Onlayn ictimai-siyasi qəzet
Sosial mediada “Vanlı Kara Haydar” ləqəbi ilə tanınan Mehmet Fatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrə araşdırma başladılıb.
Musavat.com xəbər verir ki, Van Baş Prokurorluğu Tançalan barəsində Türkiyə millətini, Türkiyə Cümhuriyyətini, dövlətin qurum və orqanlarını aşağılama ilə bağlı Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi əsasında istintaq başladıb.
Məlumata görə, Mehmet Fatih Tançalan sentyabrın 8-də gecə saat 03:00 radələrində Van vilayətinin Muradiyə rayonundakı evində keçirilən əməliyyat zamanı saxlanılıb. O, Van İl Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları tərəfindən polis bölməsinə aparılıb.
İstintaqla bağlı daha bir detal da üzə çıxıb. Tançalanın toy mərasimindən sosial şəbəkələrdə yayılan görüntülərdə çoxlu miqdarda qızıl və digər əmlakın nümayiş etdirilməsi araşdırmaya daxil edilib.
Həmin qızılların və əmlakın mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasından (MASAK) maliyyə araşdırması aparılması tələb edilib.
Baş Prokurorluğun göstərişi əsasında keçirilən əməliyyat zamanı şübhəlinin daha əvvəl 25 hadisə üzrə qeydiyyatının olduğu müəyyənləşdirilib.
Hazırda Mehmet Fatih Tançalanın barəsindəki araşdırma davam etdirilir.
Qeyd edək ki, toyda blogerlər Arifə Məmmədova (baylarsoylar) və Fidan Zeyn də iştirak edib.
Könül
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ