hərbi hissəyə gətirilərək zirzəmidə saxlanılıb. Bir neçə gün sonra Rusiya müdafiə naziri Andrey Belousovun qərarı ilə o, xidmətdən xaric edilib və Hərbi-həkim komissiyası ona "V" (məhdud yararlılıq) kateqoriyası verib.

WhatsApp Image 2026-08-28 at 14.01.19.jpeg (128 KB)

Buna baxmayaraq, təzyiqlər səngiməyib:

- Maddə 337 (hissə 5): Səfərbərlik şəraitində hərbi hissəni özbaşına tərk etmə üzrə cinayət işi açılıb.

- Maddə 158 (hissə 4): Xüsusilə külli miqdarda oğurluq ittihamı irəli sürülüb.

Ailənin iddiasına görə, oğurluq ittihamı Turaldan rüşvət qoparmaq məqsədilə uydurulub. Məhkəmə prosesində pulu oğurlandığı iddia edilən hərbçi yoldaşı ifadəni işgəncə altında verdiyini etiraf edib. Nəticədə 2026-cı ilin mayında oğurluq işi üzrə araşdırma dayandırılıb. Volqoqrad Hərbi Məhkəməsində keçirilən 40-dan çox iclas, müxtəlif istintaq təcridxanalarına (SİZO) köçürülmələr və şikayət ərizələrindən sonra işlərin bağlanması müqabilində onun dərhal cəbhəyə göndərilməsi qərara alınıb.

Tural Əliyevə cəbhəyə qaytarılacağı təqdirdə qəsdən öldürüləcəyi ("sıfırlanacağı") barədə hədə-qorxu gəlinib. Avqustun 16-da nəzarət altından qaçmağa müvəffəq olan azərbaycanlı hərbçinin hazırda harada olduğu bilinmir. Əliyevin qohumları Rusiyada hüquqi müstəvidə ədalətə nail olmağın qeyri-mümkün olduğunu bildirərək, Azərbaycan dövlətindən məsələyə müdaxilə etməsini, həmyerlimizin hüquqlarının qorunmasını xahiş edirlər.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR