İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın 5 illik “Yol xəritəsi” – Bakının TƏK gözləntisi

Xəbər verildiyi kimi, Ermənistan hökuməti ölkənin 2026–2031-ci illər üzrə inkişaf proqramını açıqlayıb. Sənəddə Azərbaycan və Türkiyə ilə münasibətlərə dair əsas siyasət istiqamətləri də yer alıb. Proqrama əsasən, Ermənistan hakimiyyəti Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası istiqamətində işləri davam etdirmək niyyətindədir.

Bundan əlavə, İrəvan iki ölkənin vətəndaş cəmiyyətləri arasında təmasları aktivləşdirmək, Ermənistan və Azərbaycan biznesi arasında əlaqələri inkişaf etdirmək və ikitərəfli ticarətin həcmini artırmaq niyyətindədir. Ermənistan sülhün institutsionallaşdırılması çərçivəsində növbəti beş il ərzində Azərbaycanla ticarət əlaqələri qurmağı nəzərdə tutur. Türkiyəyə gəldikdə isə proqramda diplomatik münasibətlərin qurulması və Ermənistan-Türkiyə sərhədinin açılması nəzərdə tutulur.

Sənəddə Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi planlarından da bəhs olunur. Layihənin ictimai müzakirəyə çıxarılması, daha sonra isə referendumun keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Nikol Paşinyan və digər erməni rəhbərlər beynəlxalq tribunalarda sülhə hazır olduqlarını dəfələrlə bəyan etsələr də, əsas maneəni aradan qaldırmaq üçün konkret addım atmayıblar. Problem sülh müqaviləsinin mətnində deyil, sülh prosesini başa çatdırmaq üçün Ermənistan hakimiyyətinin siyasi iradəsinin yetərsizliyindədir.

Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar var. Bakı bu müddəaların çıxarılmasını sülhün yeganə şərti kimi irəli sürməkdə tamamilə haqlıdır və bu mövqe dəyişməzdir. İrəvan Vaşinqton Bəyannaməsi ilə bu öhdəliyi üzərinə götürsə də, prosesi ləngidir. Keçən ilin sonlarında yeni konstitusiya layihəsinin bu ilin martında ictimai müzakirəyə çıxarılacağı bildirilsə də, məsələ ilin sonuna saxlanıldı.

Bəs bu fonda erməni hökumətinin yeni proqramı, xüsusən ticarətin bərpası ilə bağlı nəzərdə tutulan planın tezliklə reallaşması nə dərəcədə mümkündür? İki ölkə arasında ticari əlaqələrin bərpası sülh müqaviləsinin imzalanmasından önə keçə bilərmi və ya onu sürətləndirə bilərmi?

Proqramdan danışan Paşinyan deyib ki, İrəvan və Bakı tərəfindən razılaşdırılan delimitasiya prinsipinə əsasən, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisinə daxil deyil. Yəni, Azərbaycana qaytarılmalıdır. Nə vaxt? Ümumiyyətlə, Bakıda Ermənistan hökumətinin 5 ilik "yol xəritəsi" necə qiymətləndirilir və əsas gözlənti nədir?

Oqtay Qasımov: "Dünyada terroru bitirmək bugünkü şərtlərdə mümkün deyil”

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Ermənistan hökumətinin ölkənin 2026–2031-ci illər üzrə inkişaf proqramı xüsusi diqqət çəkən məqamlarla zəngindir: “Bunların içərisində Azərbaycanla münasibətlər istiqaməti bizim üçün çox maraqlıdır. Paşinyan çıxışında da bildirdi ki, Ermənistan hökuməti sülh prosesinə sadiqdir və onu irəlilətmək, sülh prosesini institutlaşdırmaq niyyətindədir. Yəni sülh müqaviləsinin imzalanmasını istəyir.

Anklav kəndlərin Azərbaycana qaytarılmalı olduğunu Nikol Paşinyan çıxışında da dedi. Lakin kəndlərin qaytarılmasının dəqiq zamanını qeyd etmək çətindir. Bu məsələ prosesin tərkib hissəsi olaraq həllini tapacaq. Razılaşmaya görə, delimitasiya və demarkasiya prosesi şimaldan cənuba doğru həyata keçiriləcək. Yəni, Qazax rayonu ərazisindən başlayaraq Zəngilana qədər. Bu o deməkdir ki, proses davam etdirildiyi müddətdə anklav kəndlərin qaytarılması baş tutacaq. Nəzərə alsaq ki, Kərki istisna olmaqla həmin kəndlər Qazax rayonun kəndləridir, deməli o iki kəndin məsələsi heç də uzun çəkməyən müddətdə öz həllini tapmalıdır”.

Politoloq hesab edir ki, sülh müqaviləsi imzalanana qədər ikitərəfli iqtisadi, ticarət əlaqələrinin qurulması və genişlənməsi istiqamətində müəyyən addımlar atıla bilər: “Artıq müəyyən proses keçən ilin dekabrından başlayıb. Azərbaycan bu günə qədər 16 milyon dollar dəyərində yanacaq Ermənistana satıb. Bu, sülh müqaviləsi imzalanmadan başlanan bir prosesdir. Düşünürəm ki, sülh müqaviləsi imzalanan qədər də proses davam edəcək. Qarşıdakı dönəmdə Ermənistandan da Azərbaycana hansısa məhsulların satışı başlana bilər”.

Ekspert sonda qeyd edib ki, ümumən götürəndə Ermənistan hökumətinin 2026–2031-ci illər üzrə inkişaf proqramına münasibət müsbətdir: “Bakının əsas gözləntisi bu proqramda qeyd olunan məsələlərlə bağlı real addımların atılmasıdır. Xüsusilə də sülh müqaviləsinin tezliklə imzalanması üçün Ermənistanda konstitusiya dəyişikliyinin həyata keçirilməsidir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR