İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müharibə uşaqlara da təsir etdi

Rusiyada Ukraynaya qarşı müharibənin maliyyə yükü getdikcə sosial xərclərə də toxunur. Arxangelsk vilayətinin hakimiyyəti uşaqlı və çoxuşaqlı ailələrə, himayədar valideynlərə və sosial yardıma ayrılmış 63 milyon rubldan çox vəsaiti müharibə iştirakçılarına və həlak olan hərbçilərin ailələrinə veriləcək ödənişlərə yönəldib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı“The Insider” saytı məlumat yayıb.

Saytına məlumatına əsasən, bu barədə Arxangelsk vilayəti hökumətinin 28 sentyabr tarixli qərarında göstərilir.

Sənədə əsasən, vilayətin Əmək, Məşğulluq və Sosial İnkişaf Nazirliyinin büdcəsindən ümumilikdə 63,095 milyon rubl çıxarılıb.

Bu vəsaitin ən böyük hissəsi – 40,3 milyon rubl himayədar valideynlərin əməyinin ödənilməsi üçün nəzərdə tutulmuşdu. Daha 19,7 milyon rubl çoxuşaqlı və üç və daha çox uşağı olan ailələrin dəstəklənməsinə ayrılmışdı.

Bundan başqa, sosial müqavilələr çərçivəsində dövlət sosial yardımına nəzərdə tutulan xərclərdən daha 3,1 milyon rubl götürülüb.

Beləliklə, ailələr və sosial yardıma ehtiyacı olan insanlar üçün nəzərdə tutulmuş vəsait hərbçilərə, Rusiya Milli Qvardiyasının əməkdaşlarına, səfərbər edilmiş şəxslərə və Ukraynaya qarşı müharibədə iştirak edən könüllülərə, həmçinin həlak olmuş hərbçilərin ailələrinə birdəfəlik ödənişlər üçün yönəldilib.

Diqqətçəkən məqam budur ki, bu, cəmi bir həftə ərzində Rusiyada üzə çıxan ikinci belə haldır.

Bundan əvvəl Tula vilayətində də 54,2 milyon rubl sosial vəsaitin hərbçilərə və onların ailələrinə ödənişlər üçün yenidən bölüşdürüldüyü müəyyən edilib.

Tuladakı qərarda söhbət daha həssas sosial qruplardan gedib: həmin vəsaitlər arasında himayədar ailələrə, yetim uşaqlara, əlilliyi olan uşaqların ailələrinə və aztəminatlılara yardım üçün nəzərdə tutulmuş pullar da olub.

Beləliklə, iki regionda üzə çıxan qərarlara əsasən, Rusiya hakimiyyəti müharibə ilə bağlı ödənişləri maliyyələşdirmək üçün sosial müdafiəyə ayrılmış büdcə vəsaitlərinin bir hissəsini başqa istiqamətə yönəldib. Arxangelsk və Tuladakı qərarlar nəticəsində ümumilikdə 117 milyon rubldan artıq sosial vəsait hərbçilərə və onların ailələrinə ödənişlərə keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR