Onlayn ictimai-siyasi qəzet
Elçin Mirzəbəyli: “Samvel Karapetyan Ermənistanın daxili siyasətinin məhsulu deyil”
“Samvel Karapetyan səslərin 34%-ni, Nikol Paşinyan isə 33%-ni toplayıb. Bu gün açıqlanan sorğunun yekun nəticələri bunlardır”.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Ermənilərinin online media orqanı yekramos.org məlumat yayıb.
Məlumatda bildirilir ki, sorğunun nəticələri ilə bağlı xəbəri Samvel Karapetyanın liderlik etdiyi müxalif “Bizim Yolumuz” hərəkatının koordinatoru Narek Karapetyan sosial mediadakı səhifəsində paylaşıb.
“Sorğu EMPIRICA tərəfindən aparılıb və sual belə olub: bu iki lider arasında seçim etməli olsaydınız, kimi seçərdiniz? Biz qələbəyə doğru inamla irəliləyirik. Məhz buna görə də Paşinyan bizə qarşı hücumlarını gücləndirir. Lakin bu qələbə kifayət deyil. Parlamentdə mütləq çoxluğa ehtiyacımız var. Böyük dəyişikliklər böyük və güclü siyasi qüvvə tələb edir. Biznes üçün sıfır vergi dərəcəsi müəyyən etmək, 300.000 yeni iş yeri yaratmaq və real iqtisadi transformasiyanı həyata keçirmək üçün bizə real güc və geniş dəstəyə ehtiyac var. Biz böyük bir qələbəyə doğru irəliləyirik və hər birimizin səsi bunun üçün vacibdir””- deyə, o yazıb.

Açıqlanan sorğunun nəticələri ilk baxışda Ermənistanın daxili siyasi balansında ciddi dəyişiklik təəssüratı yaratsa da, məsələyə daha soyuqqanlı və sistemli yanaşma zəruridir. Burada üç əsas xətt üzrə təhlil aparmaq məqsədəuyğundur: sorğunun etibarlılığı, Rusiya faktorunun rolu və real seçki perspektivləri. Sorğunun EMPIRICA tərəfindən aparıldığı bildirilsə də, ictimaiyyətə təqdim olunan məlumatlar olduqca məhduddur.
Respondentlərin coğrafiyası, sorğunun keçirildiyi tarix və metodologiya açıqlanmır.Paşinyan bütün zəifliklərinə baxmayaraq, hələ də inzibati resurslara, hakim partiya strukturuna və sadiq elektorata malikdir. Müxalifətin parçalanmış vəziyyəti isə Paşinyanın əsas üstünlüklərindən biri olaraq qalır. Karapetyanın real qələbə şansı yalnız o halda mümkündür ki, o, müxalif düşərgəni vahid platforma ətrafında birləşdirə bilsin.
Bu sorğu Paşinyanın siyasi mövqelərinin zəiflədiyini göstərən simvolik göstərici kimi dəyərləndirilə bilər, lakin onu həlledici fakt kimi qəbul etmək tezdir. Rusiya amili fonunda Karapetyanın önə çıxarılması təsadüfi deyil, lakin Ermənistan seçicisi üçün təkcə xarici dəstək yox, daxili legitimlik və real proqram həlledici olacaq. Qarşıdakı dövr Paşinyan üçün riskli, müxalifət üçün isə imkanlarla dolu mərhələ kimi görünür, amma bu imkanların gerçəyə çevrilib-çevrilməyəcəyi hələ açıq sualdır.
Deputat Elçin Mirzəbəylinin fikrincə, bu məsələdə diqqət sorğudan daha çox yekramos.org və onun arxasındakı siyasi-informasiya xəttinə yönəlir.
Musavat.com-a açıqlamasında bildirdi ki, məsələnin mahiyyəti də məhz burada açılır:
“Yekramos.org sıradan xəbər saytı deyil. Bu platforma Rusiyanın erməni diasporunun informasiya resursudur və uzun illərdir ki, Kremlin postsovet məkanında istifadə etdiyi “diaspor media şəbəkəsi”nin tərkib hissəsi kimi fəaliyyət göstərir. Bu tip resursların əsas funksiyası xəbər vermək yox, siyasi narrativ formalaşdırmaqdır. Buradakı əsas məqam sorğunun nəticəsi yox, sorğunun kim tərəfindən, hansı platformada və hansı məqsədlə ictimailəşdirilməsidir”. E.Mirzəbəyli digər maraqlı məqama da diqqət çəkdi: “Məsələ burasındadır ki, sorğu ilə bağlı heç bir metodoloji detal yoxdur. Sorğuda iştirak edən respondentlərin sayı, keçirildiyi ərazi, keçirilmə tarixi, sorğunun formatı, maliyyələşmə mənbəyi məlum deyil. Bu, real sosioloji tədqiqatın yox, ictimai rəyə təsir üçün hazırlanmış informasiya məhsulunun əlamətləridir. Sualın quruluşu da məqsədlidir: “iki lider arasında seçim”. Bu, Paşinyana qarşı “hazır alternativ lider” obrazı yaratmaq üçün istifadə edilən psixoloji texnologiyadır”.
Milli Məclisin üzvü şübhə etmir ki, Samvel Karapetyan Ermənistanın daxili siyasətinin məhsulu deyil:
“O, Rusiyada formalaşmış oliqarxdır, Kremlin icazəsi ilə biznes imperiyası quran və Moskvanın iqtisadi-siyasi orbitində olan fiqurdur. Ermənistan cəmiyyətində onun siyasi legitimliyi zəifdir, amma Moskva ilə əlaqələri güclüdür”.
E.Mirzəbəyli vurğuladı ki, bu tip fiqurların informasiya təqdimatı adətən, belə başlayır:
“Onlar diaspor mediasında “lider” kimi təqdim olunurlar, sorğular vasitəsilə reytinqləri şişirdilir və tədricən ictimai rəyə bu kremldəqayırma obrazın ixracı proses başlayır. Bu, Kremlin klassik informasiya metodudur. Zamanlama da təsadüfi deyil. Qurama sorğu ilə bağlı informasiya, məqsədyönlü şəkildə sülh mükafatının təqdim olunduğu zaman kəsiyində yayımlanır. Bu isə Ermənistandakı revanşçıların süni “üstünlüyünü” nümayiş etdirmək, sülhlə bağlı atmosferin Rusiyanın iştirakı olmadan formalaşdırılmasının mümkünsüzlüyünü onə çəkmək üçündür”.
Deputat hesab edir ki, bütövlükdə bu, sorğu deyil, siyasi mesajdır:
“Burada əsas mesaj Ermənistan seçicisinə yox, Ermənistan siyasi elitasına ünvanlanıb: sorğu sifarişçiləri “Moskvanın artıq alternativi var” mesajını ötürmək istəyirlər. Yəni bu informasiya dalğası daxili ictimai rəyə yox, siyasi proseslərə təsir etmək üçün buraxılıb. Nəzərə almaq lazımdır ki, Karapetyanın Ermənistan daxilində real siyasi infrastrukturu yoxdur. Onun üstünlüyü Moskva dəstəyidir, bu isə Ermənistan seçicisi üçün həlledici faktor deyil. Bütövlükdə isə “sorğu” sosioloji fakt yox, geosiyasi informasiya əməliyyatıdır. Məsələ 34% və 33% deyil. Məsələ odur ki, Rusiya informasiya müstəvisində Ermənistan üçün yeni siyasi fiqurun təqdimatına start verib. Bu, Paşinyanın reytinqinin ölçülməsi deyil, Karapetyanın reytinqinin yaradılmasıdır”.
E.Paşasoy,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ