İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “Şükür Allaha, hər şey bitdi deyəcəyəm" – Ukrayna mesajı

Putin Ukrayna münaqişəsi, Ermənistanın geosiyasi seçimi və Rusiyanın yeni silah sistemləri barədə bir sıra açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PMEF-2026) beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə danışıb.

Rusiya lideri qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin üzləşdiyi problemlər yeni ərazi itkilərinə səbəb olur. O, ilin əvvəlindən Ukrayna ordusunda 60 min nəfərin dezertir olduğunu iddia edib.

Putin həmçinin vurğulayıb ki, Ukrayna ilə mümkün razılaşma əldə olunması və Donbasın tam nəzarətə götürülməsi məqsədi bir-birini istisna etmir.

Prezident bildirib ki, Rusiya Ukrayna ilə sənədləri yalnız legitim tərəflə imzalaya bilər. O, Volodimir Zelenskinin prezident səlahiyyətlərinin iki il əvvəl başa çatdığını xatırladıb.

Putin qeyd edib ki, Moskva Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı deyil, lakin Aİ-nin hərbi bloka çevrilməsini qəbul etmir. Onun fikrincə, hazırda Ukrayna hakimiyyəti real atəşkəs və münaqişənin dayandırılmasında maraqlı deyil. O əlavə edib ki, Avropa İttifaqı silah tədarükü əvəzinə nizamlanma prosesində müsbət rol oynaya bilər.

Rusiya lideri sülh sənədinin imzalanacağı təqdirdə deyəcəyi ilk sözlərin “Şükür Allaha, hər şey bitdi” olacağını da bildirib.

Putin görüş zamanı Ermənistanın xarici siyasət istiqamətinə də toxunub. O bildirib ki, Ermənistan Avropa İttifaqı və ya Avrasiya İqtisadi İttifaqı istiqamətində seçim etmək üçün mümkün qədər tez referendum keçirməlidir.

“Bu, Ermənistanın və hər bir suveren dövlətin hüququdur. Lakin İrəvan hansı istiqamətdə hərəkət edəcəyini mümkün qədər tez müəyyənləşdirməlidir”, – deyə Putin vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan hansı yolu seçməsindən asılı olmayaraq, Rusiya bu ölkə ilə münasibətlərini qoruyub saxlayacaq. Bununla belə, Ermənistan parlamentinin Aİ-yə qoşulmaqla bağlı qəbul etdiyi qanunun Moskvada narahatlıq yaratdığını qeyd edib.

Putin həmçinin Ukraynaya endirilən zərbələr zamanı “Oreşnik” raket sisteminin tətbiqinə də münasibət bildirib. O deyib ki, bu raketin müəyyən hədəflərə qarşı istifadəsi gələcəkdə, o cümlədən şəhər şəraitində necə tətbiq oluna biləcəyini qiymətləndirmək məqsədi daşıyıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR