Onlayn ictimai-siyasi qəzet
Rusiyada yeni səfərbərlik dalğasına hazırlıq əlamətləri müşahidə olunur. Qərb kəşfiyyatının məlumatına görə, ölkənin müxtəlif bölgələrində mümkün mobilizasiya üçün hazırlıq tədbirləri keçirilir. Ukrayna Prezidenti Volodimir Zelenski isə Moskvanın 2026-cı il üçün əlavə 300 min nəfəri orduya cəlb etməyi planlaşdırdığını bildirib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) Qərb kəşfiyyatındakı mənbələrinə istinadla yazıb.
Mənbələrin məlumatına görə, iyul ayında Kalininqrad vilayətində mümkün səfərbərlik zamanı tətbiq ediləcək prosedurların məşqi keçirilib. Təlim zamanı səfərbər olunan şəxslərin harada yerləşdirilməsi, onların ərzaq və silahla təmin edilməsi kimi məsələlər sınaqdan keçirilib.
WSJ-nin kəşfiyyat mənbələri bildiriblər ki, Kalininqraddakı tədbirlər istisna deyil. Oxşar hazırlıqlar Rusiyanın müxtəlif bölgələrində mümkün səfərbərlik elanına hazır olmaq məqsədilə aparılır.
Bununla belə, nəşrin həmsöhbətləri Kremlin yeni səfərbərlik barədə hələ yekun qərar vermədiyini bildirirlər. Onların fikrincə, belə bir qərarın sentyabrın sonunda keçiriləcək Dövlət Duması seçkilərindən əvvəl qəbul edilməsi ehtimalı azdır.
Lakin vəziyyəti dəyişə biləcək əsas amil cəbhədəki canlı qüvvə problemidir. WSJ yazır ki, son aylarda Moskva döyüşlərdə ölən və yaralanan hərbçilərin yerini doldurmaq üçün kifayət qədər yeni müqaviləli hərbçi cəlb edə bilmir. ABŞ və Avropa rəsmilərinin fikrincə, böyük itkilər və Vladimir Putinin bütün Donbası ələ keçirmək niyyətindən geri çəkilməməsi Kreml qarşısında yeni səfərbərlik dalğasını qaçılmaz seçimə çevirə bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski də bazar günü Rusiyada hazırlıq getdiyini bildirib. Onun sözlərinə görə, Moskva “periferik səfərbərlik” modeli üzərində işləyir.
Zelenski iddia edib ki, Rusiyanın məqsədi 2026-cı il üçün əlavə 300 min nəfər toplamaqdır və planlar 2027-ci ili də əhatə edir.
Kalininqradın hazırlıqlar üçün seçilməsi ayrıca diqqət çəkir. Qərb kəşfiyyatındakı mənbələr son vaxtlar Rusiyanın Qərblə mümkün hərbi eskalasiya zamanı Suvalki dəhlizinə yönələ biləcəyi barədə xəbərdarlıq edirlər. Polşa və Litva ərazisindən keçən bu strateji zolaq Kalininqradla Rusiyanın müttəfiqi Belarus arasındadır və NATO-nun Baltik ölkələri ilə quru əlaqəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Diqqətçəkən başqa bir hadisə iyulun 1-də baş verib. Putin həmin gün gözlənilmədən Rusiya Təhlükəsizlik Şurasının Kalininqrad vilayətinə həsr olunmuş növbədənkənar iclasını keçirib. Rəsmi açıqlamada iclasın sosial məsələlərə həsr edildiyi bildirilsə də, toplantının adi qrafikdən kənar keçirilməsi diqqət çəkmişdi.
WSJ hesab edir ki, yeni səfərbərlik Rusiya ordusunun canlı qüvvə imkanlarını artıraraq Ukraynanın nəzarətində qalan Donetsk vilayətinin iki böyük şəhəri – Kramatorsk və Slavyansk istiqamətində hücumları gücləndirə bilər.
Lakin Karnegi Fondunun baş elmi əməkdaşı, hərbi ekspert Maykl Kofman bunun 2026-cı ildə həlledici nəticə yaradacağına şübhə edir. Onun fikrincə, payızda elan ediləcək səfərbərliyin real hərbi təsiri daha çox 2027-ci ildə hiss oluna bilər.
Kofman qeyd edir ki, Moskvanın məqsədi Donbasın qalan hissəsini məhz bu il ələ keçirmək idisə, yeni qüvvələrin hazırlanması üçün səfərbərlik bir neçə ay əvvəl keçirilməli idi.
Beləliklə, WSJ-nin məlumatları hələ yeni səfərbərliyin elan edildiyini göstərmir. Ancaq Rusiyanın müxtəlif bölgələrində bunun üçün prosedurların məşq edilməsi və canlı qüvvə çatışmazlığı Kremlin belə bir addıma hazırlaşdığı barədə ehtimalları gücləndirir.
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ