Onlayn ictimai-siyasi qəzet
Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqlarının irəliləməsinə qoyduğu 17 aylıq vetonu gözlənilmədən geri götürüb.
Musavat.com xəbər verir ki, nüfuzlu "Financial Times" nəşrinin yazdığına görə, Budapeştin yeni hökuməti həm Ukrayna, həm də qonşu Moldova ilə rəsmi üzvlük danışıqlarının başlanmasına icazə verəcəyinə dair yaşıl işıq yandırıb.
Nəşr qeyd edir ki, Macarıstanın mövqeyindəki bu kəskin dəyişiklik dünən Aİ səfirlərinin Brüsseldə keçirilən görüşünün sonunda baş verib. Bu qərar iyunun 15-nə qədər - cəmi 11 gün ərzində danışıqların ilk mərhələsinin (klasterinin) rəsmən açılması üçün zəruri olan texniki proseslərin sürətləndirilməsinə səbəb olub.
Danışıqlarda iştirak edən avropalı diplomatlardan biri mövcud vəziyyəti belə şərh edib: "Biz bu anı çox uzun müddət gözlədik, indi isə tarix sürətlə dəyişir".
Xatırladaq ki, 2025-ci ilin yanvarında Avropa Komissiyası milli qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılması üçün rəsmi danışıqlara başlamağı tövsiyə etsə də, bu addım Macarıstanın keçmiş baş naziri Viktor Orban tərəfindən bloklanmışdı.
Lakin Orbanın xələfi, Macarıstanın hazırkı baş naziri Peter Macarın dünən axşam qəbul etdiyi qərar Ukrayna və Moldova üçün danışıqların iyunun 15-də başlamasına yol açır.
Macar verdiyi bəyanatda bildirib ki, Budapeşt Ukraynadakı macarıstanlı azlığın dil, təhsil, mədəniyyət və siyasi hüquqlarının genişləndirilməsinə dair Kiyevlə "hərtərəfli razılaşma" müqabilində bu prosesi dəstəkləyəcək. Sözügedən razılaşma Kiyev, Budapeşt və Brüssel arasında həftələrlə davam edən intensiv danışıqların, həmçinin Aİ-nin digər dövlətlərinin Orban rejimindən fərqli siyasət nümayiş etdirməsi üçün Macara göstərdiyi diplomatik təzyiqin nəticəsidir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ