İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana GÖZLƏNİMƏZ zərbə - Tehran ən GÜCLÜ silahını İTİRİR?  

ABŞ Silahlı Qüvvələri İran hakimiyyəti ilə razılaşdırmadan Hörmüz boğazı vasitəsilə milyonlarla barel neftin daşınması üçün gizli dəhliz təşkil edib. Bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hər gün 15-20 tanker Oman sahilləri boyunca boğazın cənub kanalından keçir. Bu marşrutla Yaxın Şərqdən gündə təxminən 10 milyon barel neft ixrac olunur. Bildirilir ki, bu göstərici müharibədən əvvəlki səviyyənin təxminən yarısına bərabərdir.

“Biz artıq iki aydır Hörmüzün cənub hissəsinə nəzarət edirik. İslam İnqilabı Keşikçiləri Korpusu müəyyən problemlər yarada bilər, amma boğaza onlar nəzarət etmir. Bunu biz edirik”, - əməliyyat barədə məlumatlı mənbə “Axios”a bildirib.

Portalın məlumatına əsasən, ABŞ Silahlı Qüvvələrinin xüsusi koordinasiya qrupu əməliyyatı Vaşinqtonun Yaxın Şərqdəki tərəfdaşları ilə birgə həyata keçirir. Qrup hər gün Hörmüz boğazından keçməsi planlaşdırılan gəmilərin siyahısını hazırlayır. Bildirilir ki, gəmilərin hərəkəti gecə saatlarında ABŞ Hərbi Hava Qüvvələrinin qırıcılarının müşayiəti ilə həyata keçirilir.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-də ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmaları pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.

“Gizli dəhlizin” neft bazarına və qiymətlərinə yaxın-uzaq təsiri nə ola bilər? İranın qlobal iqtisadiyyata ən güclü təzyiq silahı əlindən alınır?

WhatsApp Image 2026-08-22 at 08.50.35.jpeg (73 KB)

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb: “İlk növbədə məsələyə bu rakursdan yanaşardım ki, ümumiyyətlə, “gizli dəhliz” ifadəsi doğru deyil. Çünki İran artıq uzun müddətdir ki, bütün hərbi və kəşfiyyat imkanları çərçivəsində diqqətini məhz bu boğaza yönəldib. Yəni İran faktiki olaraq bu boğazda müharibə şəraitindədir.

Belə bir şəraitdə hər gün 15-20 böyük tankerin, özü də ABŞ qırıcılarının müşayiəti altında, İranın xəbəri olmadan Hörmüz boğazından keçməsi necə mümkün ola bilər? Deyə bilərlər ki, müəyyən hücumlar olur, onların qarşısı alınır, gəmilər müdafiə olunur. Bunun müəyyən qədər inandırıcı tərəfi var. Amma bütün hallarda bu məlumatın olduğu kimi doğru olduğunu mən qəbul etmirəm. Bu, inandırıcı görünmür. Ona görə ki, İran uzaq məsafələrdə konkret hədəfləri müəyyənləşdirib vurmaq imkanına malikdir və bu gün bunu artıq nümayiş etdirir.

Hazırda bunu Rusiyanın və Çinin köməyi ilə, onlardan aldığı informasiya və digər texnoloji dəstəklər hesabına, o cümlədən hərbi və kosmik istiqamətlərdə əldə etdiyi imkanlardan istifadə etməklə həyata keçirə bilər. Bütün hallarda əsas məqam budur ki, İranda belə imkanlar var. Hörmüz boğazı isə İranın öz sahillərinin qarşısındadır və ölkə üçün ən strateji məkanlardan biridir. Buna görə də “gizli keçid” dedikdə tankerlərin İran tərəfindən, ümumiyyətlə, müşahidə edilməməsini real hesab etmirəm".

İqtisadçının fikrincə, burada sadəcə, tankerlərin keçid vaxtı, dəqiq marşrutu, hərbi müşayiətin necə təşkil olunması ilə bağlı məlumatların İrana əvvəlcədən məlum olmaması mümkündür: "Amma İran tankerləri görür və buna baxmayaraq onların keçidini dayandıra bilmirsə, bu, artıq məsələyə tamamilə başqa prizmadan yanaşmağı tələb edir.

Əgər hazırda faktiki olaraq ABŞ tərəfindən İranın razılığı olmadan tankerlərin keçidi təşkil olunursa və bu keçid hətta 10 milyon barel həcmində neft daşınması ilə müşayiət olunursa, bu artıq “gizli keçid” deyil. Birmənalı şəkildə deyirəm: bu, ABŞ-ın böyük ölçüdə Hörmüz boğazına nəzarət etməsi deməkdir. Eyni zamanda, bu, İranın həmin ərazidəki imkanlarının ciddi şəkildə zəifləməsini göstərir.

Əgər bu baş verirsə, bir daha qeyd edirəm ki, mən bunun həqiqətən baş verdiyini təsdiqləmirəm... Amma fərz edək ki, deyilənlər doğrudur və ABŞ 10 milyon barel həcmində neft daşıya bilir. Bunun gizli, yaxud açıq şəkildə, döyüşərək və ya hərbi müşayiət altında həyata keçirilməsindən asılı olmayaraq, gündəlik 10 milyon barel həcmində daşınma müharibədən əvvəlki səviyyənin təxminən yarısıdır. Bu isə Hörmüz boğazında mövcud risklərin aradan qalxması demək deyil. Əksinə, risk qalır. Əgər bu məlumat artıq ictimaiyyətə açıqlanıbsa, deməli, burada əvvəlki mənada heç bir “gizlilikdən” söhbət gedə bilməz. Məlumat açıqlandıqdan sonra həmin fəaliyyət artıq İranın potensial hədəfinə çevrilir”.

Bəs "qarşıdakı günlərdə vəziyyət hansı istiqamətdə inkişaf edəcək" sualına isə iqtisadçı bu cür cavab verib: "Mən düşünürəm ki, ABŞ bu məlumatı yaymaqla təkcə öz fəaliyyətini nümayiş etdirmək istəmir. Eyni zamanda, İranın zəifliyini, onun kəşfiyyat və informasiya imkanlarının məhdudlaşdığını, nəzarət mexanizmlərinin əvvəlki qədər effektiv olmadığını göstərmək məqsədi də ola bilər. Belə desək, yanılmarıq. Hesab edirəm ki, bu, təsadüfən ortaya çıxmış informasiya deyil. Bəlkə də bu məlumat İranın nəzarət mexanizmlərinin zəiflədiyini göstərmək məqsədilə qəsdən ictimaiyyətə sızdırılıb. Əgər belədirsə, burada hərbi əməliyyatdan əlavə, ciddi informasiya və psixoloji müharibə elementlərinin də olduğunu düşünmək olar”.

Eldəniz Əmirovun fikrincə, ABŞ və İran arasında mövcud münaqişə uzun müddət davam edə bilər: “ABŞ öz məqsədlərinə nail olmayana qədər İrandan əl çəkməyəcək. Bu, Vaşinqtonun uzunmüddətli xarici siyasətində və digər ölkələrə münasibətdə dəfələrlə müşahidə etdiyimiz bir ssenaridir. İran isə təbii ki, geri addım atmaq niyyətində deyil. Hazırda Tramp tərəfindən İrana qarşı iqtisadi müharibə elan olunub. Düşünürəm ki, əgər Trampın elan etdiyi iqtisadi müharibə real şəkildə həyata keçirilərsə, bu, İrana qarşı ən ciddi təzyiq vasitələrindən birinə çevrilə və ölkə üçün hərbi qarşıdurmadan daha dağıdıcı nəticələr doğura bilər.

Bütün bunları nəzərə alaraq, mövcud vəziyyət onu deməyə əsas verir ki, yaxın perspektivdə ucuz neftdən danışmaq hələ tezdir. Əksinə, ABŞ-İran qarşıdurmasının davam etməsi, xüsusilə də Hörmüz boğazında risklərin qalması neft bazarında qiymətlərin yüksək olmasına gətirə bilər".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR