İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: “Qızlar oğlanları keçdi” demək düzgün deyil

Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrində Azərbaycan üzrə qız və oğlan şagirdlərin riyazi savadlılıq göstəriciləri ilə bağlı diqqətçəkən məqamı açıqlayıb.

Musavat.com-un xəbərinə görə, nazir bildirib ki, Azərbaycanda ilk dəfə 15 yaşlı qızların riyazi savadlılıq üzrə nəticələri oğlanları üstələyib.

“Riyazi savadlılıqda ilk dəfədir ki, qızlar oğlanları keçir. Biz 15 yaşlılar arasında bunu əvvəllər heç vaxt görməmişdik. İndiki mərhələdə gördüyümüz odur ki, qızların nəticələri oğlanların nəticələrini üstələməyə başlayıb”, – deyə Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, məsələyə “qızlar oğlanları keçdi” prizmasından yanaşmaq düzgün deyil. Onun fikrincə, əsas sual 15 yaşlı oğlanların riyaziyyat üzrə nəticələrinin niyə zəifləməsidir.
“Burada əsas sual qızların daha yaxşı nəticə göstərməsi deyil, oğlanların tədrisi və təhsili məsələsidir. Dünyaya fikir versəniz, oğlanlar təxminən 10 bal daha yaxşı nəticə göstərirlər. Bizdə isə nə baş verib? 15 yaşlı yeniyetmə oğlanların riyaziyyat öyrənməsi ilə bağlı nə baş verib? Sual budur”, – nazir vurğulayıb.

Emin Əmrullayev bu məsələnin müəllimlər, Təhsil İnstitutu və təhsil ictimaiyyəti tərəfindən araşdırılmasının vacibliyini qeyd edib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR