Onlayn ictimai-siyasi qəzet
Hindistanın şərqindəki Odişa ştatının Paradip liman sahillərindən 240 dəniz mili aralıda, Benqal körfəzində Panama bayrağı altında üzən və Çin heyətindən ibarət yük gəmisi batıb.
Musavat.com xəbər verir ki, bu barədə avqustun 22-də "Press Trust of India" agentliyi rəsmilərə istinadən məlumat yayıb.
Göyərtəsində 24 heyət üzvü olan gəmi Odişadan Sinqapura dəmir filizi daşıyırmış. Avqustun 20-də gəmi Paradip limanına daxil olub, daha sonra yoluna davam edib.
Hadisədən sonra Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb. Ərazidə olan digər gəmilərə də xilasetmə işlərinə köməklik göstərilməsi ilə bağlı xəbərdarlıq göndərilib.
Yerli polisin nümayəndəsi agentliyə bildirib ki, hakimiyyət orqanları hələlik neçə nəfərin xilas edildiyini müəyyənləşdirməyə çalışır.
"Dənizçilərin böyük əksəriyyəti Çin vətəndaşlarıdır", - deyə o əlavə edib.
Qeyd olunur ki, "MV Ocean Winner" gəmisinin göyərtəsində 20 Çin, 3 Myanma və 1 Banqladeş vətəndaşı olmaqla ümumilikdə 24 heyət üzvü olub.
Rəsmi şəxslərin sözlərinə görə, onlardan 2 nəfəri xilas edilib, 22 nəfər isə itkin düşüb.
Hazırda Hindistan Sahil Mühafizəsi tərəfindən xilasetmə əməliyyatı davam etdirilir.
Gəminin batmasına səbəb olan dəqiq şərait hələlik müəyyən edilməyib.
Musavat.com
23 Avqust 2026
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ