Onlayn ictimai-siyasi qəzet
Bu gün Ermənistanın İstiqlaliyyət Bəyannaməsinin qəbul edilməsindən 36 il ötür. 23 avqust 1990-cı ildə qəbul edilən sənəd Ermənistanın SSRİ-dən ayrılaraq müstəqilliyə doğru getməsinin əsas siyasi-hüquqi sənədlərindən biri olsa da, onun giriş hissəsində Azərbaycana qarşı açıq ərazi iddiası olan Qarabağ məsələsinə birbaşa istinad yer alıb.
Musavat.com xəbər verir ki, bəyannamənin preambulasında Ermənistan SSR Ali Sovetinin və keçmiş Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu ildə qəbul etdiyi “Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərara birbaşa istinad edilir.
Beləliklə, Ermənistan hələ SSRİ mövcud olduğu dövrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı özünə birləşdirmək istiqamətində qəbul edilmiş qərarı müstəqilliyə gedən yolun əsas sənədlərindən birinin giriş hissəsinə daxil etmişdi. Bu, sonrakı işğalçılıq siyasətinin hüquqi-siyasi əsaslarından birinə çevrilən açıq ərazi iddiası idi.
Bəyannamədə Ermənistan SSR Ali Soveti erməni xalqının iradəsini ifadə etdiyini, millətlərin öz müqəddəratını təyin etmək hüququnu rəhbər tutduğunu bildirir və Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında 1 dekabr 1989-cu il qərarına əsaslanaraq müstəqil dövlətçiliyin yaradılması prosesinin başlandığını elan edir.
Sonrakı hadisələr bu siyasətin Azərbaycan üçün hansı ağır nəticələr doğurduğunu göstərdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları silahlı təcavüzə və işğala çevrildi. 1990-cı illərin əvvəllərində Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan qüvvələri tərəfindən işğal edildi, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiqlədi və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb etdi.
Azərbaycan torpaqlarının böyük hissəsi 30 ilə yaxın işğal altında qaldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin mühüm hissəsini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra isə Azərbaycan bütün suveren ərazisində konstitusiya quruluşunu bərpa etdi.
36 il keçib, problem yaradan istinad isə qalır
Məsələnin bu gün yenidən gündəmə gəlməsinin əsas səbəbi Ermənistanın 1990-cı il Bəyannaməsinin preambulasında Qarabağla bağlı həmin qərara istinadın qalmasıdır.
Ermənistanın mövcud Konstitusiyasının preambulasında da İstiqlaliyyət Bəyannaməsində təsbit olunmuş Ermənistan dövlətçiliyinin fundamental prinsipləri və ümummilli məqsədləri əsas götürülür. Rəsmi Bakı məhz bu hüquqi bağlantıya diqqət çəkərək Ermənistanın qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarına zəmin yarada biləcək müddəaların tam aradan qaldırılmasını tələb edir.
Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə Ermənistan Konstitusiyasında İstiqlaliyyət Bəyannaməsinə istinad olduğunu, Bəyannamədə isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı qərara istinad edildiyini bildirib.
Bakı üçün məsələ yalnız 36 il əvvəl qəbul edilmiş sənədlə bağlı tarixi mübahisə deyil. Azərbaycanın mövqeyi qətidir: Ermənistan həqiqətən Azərbaycanla davamlı sülh istəyirsə, ölkənin hüquqi bazasında Azərbaycanın ərazi bütövlüyünü gələcəkdə şübhə altına almağa imkan verə biləcək heç bir əsas qalmamalıdır.
İrəvan nə vaxt imtina edəcək?
Son dövrlərdə Nikol Paşinyan hakimiyyəti də bu məsələyə əvvəlkindən fərqli münasibət göstərməyə başlayıb. Paşinyan 2025-ci ildə İstiqlaliyyət Bəyannaməsinin Qarabağ hərəkatının güclü təsiri altında formalaşdığını bildirmişdi. 2026-cı ildə isə Ermənistanın hazırlanacaq yeni Konstitusiyasında İstiqlaliyyət Bəyannaməsinə istinadın olmamalı olduğunu açıqlayıb.
Lakin Azərbaycan üçün siyasi bəyanatlardan daha vacibi bunun hüquqi müstəvidə rəsmiləşdirilməsidir. Ermənistanın Azərbaycana qarşı keçmiş ərazi iddiaları və işğalçılıq siyasəti ilə bağlı hüquqi-siyasi mirasından birmənalı şəkildə imtina etməsi Bakı ilə İrəvan arasında davamlı sülhün əsas şərtlərindən biridir.
36 il əvvəl qəbul edilmiş Bəyannamənin girişində Qarabağın Ermənistanla birləşdirilməsini nəzərdə tutan qərara istinad edilmişdi. Ardınca Azərbaycan torpaqlarının təxminən 30 il davam edən işğalı gəldi. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
İndi növbə İrəvandadır: Ermənistan 36 il əvvəl dövlət sənədinə daxil etdiyi Qarabağ iddiasının və Azərbaycana qarşı ərazi iddialarına söykənən hüquqi-siyasi mirasın üzərindən nə vaxt birdəfəlik xətt çəkəcək?
Musavat.com
![]()
24 Avqust 2026
04:30 Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ