İnsanlara hürriyət, millətlərə istiqlal!

Riyaziyyatçılarımız kimləri geridə qoydu? – Nazir AÇIQLADI

PISA 2025-in nəticələri açıqlanıb. Bakı riyazi savadlılıq üzrə 460 bal toplayaraq 91 ölkə və region arasında 29-cu pillədə qərarlaşıb.

Musavat.com xəbər verir ki, nəticələr elm və təhsil naziri Emin Əmrullayevin PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı açıqlanıb.

Təqdimat zamanı nümayiş etdirilən beynəlxalq reytinq cədvəlində Bakı məktəblilərinin riyazi savadlılıq üzrə göstəriciləri də yer alıb. Belə ki, Bakı 460 bal toplayaraq 29-cu yeri tutub. Nəticə əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə Bakının mövqeyində 63 pilləlik irəliləyiş olduğunu göstərir.

Bakı bu göstərici ilə bir sıra Avropa ölkələri ilə eyni və ya daha yüksək nəticə nümayiş etdirib. Belə ki, Latviya, Portuqaliya və Sloveniya da 460 bal toplayıb. Fransa 458, İspaniya isə 457 bal əldə edib. Riyazi savadlılıq üzrə reytinqin lideri isə 612 balla Çin (P-Ş-T-Ç) olub. Sinqapur 563 balla ikinci, Makao 550 balla üçüncü, Çin Taybeyi isə 546 balla dördüncü pillədə qərarlaşıb.

Ümumilikdə PISA 2025 qiymətləndirməsində 91 ölkə və region iştirak edib. Onlardan 13-ü əvvəlki qiymətləndirmə dövründə iştirak etməyib. İştirakçıların 16-sı nəticələrini yaxşılaşdırıb, 62 ölkə və regionda isə göstəricilər əvvəlki dövrlə müqayisədə geriləyib.

Qeyd edək ki, PISA şagirdlərin yalnız məktəb proqramını nə dərəcədə mənimsədiyini deyil, əldə etdikləri bilikləri real həyat situasiyalarında tətbiq etmək bacarıqlarını da qiymətləndirir. Riyazi savadlılıq çərçivəsində şagirdlərin real həyatda qarşılaşdıqları problemləri riyazi şəkildə ifadə etməsi, həll etməsi və əldə olunan nəticəni düzgün şərh etməsi əsas göstəricilərdən biridir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR