İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər millətin öz totemi – Boz qurd pisdir, ayı, şir, qartal, xoruz yaxşıdır?

 

“Boz qurd” işarəsi Altay türklərinə, göy türklərə məxsusdur və heç də millətçiliyi, irqçiliyi simvolizə etmir.

Bu, türk xalqlarının totemi olan boz qurdun başını əks etdirən işarədir və qorxmazlığı, ram olunmazlığı, intizamı, ailə dəyərlərini, lider və döyüşçülük ruhunu təcəssüm edir.

İbtidaidə belə olub. Sonra bu işarənin altına bir çox ideyalar yığılıb: milliyyətçilik, türkçülük və turançılıq...

İndi Avropa ölkələri də “boz qurd” işarəsinə zorla irqçiliyi yamamağa çalışır. Hiss olunur ki, bu işarənin, eləcə də “boz qurd” hərəkatının kriminallaşdırılması məkrli dairələrin xroniki təbliğatının nəticəsidir.

Bu xətti sovet dönəmində kommunist ideoloqları da götürmüşdülər. Ötən əsrin 70-80-ci illərində Türkiyəni sovetləşdirməyə çalışan, bu dövlətdəki marksist-leninçiləri pul-parayla, ədəbiyyatla, ideoloji materaillarla təmin edən Kremlin niyyətini puç edən məhz türkiyəli “boz qurd”lar olmuşdu.

Ondan sonra Moskva onları qara siyahıya salmış, “irticaçı millətçi hərəkat” kimi qələmə verməyə başlamışdı. O zamanın ülküçülərinin isə əsas məqsədi ölkənin sovetlşdirilməsinin, SSRİ-nin satellitinə çevrilməsinin qarşısını almaq idi.

1980-ci ilin 12 sentyabrında general Kənan Evren məhz “bozqurdlar”la marksist solçular arasında gedən küçə davasını, vətəndaş qarşıdurmasını səbəb göstərərək mülki hakimiyyəti devirmiş, ölkədə hərbi diktatura qurmuş, solçuları da, sağçı milliyyətçiləri də cəzalandırmışdı.

130608991-alpaslan-turkes.jpg (49 KB)

Maraqlıdır ki, 1992-ci ilə qədər Türkiyədə “bozqurdlar” hərəkatı olsa da, “boz qurd” işarəsi olmayıb.

Bunu qədim Altay türklərindən sonra ilk dəfə Azərbaycan türkləri populyarlaşdırıblar. 1992-ci ildə Bakıya gələn MHP başqanı Alparslan Türkeş Azərbaycanın xalq hərəkatının lideri, ikinci prezident Əbülfəz Elçibəyin təşkil etdiyi mitinqdə on minlərlə insanın “boz qurd” salamı ilə qarşılanıb. Türkiyə “bozqurdlar”ının lideri bu işarənin nə demək olduğu ilə maraqlanıb və bunun “boz qurd” simvolu olduğunu bildikdə işarə xoşuna gəlib. O, ölkəsinə qayıtdıqdan sonra başçılıq etdiyi partiyanın üzvlərinə, təəssübkeşlərinə və tərəfdarlarına bu simvolu kütləviləşdirməyi tövsiyə edib.

Belə bir versiya da var ki, Azadlıq meydanındakı mitinqdə çəkilən videokadrlar Türkiyə telekanalları ilə nümayiş etdirildiyi zaman xalq Türkeşlə Elçibəyin əl-ələ tutaraq “boz qurd” işarəsi verdiklərini görüb, ondan sonra bu jest bütün türk dünyasında məşhurlaşmağa başlayıb.
Bu barədə Türkiyə mediasında da uyğun materiallar gedib və getməkdədir. Türkeş həmişə deyirmiş ki, “boz qurd” işarəsi azərbaycanlı qardaşlarımızın hədiyyəsidir.

Hər necə olsa da, bu işarənin 1970-80-ci illərdə Türkiyədə baş verən qanlı olaylara aidiyyatı yoxdur. Yəni türkiyəli “bozqurdlar” solçularla dalaşarkən heç də bunu “boz qurd” işarəsi tutaraq etməyiblər. Bu işarə hansısa ekstremal hadisələrdə təhrikçi simvol kimi istifadə edilməyib.

xorer.JPG (43 KB)

Sadəcə, boz rəngli qurd, canavar türk xalqlarının totemidir. Ona qalsa, hər xalqın öz totemi var: şir İran dövlətinin, ayı və ikibaşlı qartal Rusiyanın, alovlu əjdaha çinlilərin, xoruz fransızların, dəvə ərəblərin, inək indusların totemidir. Fransanın futbol komandasının heyəti indinin özündə də meydançaya xoruz şəkli əks olunmuş köynəklərlə çıxır. (Rusiyadakından fərqli olaraq xoruz Fransada döyüşkənliyi simvolizə edir – indi bu, çoxmu nümunəvi simvoldur?).

Axtarsan, hansısa yırtıcı, döyüşkən heyvanı öz toteminə çevirən. simvollaşdıran xalqların, dövlətlərin sayı-hesabı yoxdur. Bizim də bəxtimizə boz qurd düşüb və o heç də ayıdan, şirdən, qartaldan, xoruzdan qeyrətsiz heyvan deyil.

Ona görə də Avropa ölkələrinin bu işarədə irqçilik, irticaya təşviq elementləri axtarması əbəs işdir. Futbolçunun beş barmağı ilə qurd başını xatırlatması kimlərisə parçalamaq üçün çağırış-filan deyil.

Fəqət, onu da nəzərə almaq lazımdır ki, Avstriyada doğulmuş Adolf Hitlerin bütün dünyanın başına oyun açaraq, 50 milyondan artıq insanın ölümünə, yarım milyard insanın faciəsinə səbəb olmasından sonra Avstriya hər cür millətçilik təzahürünə həssas yanaşır. Bu və digər ölkələrdə “Hitler salamı” vermək və ya “hayl Hitler” şüarı qışqırmaq da yasaqdır.

Avstriya parlamentinin qəbul etdiyi “Simvollar haqqında” qanun layihəsində “boz qurd” işarəsi terrorçu PKK qruplaşmasının rəmzi ilə eyni siyahıya daxil edilib.

4 il öncə “Cümhuriyyət” qəzetində çıxanda məqalədə qeyd olunur ki, İranda dərsliklərə “boz qurd” işarəsini radikal pantürkizm ideologiyasının simvolu kimi göstərən mətn salınıb, orta məktəbdə tədris edilən “İctimai kimlik” kitabında belə bir qeyd var: ““Bozqurd” Türkiyədə aşırı millətçiliyin simvoludur. İslam dünyasında pantürkizm və panərəbizm ideologiyaları, pangermanizm və panislamizmə oxşar ideyalar daşıyır. Bu ideyalar islama uyğun deyil”.

Göründüyü kimi, Şərqdə, Qərbdə, Şimalda, və Cənubda türkçülük ideyasını xor görürlər. Əcəba, nədən? Rəqiblərinin güclü və mütəşəkkil olmasını istəmirlər, ondan.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR