İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı koftalı, yaşlı tumanlı oğlanların çətin qələbəsi

Portuqaliya millisi Sloveniya millisinə elə bir zülmlə qalib gəldi ki, vallahi, futbol azarkeşi olduğum uzun illərdə oyuna baxarkən ürəyimin bu qədər yuxaldığını ilk dəfə hiss edirdim.

O nəydi, o nə göz yaşlarıydı? Ronaldo niyə o günə düşdü?

Adam 3-4 cərimə zərbəsini və bir penaltini boşa verdi. Karyerası boyunca onda belə şey olmamışdı. Ronaldo ola, penalti qaçıra – özü də belə bir həlledici oyunda. Son dəqiqələrdə. Olmamışdı. Üç cərimə zərbəsi vurardısa, biri mütləq qol olardı. Bu dəfə olmadı. Hələ yeddi dəfə qapı ağzında topa kəllə vurmaq üçün havaya sıçradı, hər dəfə təcrübəsiz kələ kimi məqsədinə çata bilmədən yerə endi. Qocalıq buymuş demək.

Hələ Pepe... Çox deyirdilər, 41 yaşında nər kimidir. İlk hissələrdə eləydi. Amma əlavə yarım saatın son dəqiqələrində dizi yerə gəldi, rəqibin qapıçı ilə təkbətək çıxmasına səbəb oldu, onun və Ronaldonun bəxtindən sloveniyalı forvard qapıçını keçə bilmədi.

İndi bir çoxları deyə bilər, bax, görürsünüzmü, bu, o deməkdir ki, Gürcüstan millisinin Portuqaliyanı 2:0 hesabıyla udmasında şübhəli məqam yoxdur, gürcülər topuqlarının haqqı, alınlarının təriylə, halalca udublar. Elə deyil.

Portuqaliya millisi gürcülərə 0:2 hesabı ilə uduzarkən futbola, öz futbol statistikalarına xəyanət etmişdilər. Yılmaz Özdil kimi bir həqiqətpərəst jurnalist də əminliklə deyir ki, portuqalların gürcülərə məğlubiyyətində məqsəd Türkiyəni qrupda saxlamaq olub, çünki hamı Çexiyanın Türkiyə millisinə qalib gələcəyini gözləyirdi və onların gerçəkdən də belə bir şansı vardı. Sadəcə, türkün sözü, evdəki hesab bazardakına düz gəlmədi, Çexiya uduzdu və ələndi. Portuqallar isə Gürcüstana qələbə hədiyyəsi etdilər – sadəcə, oynamadılar, yola verdilər.

Futbolda potensial rəqiblərinə bu cür badalaq gələnlər çox olub. Elə Qətərdə keçirilən mundialda da bir neçə bu sayaq bicliklər edən komandalar olmuşdu. Amma bu işin axırı yoxdur, futbol tanrısı belə xəyanətləri bağışlamır, axırda adamın özünü ağlar günə qoyur.

Ona görə də Sloveniyanın Portuqaliyanı ələməsini istəyirdim. Həm də ona görə ki, slovenlər qədirşünas camaatdır, bizim həmvətənimiz Mixaylonun onlar üçün necə rəşadətlə döyüşdüyünü hələ də unutmayıblar, xatirəsini əziz tuturlar, həlak olduğu yerdə xatirə abidəsi inşa ediblər. Deyirdim, qoy onlar da qabağa getsin.

ronnqoz.jpg (443 KB)

Ancaq Ronaldo penaltini vura bilməyəndən sonra əlindən oyuncağı alınmış uşaq kimi ağlayanda ürəyim yumşaldı. O dünyanın və bütün zamanların iki ən güclü (Messi ilə şərik) oyunçusudur, özü də mərifətli, duyarlı oğlandır, həmişə yaxşı soraqları gəlir, bu duruma düşəcək adam deyil.

Düzdür, Ronaldo penaltini vursa, bədxahları həmişəki kimi, ona “Penaldo” deyəcəkdilər, amma əvəzində ağlamayacaqdı və milyonlarla futbol azarkeşini kövrəltməyəcəkdi.

Hər necə olsa da, axırda qırmızı koftalı, yaşıl tumanlı oğlanlar 1\8 finala adladılar, hamısı, o cümlədən Ronaldo da güldü. Bu, onlara dərs olar.

Güman ki, növbəti oyunda Portuqaliya millisi Fransanın başına oyun açacaq, Mbappenin maskasını salacaq, Ronaldo da bu çempionatdan major notlarla ayrılacaq.

Sloveniyalılar isə bir şeyi səhv etdilər, qol vurmalıydılar, vurmadılar, təcrübələri çatmadı. Qapıçıyla təkbətək çıxıb qol vura bilməmək o tərəfə 3 penaltidən birini vura bilməmək nə deməkdir? Messi 10 dəfə o cür təkbətək çıxar, birini də qaçırmazdı.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR