İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onların yanında xoşbəxtəm, niyə xiffət çəkim?” – Səkinə İsmayılova

Bu gün Xalq artisti Səkinə İsmayılovanın doğum günüdür. Muğam ifaçısı 70 yaşını qeyd edir.

Musavat.com sənətçinin özəl günü ilə bağlı təəssüratlarını öyrənib:

-Səkinə xanım, necəsiniz? Doğum gününüzü necə qeyd edirsiniz?

- Əlayam. Doğum günümü ailəmlə birlikdə keçirəcəyəm. Hamımız bir süfrə arxasında əyləşəcəyik. Mən heç vaxt təmtarağı sevməmişəm. Ailə ilə birgə olmaq mənə o qədər xoşdur ki... Onların yanında xoşbəxtəm.

-Sizi xoşbəxt insan hesab etmək olar?

- Əlbəttə. Sənətimi sevirəm. İnsanlar məni sevir. Bütün bunlar mənə xoşbəxt insan olduğumu deməyə imkan verir. Daimi xoşbəxtlik isə yoxdur. Bu sadəcə anlardan ibarət olur.

-Kişilər haqqında deyirlər: “Yaş kişinin var-dövlətidir”. Bəs qadınlar üçün yaş nə deməkdir?

-Yaş mənim üçün ömürdür, həyatdır. Baxır ömrü necə keçirmisən. Mən həyatım və ömrümlə fəxr edirəm.

-Adətən insanlar müəyyən yaşdan sonra keçmişin xiffətini çəkir. Bəs siz?

-Heç vaxt keçmişin həsrətini çəkməmişəm (gülür). Allaha bağlı insanam. O, nə günlər, aylar yazıbsa, hamısı gözəldir və qismətimizdir. Nəyin xiffətini çəkim? Həyat budur: bir gün gülürsən, bir gün qəmlənirsən.

-Ömrü haqq-hesab edəndə ən çox hansı günləri xatırlayırsınız?

-Ömrümü tərəziyə qoymuram. Tərəziyə qoyulası mənim sənətimdir, bu da xalqa məlumdur.

-Özəl gününüzdə kim zəng etsə və ya sizi gəlib təbrik etsə, ürəyinizə yağ-bal kimi yayılar?

-Bu gün məni təbrik etməyən qalmadı. (gülür).

-Bəs özünüz özünüzü təbrik etdiniz?

-Bu gün sübhdən durdum, imsakı açdım və bütün zənglərə cavab verməyə başladım. Özümün özümlə danışmağa heç vaxtım qalmadı.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR