İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanklar Moskvada, Qorbaçov mühasirədə, Səddam Hüseyn isə... – SSRİ-nin sonunu gətirən üç gün

1991-ci ilin avqustunda SSRİ-də hakimiyyəti ələ keçirmək cəhdi cəmi üç gün davam etdi, lakin bu üç gün Sovet İttifaqının taleyini dəyişdirdi.

Musavat.com xəbər verir ki, "Kommersant" 1991-ci ilin avqust çevrilişi zamanı və sonrakı illərdə dərc etdiyi materialları bir araya gətirərək həmin tarixi hadisələrin geniş xronikasını təqdim edib.

19 avqust 1991-ci ildə SSRİ rəhbərliyində təmsil olunan bir qrup yüksək vəzifəli şəxs, o cümlədən vitse-prezident Gennadi Yanayev və DTK sədri Vladimir Kryuçkov Mixail Qorbaçovun səhhətinə görə SSRİ prezidenti vəzifəsini yerinə yetirə bilmədiyini elan etdilər.

Hakimiyyət yeni yaradılmış Dövlət Fövqəladə Vəziyyət Komitəsinə – QKÇP-yə verildi. Moskva və Rusiyanın digər iri şəhərlərinə hərbi qüvvələr yeridildi.

Buna cavab olaraq insanlar küçələrə çıxdılar. Üç gün davam edən çevriliş cəhdi uğursuzluğa düçar oldu və bu hadisə sovet hakimiyyətinin süqutunu daha da sürətləndirdi.

Çevrilişin ilk addımlarından biri hakimiyyətin nəzarətindən kənarda olan demokratik mətbuatın fəaliyyətinin məhdudlaşdırılması oldu. Nəşrlərin baş redaktorlarının həmin dövrdə yaydığı bəyanatda ölkədə konstitusiyaya zidd dövlət çevrilişinin həyata keçirildiyi bildirilirdi.

Hakimiyyəti ələ keçirməyə çalışan qüvvələrin ilk addımlarından biri özlərinə sərf etməyən mərkəzi və Moskva nəşrlərinin çapını qadağan etmək olmuşdu. Bəyanatda yenidənqurma dövrünün ən mühüm nailiyyətlərindən biri hesab edilən informasiya azadlığının ləğvinin çevrilişin məqsədini göstərdiyi vurğulanırdı.

WhatsApp Image 2026-08-22 at 20.57.08 (1).jpeg (188 KB)

19 avqust saat 04:30-da Fövqəladə Vəziyyət Komitəsinin üzvlərindən birinə yaxın olan şəxs Rusiya televiziyasının rəhbərliyindəki məsul şəxslərdən birinə zəng edərək hazırlanan çevriliş barədə xəbər vermişdi.

Buna baxmayaraq, televiziya redaksiyalarının əməkdaşları adi qaydada işə gəlmişdilər. Lakin məlum olmuşdu ki, yayım həyata keçirilməyəcək. "Ostankino"nun texniki direksiyasının tabeliyində olan televiziya ötürücüləri söndürülmüş, kanallar isə birinci proqramın yayımına qoşulmuşdu.

20 avqust axşamı Moskva Şurasında çıxış edən sədr əvəzi Sergey Stankeviç SSRİ prezidenti Mixail Qorbaçovun Krımın Foros burnundakı bağ evinin necə blokadaya alındığı barədə məlumat vermişdi. Qorbaçov faktiki olaraq xarici aləmlə əlaqədən məhrum edilmişdi.

Çevrilişin ilk səhərində Krasnopresnenskaya sahilində yerləşən Rusiya Sovetlər Evinin – Ağ evin ətrafında vəziyyət əvvəlcə sakit idi. Lakin günün ortalarından vəziyyət dəyişməyə başladı. Ağ evin qarşısında tanklar yerləşdirildi və mitinq başladı.

Rusiya prezidenti Boris Yeltsin tankın üzərinə çıxaraq çevrilişlə bağlı ilk açıq siyasi mövqeyini bildirdi. Əvvəlcə mitinqdə təxminən 3 min nəfər iştirak edirdi. Yeltsinin həbs ediləcəyi və Ağ evə hücum hazırlanması barədə xəbərlər yayıldıqca binanın müdafiəsi gücləndirildi.

Gecə saatlarında Ağ ev qarşısında artıq təxminən 10 min insan toplaşmışdı və barrikadalar qurulmuşdu. Ertəsi gün isə Moskvada faktiki olaraq könüllü xalq müdafiə dəstələrinin yaradılması prosesi başlanmışdı.

19 avqust axşamı Ağ evin müdafiəçiləri arasında Yeltsinin tərəfinə keçdiyi bildirilən tankların parlament binasına doğru hərəkət etdiyi xəbəri yayılmışdı. Tanklar çiçəklərlə qarşılanmışdı. Saat 23:00 radələrində beş tank barrikadaların xüsusi olaraq açılmış hissəsindən keçərək əraziyə daxil olmuşdu.

QKÇP rəhbərliyi baş verənləri beynəlxalq ictimaiyyətə izah etməyə çalışırdı. SSRİ rəhbərliyi adından dövlət və hökumət başçılarına, eləcə də BMT-nin baş katibinə müraciət göndərilmişdi.

Lakin Qərb liderlərinin demək olar ki, hamısı 19 avqust hadisələrini dövlət çevrilişi kimi qiymətləndirərək pisləmişdi. Avropa ölkələrinin xarici işlər nazirləri SSRİ-dəki vəziyyəti müzakirə etmiş və Sovet İttifaqına irimiqyaslı yardımın dondurulması məsələsini gündəmə gətirmişdilər.

WhatsApp Image 2026-08-22 at 20.57.09.jpeg (217 KB)

"Kommersant" həmin dövrdə bununla bağlı materialını Səddam Hüseynin QKÇP-ni tanıması və bunu edən yeganə lider olması vurğusu ilə təqdim etmişdi.

Avqustun 20-dən 21-nə keçən gecə vəziyyət ən kritik mərhələyə çatdı. Moskvanın Çaykovski küçəsində qurulmuş barrikadaların yaxınlığında 23 yaşlı Dmitri Komar, 28 yaşlı İlya Kriçevski və 37 yaşlı Vladimir Usov həlak oldular.

21 avqust səhərinə doğru isə QKÇP-nin hakimiyyəti ələ keçirmək cəhdinin uğursuzluğa düçar olduğu aydınlaşdı. Komitə nə ölkə üzərində tam siyasi nəzarət yarada, nə də müqavimət mərkəzlərini sıradan çıxara bildi.

Çevrilişin məğlubiyyətindən dərhal sonra SSRİ-də siyasi qüvvələr balansı kəskin dəyişdi. 21 avqustda Moskva meri Qavriil Popov Kommunist Partiyasının Moskva şəhər komitəsinin əmlakının milliləşdirilməsi barədə qərar qəbul etdi.

23 avqustda Boris Yeltsin Sovet İttifaqı Kommunist Partiyasının Rusiya ərazisində fəaliyyətinin dayandırılması haqqında fərman imzaladı.

Avqust hadisələrindən sonra bir neçə yüksək vəzifəli kommunist intihar etdi. Onların arasında Sov.İKP Mərkəzi Komitəsinin işlər müdiri Nikolay Kruçina və SSRİ prezidentinin müşaviri, marşal Sergey Axromeyev də var idi. Həbs olunan QKÇP üzvləri isə istintaq təcridxanasına göndərildilər.

Çevrilişdən sonrakı günlərdə ölkənin siyasi sistemi sürətlə dəyişməyə başladı. "Kommersant" 2 sentyabr 1991-ci ildə yazırdı ki, çevrilişdən sonrakı on gün ərzində ölkədə əvvəlki on ildə olduğundan daha çox dəyişiklik baş verib.

Kommunist Partiyasından gömrük sisteminə qədər ənənəvi sovet strukturlarının demək olar heç biri əvvəlki səlahiyyətlərini tam şəkildə qoruya bilməmişdi. SSRİ-nin mülkiyyətinin böyük hissəsi prezidentin fərmanı ilə Rusiya yurisdiksiyasına keçirilmişdi.

İllər sonra avqust çevrilişinin ən müəmmalı məsələlərindən biri də SSRİ prezidentinin nüvə çamadanının həmin günlərdə harada olması oldu. 2011-ci ildə Rusiyanın keçmiş baş prokuroru Valentin Stepankov bu məsələ ilə bağlı təfərrüatlar açıqlamışdı.

1991-ci ilin avqustunda SSRİ-ni qorumaq məqsədilə başladılan çevriliş cəhdi nəticədə tam əks effekt verdi. QKÇP cəmi üç gün ərzində məğlub oldu, Kommunist Partiyasının hakimiyyəti sarsıldı, Boris Yeltsinin siyasi mövqeyi gücləndi və ittifaq respublikalarında müstəqillik prosesləri sürətləndi.

SSRİ avqust hadisələrindən sonra formal olaraq daha dörd ay mövcud oldu. 1991-ci ilin dekabrında isə Sovet Sosialist Respublikaları İttifaqının mövcudluğuna rəsmən son qoyuldu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR