İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üçün yeni raket kabusu: “Flaminqo”dan sonra ballistika gəlir

Ukraynanın yeni uzaqmənzilli “Flaminqo” qanadlı raketləri Rusiya ərazisinin dərinliklərində yerləşən obyektlər üçün getdikcə daha ciddi problemə çevrilir. Hərbi ekspertlər isə növbəti mərhələdə Kiyevin ballistik raket istehsalını genişləndirə biləcəyi halda təhlükənin miqyasının daha da böyüyəcəyini bildirirlər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, “ Ukraynanın yeni raket imkanları barədə hərbi ekspert Sergey Miqdal danışıb

Nəşrin məlumatına görə, ən azı iki “Flamingo” raketi Samaradakı “Proqress” Raket-Kosmik Mərkəzinə zərbə endirib. Peyk görüntülərində raketlərdən birinin düşdüyü ərazidə binanın damında təxminən 85x35 metr ölçüdə zədələnmə göründüyü bildirilir.

Bu hücum “Flaminqo”nun indiyədək qeydə alınmış ən uzaqmənzilli və dağıdıcı tətbiqlərindən biri kimi təqdim olunur.

Sergey Miqdalın fikrincə, artıq “Flaminqo”nun real döyüş şəraitində işləyə bilən silah olduğu aydınlaşır. Ekspert onu obrazlı şəkildə “kasıblar üçün Tomahawk” adlandırıb.

Onun sözlərinə görə, Ukrayna raketi ABŞ-ın “Tomahawk” qanadlı raketindən xeyli sadədir və hava hücumundan müdafiə sistemlərini yarmaq imkanları daha məhduddur. Bunun əvəzində “Flamingo”nun istehsalı daha ucuz və sadədir, döyüş başlığı isə böyük dağıdıcı gücə malikdir.

Miqdal hesab edir ki, bu xüsusiyyət raketin tətbiq taktikasını da müəyyənləşdirir: eyni hədəfə daha çox raket buraxılmalıdır ki, onların heç olmasa bir hissəsi hava hücumundan müdafiəni keçərək hədəfə çatsın.

Lakin ekspert Ukraynanın hazırkı əsas probleminin məhz istehsal gücü olduğunu düşünür. Onun sözlərinə görə, bəzi hücumlardan sonra hədəflərin vurulduğuna dair təsdiqlərin olmaması raketlərin hələ kifayət qədər böyük sayda istehsal edilmədiyini göstərə bilər.

Daha ciddi məsələ isə Ukraynanın üzərində işlədiyi ballistik raketlərdir.

Miqdal Kiyevin bu istiqamətdə nəticə əldə edə biləcəyini düşünür. Onun fikrincə, mürəkkəb tuşlama sistemləri üçün lazım olan elektron komponentlərin bir hissəsi Qərb tərəfdaşlarından əldə edilə bilər.

Ballistik raketlərin qanadlı raketlərdən əsas fərqlərindən biri uçuş müddətidir. Qanadlı raketin hədəfə çatması saatlarla davam edə bildiyi halda, ballistik raket müəyyən hədəflərə bir neçə dəqiqə ərzində çata bilər. Bu isə xəbərdarlıq və müdafiə üçün ayrılan vaxtı kəskin azaldır.

Ekspert burada da əsas məsələnin raketin yaradılmasından çox kütləvi istehsalın təşkil edilməsi olduğunu vurğulayır.

Miqdalın hesablamasına görə, ayda cəmi 5-10 raketin istehsalı Rusiya üçün daha çox narahatedici, lakin məhdud təsirli atəş demək olacaq. Əgər istehsal ayda 100-200 raketə çatdırılarsa, onun fikrincə, Rusiyanın Avropa hissəsində yerləşən hərbi və strateji obyektlər üçün vəziyyət xeyli mürəkkəbləşə bilər.

Rusiyanın belə raketlərə qarşı istifadə edə biləcəyi S-400 və S-500 hava və raketdən müdafiə sistemləri var. Lakin Miqdal onların bu tip ballistik raketlərə qarşı real müharibə şəraitində effektivliyinin yetərincə sınaqdan keçmədiyini bildirir.

Başqa problem bu komplekslərin sayının məhdud olmasıdır. Rusiyanın nəhəng ərazisinin bütün strateji obyektlərini S-400 və S-500 sistemləri ilə qorumaq mümkün deyil, – ekspert vurğulayır.

Bununla belə, Miqdal yeni ballistik raketlərin şəxsən Vladimir Putin və onun yaxın çevrəsi üçün birbaşa “likvidasiya silahı” olmadığını düşünür. Ballistik raketləri vurmaq çətin olsa da, onların buraxılışı radarlarla görünür və yüksək səviyyəli şəxslərin sığınacağa keçməsi üçün müəyyən vaxt qalır.

Ekspertin qənaətinə görə, Ukraynanın yeni raket proqramının Rusiya üçün nə dərəcədə ciddi təhlükəyə çevriləcəyini müəyyən edən əsas amil raketlərin ayrı-ayrı texniki xüsusiyyətlərindən daha çox Kiyevin onları nə qədər sürətlə və hansı miqdarda istehsal edə bilməsi olacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR