Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsində ölənlər, yaralananlar və əsirlərlə bağlı aparılan araşdırmalar diqqətçəkən və ciddi suallar doğuran faktları ortaya çıxarır. Xüsusilə meyit mübadiləsi zamanı tərəflər arasında müşahidə olunan kəskin rəqəmsal fərqlər müharibənin gizli tərəflərinə işıq salır.
Hərbi bloger Tofiq Şahmuradovun apardığı araşdırmalara görə, Rusiya və Ukrayna arasında meyitlərin dəyişdirilməsi prosesində ciddi uyğunsuzluq mövcuddur. Məsələn, bəzi hallarda Ukrayna tərəfi Rusiyaya 10 meyit təhvil verdiyi halda, Rusiya tərəfi bunun müqabilində 100 meyit verir. Statistik göstəricilər göstərir ki, Rusiya ordusunun hücum əməliyyatları zamanı çoxsaylı itkilər verdiyi, bir sıra döyüş epizodlarında isə həlak olan hərbçilərin meyitlərini döyüş meydanında qoyaraq geri çəkildiyi hallar mövcuddur.
Bu mənzərə fonunda sual yaranır: əgər Rusiya tərəfi bu qədər itki verirsə, Ukraynanın dəyişdirmə zamanı təqdim etdiyi meyitlərin sayı niyə xeyli azdır?
Oxşar uyğunsuzluq əsir mübadiləsində müşahidə edilmir. Əsir dəyişdirmələri əsasən 1-1 prinsipi ilə həyata keçirilir. Lakin burada da ziddiyyətli məsələlər var.
Tofiq Şahmuradov bu ziddiyyətlərin səbəbini Ukrayna tərəfində döyüşən hərbçilərdən əldə etdiyi məlumatlarla izah edir. Onun bildirdiyinə görə, Ukrayna ordusuna qeyri-rəsmi şəkildə tapşırıq verilib ki, qeyri-rus millətindən olan hərbçilər əsir götürülməsin, həmin qruplara aid meyitlər isə döyüş meydanından dəyişdirmə məqsədilə yığılmasın. Bildirilir ki, bunun əsas səbəbi Rusiya tərəfinin qeyri-rus millətinə aid hərbçilərlə bağlı nə əsir mübadiləsi aparması, nə də onların meyitlərini geri götürməsidir.
Qeyd olunur ki, “qara millət” ifadəsi burada yalnız dəri rənginə aid deyil. İddialara görə, Rusiya hərbi-siyasi sistemində rus olmayan xalqlara və etnik qruplara qarşı formalaşmış ayrı-seçkilik yanaşması mövcuddur və bu yanaşma müharibə zamanı da özünü açıq şəkildə göstərir.
Bu iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənməsə də, müharibənin humanitar aspektləri, itkilərə münasibət və beynəlxalq humanitar hüququn prinsipləri baxımından ciddi suallar doğurur.
Meyitlərin və əsirlərin dəyişdirilməsi milli və etnik mənsubiyyətdən asılı olmayaraq həyata keçirilməli, müharibə şəraitində belə insan həyatına və ləyaqətinə eyni münasibət göstərilməlidir.
Musavat.com-un məlumatına görə, Kremlin rəhbərliyi Rusiya ordusunda xarici vətəndaşların döyüşməsini stimullaşdırmaq üçün faktiki olaraq muzdlu ordu mexanizmi yaradıb. Yüksək maaş vədləri ilə – Azərbaycan pulu ilə təxminən ayda 4000 manat civarında əməkhaqqı təklif edilərək, azərbaycanlıların Rusiya ordusuna yazılması asanlaşdırılır. Əksər hallarda bu proses aldatma üzərində qurulur. İnsanlara deyilir ki, guya onlar döyüşə yox, arxa cəbhə işlərinə – yemək bişirməyə, təminat və logistikaya cəlb olunacaqlar.
Reallıq isə tamam fərqli olur. Bir-iki aylıq qısa “təlim”dən sonra bu insanlar birbaşa cəbhəyə göndərilirlər. Yüksək maaşa aldanan azərbaycanlılar ilk zamanlarda, adətən, birinci maaşlarını alan kimi öz yaşadıqları rayonlardan, ətraflarından qohum-əqrəbanı, tanışları da bu yolla Rusiya ordusuna cəlb etməyə başlayırlar. Üstəlik, təkcə Rusiyada yaşayanlar yox, birbaşa Azərbaycandan gedib orduya yazılanlar da az deyil.
Müxtəlif mənbələrdən daxil olan məlumatlara görə, artıq 1500-dən çox azərbaycanlının Rusiya ordusunun tərkibində həlak olması ilə bağlı faktlar mövcuddur. Üstəlik, çoxsaylı itkinlər var. Bu isə məsələnin artıq tək-tək faciələrdən çıxıb milli fəlakət miqyası aldığını göstərir.
Ən yaxşı halda onların cəsədi tapılıb ailələrinə verilir. Ən pis halda isə aylarla onlardan xəbər çıxmır. Və çox zaman Rusiya tərəfi kompensasiya ödəməmək üçün həlak faktını ailələrdən gizlədir.
Şahanə Rəhimli
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ