Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merts rəsmi Kremli danışıqlar masasına oturmağa və “bu müharibəyə son qoymaq məqsədi ilə ciddi dialoqa” başlamağa çağırıb.
“Rusiya bu müharibədə qalib gəlməyəcək. Üstəlik, Rusiyanın özü iqtisadi cəhətdən də daxil olmaqla, çox böyük ziyan çəkəcək. Artıq Rusiya iqtisadiyyatının hansı çətin vəziyyətdə olduğunu görürük. Bu müharibənin davam etdirilməsi Rusiyaya baha başa gələcək”, - Merts bildirib.
Onun sözlərinə görə, əgər Moskva Kiyevlə danışıqlara hazır deyilsə, Berlin uzun müddət Ukraynanı dəstəkləməyə davam edəcək. O, həmçinin, Rusiya neftinin Qazaxıstan nefti ilə əvəzlənməsilə bağlı müzakirələri davam etdirmək niyyətində olduğunu açıqlayıb. Bundan əlavə, kansler qarşıdan gələn qışdan əvvəl Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün “hər cür səy göstərdiyini” vurğulayıb.
Bu arada ABŞ Mərkəzi Kəşfiyyatının (MKİ) direktoru Con Retkliff avqustun sonunda Moskvaya səfəri zamanı Rusiyaya Amerikanın kəşfiyyat qurumlarının qiymətləndirməsini çatdırıb. Həmin qiymətləndirməyə əsasən, Rusiya Ukraynaya qarşı müharibəni uduzur və iqtisadiyyatı “Soyuq müharibə”nin sonunda SSRİ-də olduğu kimi çökür.
Bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) mənbələrə istinadla yazıb.
“Retkliff ABŞ kəşfiyyat xidmətlərinin gəldiyi qənaəti Moskvaya çatdırıb. Həmin qənaət belədir: Rusiya müharibəni uduzur. Burada söhbət Donbas cəbhəsindən və ya artıq Moskvaya qədər gəlib çatan Ukraynanın dron müharibəsindən getmir. Hərbi baxımdan vəziyyət dalana dirənməyə doğru gedir. Amma Rusiya iqtisadi cəhətdən bunun öhdəsindən gələ bilməyəcək. İqtisadiyyat Soyuq müharibənin sonunda Sovet İttifaqında olduğu kimi çökəcək”, - məqalədə deyilir.
Nəşrin məlumatına görə, MKİ direktorunun avqustun sonunda Moskvaya səfərinin əsl səbəbi bu olub.
“Bu mesajla yanaşı, ABŞ-nin Ukraynaya dair siyasətinin məhz bu qiymətləndirmə əsasında formalaşdırıldığı da izah edilib. Buna görə də Putin Trampın hansısa məqamda Zelenskini tək qoyacağına ümid etməməlidir. O səbəbə ABŞ-nin tələbi belədir: “Danışın”, - nəşr əlavə edib.

Ehtiyatda olan polkovnik Əfrahim Təhməzov Musavat.com-a deyib ki, Almaniya kansleri Fridrix Mertsin bəyanatları və ABŞ kəşfiyyat rəhbəri Con Retkliffin Moskvaya pərdəarxı mesajı hərbi nöqteyi-nəzərdən çox ciddi siqnallardır:
“Müharibə ön cəbhədə atılan mərmilərlə, tankların irəliləməsi ilə ölçülmür. Müharibə ilk növbədə resursların, maddi-texniki təminatın və arxa cəbhənin davamlılığı döyüşüdür. Hazırda Rusiya-Ukrayna cəbhəsindəki mövcud vəziyyət artıq mövqe müharibəsi xarakteri alıb. Əgər tərəflərdən biri cəbhə xəttini dərinlikdə yara bilmirsə, operativ üstünlük əldə edə bilmirsə və döyüşlər lokal yaşayış məntəqələri uğrunda aylarla uzanırsa, bu, dalana dirənmədir. Rusiya ordusu böyük canlı qüvvə və texnika itkisi hesabına kiçik taktik irəliləyişlər əldə etsə də, bu, strateji qələbə gətirmir. Bura Ukraynanın distant dron zərbələri ilə Rusiyanın dərinliklərini, xüsusən də logistik mərkəzləri, hərbi aerodromları və neft bazalarını vurmasını əlavə etsək, arxa cəbhənin təhlükəsizliyinin pozulduğunu görərik”.
Hərbi ekspert bildirib ki, SSRİ-nin çöküşü ilə aparılan müqayisə təsadüfi deyil:
“İstənilən müdafiə sənayesi kompleksi dövlətin ümumi iqtisadiyyatına söykənir. Əgər ölkə iqtisadiyyatı yüksək inflyasiya, kadr çatışmazlığı və sanksiyalar altında zəifləyirsə, müdafiə sənayesi cəbhənin artan tələbatını sürətlə və uzunmüddətli ödəyə bilməz. Müharibə uzandıqca ehtiyatda olan texnikanın bərpası, müasir sursatların istehsalı və hərbi təchizat fəlakətli dərəcədə bahalaşır. Qərb kəşfiyyatı Moskvaya açıqca bildirir: Siz hərbi texnikanızı və resurslarınızı bərpa etməyə çatdırmayacaqsınız. Almaniyanın Ukraynaya yeni hava hücumundan müdafiə (HHM) sistemləri verməsi və enerji infrastrukturlarını qorumaq addımları cəbhəyə birbaşa təsir edəcək. HHM sistemlərinin gücləndirilməsi o deməkdir ki, Rusiyanın raket və dron zərbələrinin effekti kəskin azalacaq, Ukraynanın daxili infrastrukturu və hərbi-sənaye obyektləri daha etibarlı qorunacaq. Eyni zamanda Rusiya neftinin bazarlardan sıxışdırılması Moskvanın hərbi büdcəsini birbaşa hədəf alır pul yoxdursa, müharibə maşını dayanmağa məhkumdur”.
Hərbi ekspert deyib ki, Moskva Qərbdəki siyasi hakimiyyət dəyişikliklərinə və ya ABŞ-nin yardımları kəsəcəyinə ümid bəsləyirdi:
“Lakin kəşfiyyat hesabatı göstərir ki, Vaşinqtonun hərbi-strateji xətti şəxslərdən yox, dövlət maraqlarından və təhlükəsizlik qiymətləndirmələrindən asılıdır. Kiyevi tək qoymaq planı yoxdur. Bu xəbərdarlıqlar ciddidir. Hərbi nöqteyi-nəzərdən strateji təşəbbüsü itirən və iqtisadi resursları tükənməkdə olan bir ölkənin uzunmüddətli müharibə aparmaq şansı yoxdur. Kremlin qarşısında hazırda 2 yol var. İndi masaya oturub nisbətən real şərtlərlə danışıqlara başlamaq, ya da iqtisadi və hərbi tükənmə ilə üz-üzə qalaraq daha ağır şərtləri qəbul etmək”.
E.Məmmədəliyev,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ